Bakı 25˚C Sunny

Rus generalın Bakıya SENSASİON SƏFƏRİ: Erməni silahlıları Qarabağdan çıxarılır

Siyasət 17:16 23 mar, 2022

Aleksey Kimlə erməni qoşunların Azərbaycan torpaqlarından çıxarılması məsələsini müzakirə etməsi Qarabağda müəyyən proseslərin başladığını təsdiqləyir

Rus generalın Bakıya SENSASİON SƏFƏRİ: Erməni silahlıları Qarabağdan çıxarılır

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kimlə erməni qoşunların Azərbaycan torpaqlarından çıxarılması məsələsini müzakirə etməsi Qarabağda müəyyən proseslərin başladığını təsdiqləyir.

Qazet.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib. O, bildirib ki, əsas diqqətçəkən məqam 10 noyabr razılaşmasının 4-cü bəndinin Qarabağdakı sülhməramlıların komandanı ilə yox, daha yüksək səviyyədə müzakirə edilməsidir və bu, iki mümkün versiyanı gündəmə gətirib.

“Birincisi, Azərbaycan Rusiyaya sülhməramlıların icra etməli olduğu, amma etmədiyi 4-cü bəndin həyata keçirilməsi məqsədilə anti-terror əməliyyatına başlaya biləcəyini çatdırıb və Rusiya hərbi rəhbərliyi məsələnin masada həlli üçün Bakıya nümayəndə heyəti göndərib;

İkincisi, Bakı və Moskva erməni qoşunların çıxarılması məsələsində indi həmfikirdir – Rusiya-Qərb qarşıdurması fonunda Kremlin Cənubi Qafqazda mövqelərini qorumaq üçün razılaşmların icrasını sürətləndirməsi gözləniləndir – lakin Qarabağdakı erməni qoşunlar tabesizlik göstərir və Azərbaycanla Rusiya rəhbərliyi bu məsələdə atıla biləcək addımları müzakirə edirlər; 4-cü bəndin icra edilməməsi sərhəd və kommunikasiyanın açılması razılaşmalarının da önünün kəsir, bu baxımdan, Moskvanın irəliləyişə nail olmaq istəyində olduğu istisna deyil.

Hər iki halda erməni qoşunların çıxarılmasının müharibədən sonra ilk dəfə bu qədər aktuallaşdığı bəllidir və rəsmi Bakı məsələnin praktiki mərhələyə keçməsində israrlıdır.

Rusiya tərəfi erməni qoşunların çıxarılması ilə bağlı konkret qrafik təqdim etməlidir. 10 noyabr razılaşmasında 4-cü bəndin icrası sülhməramlıların bölgəyə yerləşməsinə paralel həyata keçirilməli idi, lakin 1 ildən artıq vaxt keçməsinə rəğmən heç bir irəliləyiş olmayıb. İndi dəqiq tarix müəyyən edilməli və proses həyata keçirilməlidir. Mümkündür ki, rəsmi Bakının müzakirədə əsas tələbi də bununla bağlı olub, əks təqdirdə, problemi Azərbaycan özü həll etməli olacaq”.