Bakı 10˚C Intermittent clouds

Rusiya-Azərbaycan birgə dəmiryol layihəsi işə salınır

Gündəm 02:11 20 noy, 2021

“Əks istiqamətdə Azərbaycana Rusiya məhsulları tədarük olunacaq”

Rusiya-Azərbaycan birgə dəmiryol layihəsi işə salınır

Rusiyanın "RJD Logistika" və "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın digər logistika operatorları ilə birgə "Aqroekspress" layihəsinin reallaşdırılmasına başlayıb.

Qazet.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində "RJD Logistika"nın layihə ofisinin rəhbəri Aleftina Kirillova deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində yaxın zamanlarda Azərbaycan xurmasının ilk pilot partiyasının dəmir yolu ilə Rusiyaya yola salınması planlaşdırılır.

"İlk sınaq qatarının yola salınmasından sonra biz marşrutla bağlı cari məsələlərin tənzimlənməsi, o cümlədən tədarükün, gömrük prosedurlarının sürətləndirilməsi, yüklərin istehlakçıya daha keyfiyyətlə çatdırılması məsələlərini müzakirə edə bilərik", - deyə A.Kirillova bildirib.

O qeyd edib ki, həmin məsələlərin tənzimlənməsindən sonra məhsul tədarükü həcmini artırmaq mümkün olacaq:

"Əks istiqamətdə Azərbaycana Rusiya məhsulları tədarük olunacaq. Buraya bitki yağları, ət-süd məhsulları, un məmulatları və digər məhsullar daxil ola bilər".

A.Kirillova əlavə edib ki, "Aqroekspress" layihəsinə tez xarab olan meyvə-tərəvəz məhsullarını daşıyan sürətli konteyner qatarları cəlb olunacaq:

"Bu layihə ölkələrimizin ərzaq bazarlarının artımı baxımından çox perspektivlidir. Layihə həm də ərzaq təhlükəsizliyini təmin edəcək".