Bakı 13˚C Mostly sunny

"Qarabağda nə alban, nə də erməni mədəniyyəti yoxdur, hamısı türkdür" - Fəxrəddin Miralay

Eksklüziv 16:23 14 okt, 2021

Fəxrəddin Miralay Qarabağın bərpasında gözdən qaçırdığımız məqamlara toxunub

"Qarabağda nə alban, nə də erməni mədəniyyəti yoxdur, hamısı türkdür" - <span style="color:red">Fəxrəddin Miralay</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 27-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın ustad memarı Fəxrəddin Miralay Qarabağda olan tarixi abidələr və yenidən bərpa işlərilə bağlı Qazet.az-a müsahibə verib.

 

–  Müharibənin başlayacağına ümidiniz varmıydı və 27 sentyabr tarixini necə xatırlayırsınız?
–  Açığı, mən ayın 27-dən də öncə Tovuzda təxribat nəticəsində general Polad Həşimovun şəhid olması və Bakıda insanların küçələrə çıxıb “Qarabağ Azərbaycandır” deməsilə anlamışdım ki, müharibə artıq başlayır. Xalqın dövlətdən, Ali Baş Komandandan tək tələbi müharibəni başlaması idi. Düzdür, həmin vaxtı Ali Baş Komandan bir söz işlətdi ki, “mən nəyin, hansı vaxt olacağını yaxşı bilirəm”. Ancaq xalqın birliyi Ali Baş Komandanda ruh yüksəkliyi yaratdı. Bu da müharibənin başlamasına əsaslı təkan verdi. Burada artıq iqtidar-müxalifət, güclü-zəif, yaxşı-pis, varlı-kasıb söhbəti yox idi. Hər kəs bir yumruq olub, tək hədəfə vururdu. 
Alınımızda olan məğlubiyyət ləkəsi götürüldü ki, bax, həmin qələbə günü və həmin 44 gün ərzində çox həssas hisslərin olduğu anlar oldu. Düzdür, mən hərbçi deyiləm, amma deyə bilərəm ki, 44 gün ərzində hərbi nöqteyi-nəzərdən bir çox işlər görüldü və nəticədə hər kəsi sevincə qərq edən zəfəri qazandıq. Zəfər dolu günlər mənim yadımdan ömrümün sonuna kimi çıxa bilməz. Çünki biz birlik olub, bu günlərdə çox işlər gördük. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.
İstər ön cəbhədə, istər arxa cəbhədə Azərbaycan birlik oldu və müharibənin elə bir məqamı varıydı ki, artıq arxa cəbhə söhbəti də qalmamışdı. İnsanlar müharibə üçün əlindən gələn hər şeyi edirdi. Bu isə çox sevindirici hal idi.

Aşağı Gövhər Ağa Məscidi (Şuşa)

–  Otuzillik əsarət zamanı Qarabağdakı tarixi abidələrimiz erməni vandalizminə məruz qalıb. Bizim tarixi mədəniyyətimizə olan zərbəni necə qiymətləndirisiniz?
–  Bizim həm xristian, həm də islamı dəyərlərdə olan abidələrimiz var. Amma buna baxmayaraq biz müsəlmanıq deyə illərdir xristian abidələrimizə dırnaqarası yanaşırıq. Elə bir hal yaratdıq ki, günümüzdə belə mənsubiyyətindən asılı olmayaraq hər kəsin gəlib xristian abidələrimizdə dini ibadətlərini etmələrinə icazə verdik. Əslində isə bu belə olmalı deyil. Mən bunun mütəxəssisiyəm və bunu çox yaxşı bilirəm. Düşünün, 70 ildir bizim elm sahəmiz Moskvanın dediyini edir. Bu müddətdə bizim elmimiz, ancaq Alban arxitekturası deyilən bir sahələ məşğul olub. Azərbaycan Alban deyil. Bəli, Albanlar 26 tayfadan ibarət idi və onların bir neçəsi türk dilli tayfalarıydı, amma alban adında bir millət yoxdur, alban adında mədəniyyət yoxdur. Orada yerləşən abidələrin hamısının üzərində yazılar var. Yazıların hamısı “Qıpçaq dili”ndə yazılıb. Ermənistanın özündə “Qıpçağavank” deyilən monastır var. Ağdərədə “Qandsazar” monastırı var ki, o cür abidə heç Ermənistanın özündə də yoxdur. Onun üzərində qıpçaq dilində yazılar var, bəs bizim elm niyə bununla məşğul olmur? Hələ durub yazırlar ki, bunu ermənilər tikib, halbuki, onu tikdirən adam Doquz xatun Hülaku xanın arvadı olub. Habelə binanın üzərində adı var. Mən burada nəyi demək istəyirəm? Biz bu günə qədər nə oradakı qəbir daşlarından (ermənilər “xaçkar” deyirlər), nə də onların üzərində erməni dilində yazılmış sözlərdən xəbərimiz yoxdur, halbuki, onların üzərində qıpçaq dilində, yəni türk dilində yazılar var. Bu erməniyə aid deyil, bu, bizim öz mədəniyyətimizdir. Qutlubuğa nə ola bilər? Ermənin adı Qutlubuğa ola bilər?

