Bakı 6˚C Windy

"Müharibənin hər günü mənim üçün yazılmamış tarix idi" - Qulu Məhərrəmli

Eksklüziv 18:24 29 sen, 2021

Fərqi yoxdur istənilən ölkədə müstəqil mətbuat, müstəqil reportyorluq vacibdir

"Müharibənin hər günü mənim üçün yazılmamış tarix idi" - <span style="color:red">Qulu Məhərrəmli</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 42-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycan Respublikasının əməkdar jurnalisti Qulu Məhərrəmli müharibə dövründə yaşadığı anları Qazet.az-a danışıb.

“Müharibənin başlamasını çox parlaq xatırlayıram. O günü heç bir zaman unutmaram. Həmin gün biraz tez oyanmışdım və bağa gedirdim. Yolda olarkən dayanmadan zənglərin gəldiyini gördüm və gələn zənglərdə mənə “Müharibə başlayıb?” sualı verilirdi. Mən isə dərhal bir sıra mənbələrlə əlaqəyə keçdim, düzdür rəsmi açıqlama yox idi, amma bilirdim ki, müharibə başlayıb. Bunun üstündən az bir vaxt keçməmiş Ali Baş Komandanın müraciəti, sonra isə Müdafiə Nazirliyinin əks-hücum əməliyyatları ilə bağlı məlumatları gəldi. O gün mənim üçün qeyri-adi gün idi. Çünki 30 ilə yaxın olan sükutdan sonra müharibə xəbəri gəlmişdi. Həyat, ətrafdakı hər şey mənə biraz daha fərqli görsənməyə başladı”, deyə söhbətə başlayan Qulu Məhərrəmlinin səsindəki titrəyişi hiss etmək mümkün idi.

44 günlük müharibə bir dövlətin öz suverenliyini, milli heysiyyatını, dövlət qürurunu, ölkə ərazisinin bütövlüyünü qorumaq uğrunda atdığı ciddi bir addım idi: “Bu addımı atmaq üçün bizim dövlətimiz uzun illər yol gəlib və iyul ayında baş verən hadisələr, xalqın birlik mitinqi, “Ali Baş Komandan bizi cəbhəyə göndər”, “Bizə silah ver” kimi çağırışlar, gənclərdə olan vətən sevgisi, vətəni qoruma coşğusu Azərbaycan xalqını bir amal üçün birləşdirdi. Tovuz sərhəddi istiqamətində düşmənin təxribatları, Polad Həşimov kimi igidlərimizin xaincəsinə qətlə yetirilməsi Azərbaycan xalqının səbr kasasını daha da coşdurmuşdu ki, 15 iyulda Bakıda insanların meydanlara çıxmasına gətirdi. Bununla da dövlətlə, xalqın istəklərinin üst-üstə düşdüyü göründü. Bu isə həm dünyaya, həm bu prosseslərin arxasında dayanan Rusiyaya, həm də birbaşa prossesdə olan Ermənistana ciddi mesajıydı”, deyə əməkdar jurnalist qeyd edib.

Hər qələbə xəbərini sevinclə qeyd etdiyimiz 44 günlük müzəffərlik müharibəsi hər bir azərbaycanlı kimi Qulu Məhərrəmli üçün də unudulmaz anlarla doludur.

“O 44 günlük müharibənin hər günü mənim üçün yazılmamış tarix idi. Hər gün ürək çırpıntıları, intizarla gözlədiyimiz qələbə xəbərləri, ordumuzun addım-addım irəli getməsi, irəli gedən Azərbaycan əsgərinin coşqusu bax bunlar unudulmaz. Rayonların işğaldan azad edilməsi, strateji yüksəkliklərin ələ keçirilməsi, çox çətin istehkamların aşılması əsgərlərin yeni tarix yazması idi”.

“Mənim üçün ən yadda qalan 10 oktyabr tarixində Moskvada olan görüşüydü. Bu danışıqlar şəxsən məni çox qorxudurdu. Çünki 2016-cı ilin aprel döyüşlərində baş verən müdaxilələrin, yenidən baş verə bilməsi məni narahat edirdi”, deyə bildirən Qulu Məhərrəmli həmin anları dilə gətirib.

“Moskvada gedən danışıqların gərginliyi bir çoxları kimi məni də gecə səhərə yatmağa qoymadı. Onsuz da həmin ərəfələrdə internet müharibəyə görə məhdudlaşdırılmışdı. Çətinliklə gözüm telefonun ekranında nə olacaq deyə xəbər gözləyirdi. 10 oktyabrın səhəri insanlar nə baş verdiyini dərk etməyərək qeyri-müəyyənlik içində idi. Mən isə bir çoxlarının həyəcan və hisslərini ifadə edən status yazdım: “Genişləndirilən hücum əməliyyatlarının dayandırılması kimin vasitəsilə olursa olsun, indiki müharibənin məntiqinə uyğun deyil. Ona görə də Azərbaycan ordusu əks-hücum əməliyyatlarını davam etdirməlidir”. Bu bir vətəndaş istəyi idi.  Amma ondan sonra hiss etdim ki, bu status bir çoxlarının fikrini ifadə edir. Baxın bu hadisə mənim üçün çox stresli idi”, deyə müsahib əlavə edib.

