Bakı 12˚C Partly sunny

"Rusiya müstəqil, suveren Ukrayna dövlətinin mövcudluğuna hansısa şəkildə son qoymağa çalışır" - SİYASİ ANALİZ

Eksklüziv 12:36 11 apr, 2022

"Keçmiş hərbçilərin, zabitlərin mövqeyi rəzalət idi"

"Rusiya müstəqil, suveren Ukrayna dövlətinin mövcudluğuna hansısa şəkildə son qoymağa çalışır" - <span style="color:red">SİYASİ ANALİZ</span>

Son bir ay gündəmdə olan UKRAYNA-RUSİYA qarşıdurması artıq müəyyən yekunlar etməyə, nəticələr çıxarmağa imkan verir. Qazet.az-ın jurnalisti  bununla bağlı  politoloq, siyasi şərhçi Şahin Cəfərlidən müsahibə alıb. Münaqişənin nəticələri ilə bağlı söhbəti diqqətinizə təqdim edirik: 


– Bir aydan çoxdur davam edən Rusiya Ukrayna müharibəsinin sonunu necə proqnozlaşdırırsınız?


Əlbəttə ki, bu müharibənin proqnozunu vermək bir az çətindir. Düzdür, İstanbulda keçirilən danışıqlardan sonra müəyyən ümid yaranmışdı ki, artıq sülh yaxındadır. Və tərəflər arasında mövqelərin yaxınlaşması müşahidə olunurdu. Lakin bu danışıqlardan sonra baş verən bəzi hadisələr sülhün əldə olunmasının perspektivini bir qədər uzaqlaşdırdı. İlk növbədə Buça qətliyamının aşkarlanmasını qeyd etmək lazımdır. Yəni, Kiyev vilayətinin Buça qəsəbəsində və digər ətraf kəndlərdə, qəsəbələrdə Rusiya ordusunun kütləvi qətllər törətdiyi ortaya çıxdı. Bu da Ukrayna cəmiyyətində Rusiyaya qarşı çox böyük qəzəb dalğası yaratdı. Belə bir mənəvi-psixoloji atmosferdə Ukrayna rəhbərliyi üçün də çox çətindir ki, oturub yenidən Rusiya ilə danışıqlar aparıb razılaşmalar əldə etsin. Digər tərəfdən Rusiyanın Ukrayna ilə anlaşmağa, güzəştlər etməyə meyilli olmadığını müşahidə edirik. Rusiya rəhbərliyi çalışır ki, cəbhə xəttində hansısa ciddi bir uğur əldə etsin ki, ondan sonra Ukraynanı masada real güzəştlərə məcbur edə bilsin. İndiki situasiyada isə Ukrayna tərəfi bəzi güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirsə də, Ukrayna rəhbərliyi NATO üzvlüyündən imtina edərək neytral status qəbul etməyə hazır olduğunu bildirir. Amma bu Rusiya üçün yetərli deyil. Rusiyanın bu müharibəni başlatmaqda məqsədləri başqadır. Rusiya çalışır ki, müstəqil, suveren, milli Ukrayna dövlətinin mövcudluğuna hansısa şəkildə ya son qoysun, ya da ciddi şəkildə zəiflətsin. Ukraynada təxminən Belarusa bənzər bir rejim qursun. Ona görə də Rusiya bugünkü mövcud şərtlərdə sülhə çox da meyilli deyil. Çalışacaq ki, cəbhə xəttində, Dombas istiqamətində ciddi uğur əldə etsin. Oradakı Ukrayna ordu qruplaşmalarını mühasirəyə salaraq darmadağın etsin. 
Belə bir vəziyyətdə Rusiya Ukraynadan daha real və ciddi güzəştlər qopara biləcəyini düşünür. Ona görə də mövcud şərtlərdə sülh ehtimalı çox aşağıdır. Elə Ukrayna tərəfi də sülhə meyilli deyil. Ukraynaya qərbin dəstəyinin də artığı məqamda əvvəlki güzəşt mövqeyindən də geri çəkilib. 
 Əksinə, mövqeyini daha da sərtləşdirib. Ona görə də müharibə bir müddət davam edəcək. Belə görünür ki, müharibənin başa çatmasına hələ bir neçə ay var.

 – Hazırda davam edən müharibə Qafqazdakı digər ölkələrə eyni zamanda Azərbaycana iqtisadi və siyasi cəhətdən necə təsir edəcək?