Vaxtilə gürcü çarı David 60000 qıpçaq götürüb şimali Qafqazdan buraya gətirib. Həmin dövrdə isə heç Gürcüstanın özündə 30000 adam yaşamırdı. Düşünün, nə qədər çox insanı bura gətirilib. Bunu isə etməkdə məqsədi Gürcüstanı islamiyyətdən qorumaq idi. Onlar da Ani şəhərinə (şəhər Yeravanla Qars arasında yerləşir) qədər gəlib yerləşdilər. Habelə bütün Ermənistan, Qarabağ ərazisinə yerləşdilər. Bu gün misal, mən özüm Qazaxdanam və qazaxlıların kökü qıpçaq kökənlidir. Elə “Qazax” sözü də qıpçaq sözüdür. Bu gün mənim ürəyim ona yanır ki, bizim elmimiz nədən məqsədsiz yönlərə gedir. Udini aparırlar Kəlbəcərə ki, bura sizin kilisədir. O Udin kilisəsi deyil. Udin hara, Kəlbəcər hara. Onların hamısı türk xristianlığıdır. Həmin abidələrin üzərində yazılar var və həmin yazılar hər kəsə məlumdur, amma bir xeyiri yoxdur. Bu gün dövlət başçısının ətrafında olub tarixi mənbələr barəsində ona məlumat verənlər var ki, onlar sadəcə Prezidenti yanıldırlar. Qarabağda nə alban, nə də erməni mədəniyyəti yoxdur. Onların hamısı türk mədəniyyətidir. Bilmirəm, bəlkə türk olmaqlarından utanırlar. 
Dədə Qorqudda yazır ki, Oğuzlarla Qıpçaqlar dava edirdi. Dədə Qorqud isə 7-ci əsrə aiddir. Həmin əsrdə Qıpçaq varıydı ki, onla dava edirdi ermənilə dava etmirdi. Bunların hamısı yazılarda var, niyə bizim alimlər oxumur. 
Müsəlman abidələrimiz bərpa olunacaq, şübhə yoxdur, xristian abidələrimiz də bərpa olunacaq, sadəcə dünənə kimi mənim abidələrimin hamısı erməni abidəsi gedirdi, indisə udinin adına çıxacaq. Tutaq ki, Azərbyacanda yaşayırlar, xalqın bir parçasıdırlar, xətirlərinə dəymək olmaz, amma nədən mənim mədəniyyətimi onlara mənsub edirlər. Bu gün fərqi yoxdur ki, həmin abidə erməninin adına getdi, yaxud udinin adına getdi. Axı bu mənim mədəniyyətimdir, türk mədəniyyətidir. 
Mən söz yox ki, sevinmişəm. Kim sevinməz ki, Qarabağı aldıq və tarixi mədəniyyətimiz, abidələrimiz geri qayıtdı. Ancaq mən bir memar olaraq fəaliyyətim dövründə bərpa işlərilə məşğul olmuşam. Hətta 9 il bərpa komitəsinin sədri olmuşam. Bütün bu işlərə respublika üzrə mən rəhbərlik etmişəm. Amma bu gün heç kim mənə müraciət etmir. Heç kim məndən soruşmur ki, misal üçün, hansısa bir kilisənin, məscidin bərpasına kömək edərsiniz. Ən azından konsultant olum. Hazırda Qarabağda bərpa işlərini bu sahədə yeni olanları cəlb edirlər, halbuki, respublikada bu sahə üzrə yetərindən artıq mütəxəssislər var.