Müharibə zamanı insanlarda, əsasən də əsgərlərimizdə döyüş ruhunu artırmaq üçün bir çox addımlar atan Qulu Məhərrəmli həmin xatirlərini də bizimlə bölüşüb: “Gəncənin bombardman olunması, günahsız insanların həlak olması qəlbimizi ağrıdırdı, amma bu müharibənin bir elementi idi. Ona görə də önəmli olan millətin döyüş ruhunu yüksəltmək idi. Mən isə fəaliyyətimi daha da aktiv vəziyyətə gətirib, televizyalara çıxmaq istəməyən mən kanalların dəvətlərini qəbul etdim, oralarda çıxışlar etdim. Sonra özümün müraciətlərim oldu, ardınca “Əsgərə məktub” adı altında bir sıra KİV və radiolarda çıxışlar etdim. Bu mənim vətəndaş borcumuydu və bu gün onları yaxşı ki, etmişəm deyirəm. İnsan ruhən özündə rahatlıq tapir ki, bunu etmişəm”, deyə Qulu Məhərrəmli bildirib.

Zəfər tarixi yazdığımız 44 gündə xalqımızın birliyini görən Qulu Məhərəmli həmin günlərdə şahid olduğu birlik ruhumuzdan danışmaqdan da yan keçməyib: “Gəncədə erməni terroru nəticəsində mülki insanların evlərinin dağıdıldığı ərazidə olduq. Oraya bir sıra yaxın həmkarlarım olan Arif Əliyev, Elçin Şıxlı və Vaqif Gərayzadəylə birlikdə getmişdik. Orada insanların bu hadisələri yaşamaqlarına baxmayaraq ruh yüksəliyi göstərməsi, məni daha da qürurlandırdı. Sonra Gəncədə qərargah tipli yer var idi oraya getdik. Orada insanlar əsgərlərə lazım olan məişət əşyalarından tutmuş, bir çox lazım olan ləvəzimatları toplayıb ön cəbhəyə yola salırdılar. Orada da insanlarla söhbətləşdik, sonra Türkiyədən jurnalistlər gəlmişdi, onlarla həmsöhbət olduq. Gördüyüm isə hazırda çətinlik içində olmalarına baxmayaraq xalqımın gələn qonağa xüsusi diqqət göstərməsi idi. Həmin ərazidə yerləşən insanlar isə növbəylə hər gün biri yemək hazırlayıb gətirib, orada olan insanlar verirdilər. Baxın bu məni qürurlandırır, xalqımın insani keyfiyyətinin necə də yüksək olduğunu bir daha göstərirdi. Bunlar heç bir zaman unudulmaz”, deyə əməkdar jurnalist bildirib.

Müsahibimizlə 44 gündə mətbuatımızın gördüyü işlərlə bağlı da danışdıq: “Əlbəttə, Azərbaycan mətbuatı üçün televizyalar üçün qeyri-adi şərait idi. Ümumiyyətlə bu fövqalədə, ekstrimal vəziyyətiydi və jurnalistləri ön cəbhəyə buraxmırdılar. Bunu anlamaq olardı, digər tərəfdən Azərbaycan jurnalistlərinin belə situasiyada işləmək, yaxşı məhsul verə bilmək təcrübəsi çox az idi. Şəraitlə və digər maneələrlə televizyalar öz çevikliyini göstərə bilmədi, yaxud göstərmədi. Danmaq olmaz, Gəncə, Tərtər kimi bölgələrinə yaxın yerlərdən reportajlar getdi, amma qanedici deyildi”, deyə əməkdar jurnalist bildirib.

“Hərbi jurnalistlərimiz var. Misal üçün, Heydər Mirzə İctimai TV-də maraqlı reportajlar verdi, müstəqil fəaliyyət göstərən jurnalistlərdən Seymur Kazımov, yaxşı hərbi reportyorluq təcrübəsi olan Səxavət Məmmədov nəsə etməyə cəhd edirdilər. Real TV-dən Mirşahin Ağayev bir sıra reportajlar hazırladı. Amma ön cəbhədən heç bir görüntü götürülə bilmədi. Azərbaycan Müdafiə Nazirliyi hədsiz ehtiyyatlılıq nümayiş etdirdi, bunun nə dərəcə haqlı olub, olmadığı bilinən deyil”, deyə Qulu Məhərrəmli deyib.

“Gəncəyə raket atılanda oradan Türkiyə mediası bizdən öncə birbaşa yayıma keçdi, amma bizdə keçmədi. Baxın, media belə işləməlidir. İnsanları ruhlandırmaq üçün bizim mediada çəkilişlər olurdu. Bunu isə heç bir zaman hərbi reportaj hesab etmək olmaz. Azərbaycan mediası bu təcrübəni və məharəti hesab edirəm ki, nümayiş etdirə bilmədi. Lakin müharibə Azərbaycan mətbuatına bir çox şey qazandırdı. Habelə daha ciddi bir məsələni ortaya qoydu. Fərqi yoxdur, istənilən ölkədə müstəqil mətbuat, müstəqil reportyorluq vacibdir”, deyə Qulu Məhərəmli fikirini tamamlayıb.

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.