Şeyx Babı türbəsi

–  Qarabağa hansı memarlıq üslubunu uyğun görürsünüz?
–  Qarabağda Elxanilər dövründə tikilmiş 2-3 dənə abidə var. “Bərdə türbəsi”, “Astaranbat türbəsi”, “Xaçındərbətli türbəsi”, bir də “Şeyx Babı türbəsi”, bunlar Elxanilər dövründə tikilibdir. Ancaq Elxanilərdən sonra Qarabağda “Aran” məktəbi yarandı. Misal üçün, Bərdə abidələridi, Ağdamdakı imarətdi, Şuşadakı binalardı, bunlar daha çox Qacar dövrünə yaxın tikiliblər. Fikir versək görərərik ki, Şəki abidələrilə, Şuşa abidələri yaxındır. Çünki həmin dövürdə bütün xanlıqlar Qacar idi. Yəni Qacar stilində Azərbaycan üzrə çox tikililər var. Məhz o üslübdan istifadə etmək olar. 
Qacar dövründə daha çox binalarda realist naxışlardan istifadə olunurdu. Səfəvi dövründə naxışlar simvolik idi. Qarabağdakı abidələrdə, tikililərdə fərqli nüanslar var ki, onları itirməməliyik. Bunu gənc nəsil anlaya bilmir. Ona görə lazım idi ki, Mədəniyyət Nazirliyinin nəzdində bir komissiya yaradılsın və bunun üzərində bilən insanları cəlb edib işləri layiqincə görsünlər.

Şəbəkə Sənəti

–  Şuşanı mədəniyyət paytaxtı kimi necə görürsünüz?
–  Mən Şuşanı mədəniyyət paytaxtı belə təsəvvür edirəm. Bakıda iki dənə konservatoriya var. Biri klassik avropa üslubunda, biri də milli üslubda olandır. İlk olaraq Milli konservatoriyanı aparardım ora, ikincisi konservatoriyanı təmin edə bilmək üçün bir dənə də musiqi məktəbi yaradardım. Onun arxasınca filarmoniya. Bu hökmən lazımdır. Çünki Azərbaycanda iki filarmoniya var və onlardan biri Bakıda, biri də Gəncədədir. Şuşada isə filarmoniya mütləq olmalıdır. Opera teatrı olmalıdır, demirəm böyük, nəhəng olsun. Bax belə bir addımla artıq mədəniyyət paytaxtını formalaşdırmaq olar.
Digər tərəfdən mədəniyyət dedikdə, mədəniyyət tək musiqidən ibarət deyil. Ona görə də Şuşada olan tarixi gedişatların hamısını əməli şəkildə, yenidən həyata keçirmək lazımdır. Mən sizə Yazıçılar İttifaqının bir şöbəsinin orada açılmasından söhbət etmirəm. Sonra Azərbaycanın ən güclü “Şəbəkə sənəti” ustaları şuşalılardır. Hamı elə bilir şəkililərdir, amma şuşalılar kimi şəbəkə düzəldən hələ doğulmayıb. Onlara emalatxanalar yaradıb, mən bütün şəhəri şəbəkəyə çevirərdim. 
Mədəniyyət külli şəkildə mədəniyyətdir. Mətbəxilə, musiqisilə, ədəbiyyatıyla, tarixilə və sair. Əgər bu gün sən onun mətbəxini, musiqisini, ədəbiyyatını, tarixini toplayıb bir yerdə təqdim edə bilirsənsə, bu mədəniyyət olur. Bütün hər bir şey toplu olduqda bu ancaq mədəniyyət paytaxtı ola bilər. Bu sadəcə musiqilə olan deyil, yaxud ildə bir dəfə Şuşada festival keçirməklə ona mədəniyyət paytaxtı özəlliyi vermək olmur.

Şuşa Qalası


–  Şuşanın gələcək planı təqdim olunub, bəs onunla bağlı fikirləriniz nədir?
–  Şuşanın planıyla bağlı elə bir iradım yoxdur. Yeganə bir dənə iradım orada yeni tikiləcək məscidlə bağlıdır. Bir onu bilirəm ki, həmin məscid tikilməmişdən uçacaq. Çünki dünyada elə bir memar yoxdur ki, onun konstruksiyasını hesablaya bilsin, yaxud elə bir məscid tikə bilsin. Onu sadəcə gözəllik üçün qoyublar ora ki, belə bir məscid olacaq. Ancaq elə bir məscid olmayacaq, çünki onu tikməyə adam yaxud texnologiya yoxdur. Ancaq digər binalar abidələrdir, küçələrdir bunlar öz yerindədir və dəyişmir. Gözəl olacaq buna söz yoxdur. Orada bir çox tarixi abidə, komplekslər var ki, onların hamısı bərpa olunduqdan sonra əlbəttə şəhərdəki fərqli görünüşü görəcəyik. 
Düzdür, keçmişdə var idi və indi də orada xalça müzeyi açılmalıdır. Çünki Qarabağ xalçasını bu gün də ermənilər öz adlarına çıxarmağa çalışırlar. Onaların səsini kəsmək üçün Şuşada xalça muzeyi açılmalıdır. Düşünürəm ki, yaxşı olar.


–   Hazırda Zəngilanda tikintisinə başlanılan “Ağıllı kənd” layihəsi haqqında hansı düşüncədəsiniz?
–  Ümumiyyətlə, “Ağıllı kənd” layihəsi çox gözəl bir addımdır. Bununla həm qənaətçil, həm də keyfiyyətli iş görmüş olursan. 
Prezidentin həmin ərazilərin planında atdığı gözəl addımlardan biri də odur ki, həmin ərazilərdə olan kəndlərin bir neçəsinin birləşdirilib bir kənd olaraq insanların yerləşdirilməsidir. Əvvəl orada 300-400 kənd varıydısa, indi 70-100 kənd olacaq. Əvvələr oralarda elə kəndlər varıydı ki, 200 nəfər əhalisi var idi. Onlardan 5-6 kənd birləşib bir kolxoz yaradır. Bununla həm icra nümayəndəliyi bir olacaq, həm də vətəndaşın təminatı yüksəldiləcək. Həmçinin vəsait israfının qarşısı alınacaq. 
Bir də diqqətinizə çatdırım ki, 1992-ci illərdə qaçqınlıq əmələ gəldi, bunun nəticəsində bir çox insanlar yurd-yuvalarından ayrılıb şəhərə doğru üz tutdular. Düzdür, onlar həmin illərdə bir kəndli kimi şəhərə gəlirdi, amma bu gün “Böyük qayıdış”la şəhərləşən və şəhərin bir çox əlverişlərini öyrənən vətəndaşlar kəndə geri qayıdacaq. Bununla da həmin ərazilərdə kənd deyil, şəhər müasirliyi, yeniliyi tətbiq olunacaq. Bizim gəncliyimiz ki, yenidən qayıdacaq Qarabağa, bax o zaman görün Qarabağı. Yenidən canlanacaq və Qarabağ əvvəlki Qarabağ olmayacaq. Çünki çiçəklənmə dövrünü yaşayacaq. Məhz dövlət bunu bilir deyə həmin ərazilərdə  “Ağıllı kənd” layihəsini gərcəkləşdirir. Bu addım tək Zəngilanda deyil, digər rayonlarda da olacaq. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.