  Müharibənin Qafqaza və konkret Azərbaycana təsirlərinə gəldikdə isə şübhəsiz ki, təsirlər var. Ümumiyyətlə, bütün postsovet məkanına bu müharibənin nəticələrinin təkcə iqtisadi cəhətdən deyil, həm də geosiyasi cəhətdən mütləq təsiri olacaq.  Artıq belə təsirlər var. Məsələn, Azərbaycanın hər iki ölkə ilə iqtisadi və siyasi yaxın münasibətləri var. Eyni zamanda bizim hər iki ölkədə çalışan miqrantlarımız var. Rusiyada çoxsaylı azərbaycanlı miqrant çalışır və çörəkpulu qazanır. Və onlar hər ay Azərbaycandakı ailələrinə, yaxınlarına müəyyən maddi vəsait köçürürdülər. 
Rusiyaya qarşı tətbiq olunan ağır iqtisadi sanksiyalar nəticəsində Rusiyada iqtisadi vəziyyətin getdikcə pisləşdiyini müşahidə edirik. Bu vəziyyət daha da pisləşəcək. Belə olan halda Rusiyada işləyən azərbaycanlı miqrantların da gəlirləri getdikcə azalacaq. Bəlkə də onların bir qismi iş yerlərini itirəcək. Və bu da avtomatik olaraq Azərbaycanda onların ailələrinin sosial durumuna neqativ təsir göstərəcək. 
Başqa bir tərəfdən ənənəvi iqtisadi əlaqələrin pozulması, məhdudlaşması ehtimalı da var. Məsələn, Rusiya taxıl ixracına qadağa qoyub. Müvəqqəti də olsa taxıl ixracını dayandırıb. Hansı ki, Azərbaycanın taxıl idxal etdiyi əsas ölkələrdən biri məhz Rusiyadır. Bu baxımdan Azərbaycan alternativ bazarlar tapmağa məcbur olacaq. Başqa bir tərəfdən məncə, Rusiya ilə Azərbaycanın qarşılıqlı ticarət əlaqələrində valyuta hesablaşmaları məsələsi də problemli olacaq. Əvvəla, ödəniş mexanizmlərinin özündə problemlər yaranıb. Yəni, bilirsiniz ki, Rusiya banklarının böyük əksəriyyəti SWİFT sistemindən kənarlaşdırılıb. Eyni zamanda Rusiyanın dollar və avro ilə hesablaşmalar etməsində də ciddi problemlər yaranıb. Bu baxımdan mənə aydın deyil ki, Azərbaycan Rusiyaya kənd təsərrüfatı, aqrar sektora aid məhsullar ixrac edirdi. İndi bunların ödənişini Rusiya hansı valyuta ilə həyata keçirəcək? Əgər Rusiya rublla ödəniş edəcəksə, bu Azərbaycana sərf eləmir. Çünki, rublun məzənnəsində ən azından qeyri müəyyənlik, oynamalar, ciddi volatillik var. Bu baxımdan ödənişlərin möhkəm valyutada, dollarla, avroyla həyata keçməsi Azərbaycana sərf edir. 
Mən ciddi problemlərin yaranacağını düşünürəm. Geosiyasi mənada isə hamıya məlumdur ki, Rusiya Ukrayna müharibəsindən məğlub ayrılarsa, yaxud da ən azından istədiklərini əldə etmədən ayrılarsa bu Rusiyanın bütün postsovet məkanında mövqelərinin zəifləməsinə gətirib çıxaracaq. O cümlədən də bizim regionda. 
Məsələn, BMT insan haqları şurasından Rusiyanın xaric olunması məsələsi ilə bağlı səsvermə keçirilərkən Azərbaycan və Ermənistan Rusiyanı dəstəkləmədi. Əslində, Azərbaycanın səsverməyə qatılmayaraq Rusiyanı dəstəkləməməsi gözlənilirdi. Amma Ermənistanın Rusiyanı dəstəkləməməsi və Azərbaycanla birlikdə onun da səsverməyə qatılmaması biraz sürpriz oldu. Gürcüstan isə hər zaman olduğu kimi Rusiyanın əleyhinə səs verdi. Yavaş-yavaş müşahidə olunur ki, postsovet ölkələr artıq Rusiyanın maraqlarını əvvəlki dövrdə olduğu qədər nəzərə almırlar. Yəni, Rusiya xofu çox yavaş-yavaş da olsa artıq postsovet məkanında aradan qalxmağa başlayıb. Bu müharibənin sonunda da qeyd etdiyim kimi Rusiya-Ukrayna müharibəsində istədiklərinə nail olmasa, bütün postsovet məkanında və qlobal miqyasda Rusiyanın mövqeləri və təsir imkanları zəifləyəcək. Və məncə, postsovet ölkələri qərblə daha sıx yaxınlaşmağa başlayacaq.

 – Türk tarixçilər, analitiklər müharibənin miqyasının böyüyəcəyini düşünür. Xüsusən də Yaponiyanı vurğulayırlar. Siz necə düşünürsünüz Rusiya-Ukrayna müharibəsi bitikdən sonra müharibə Yaponiya ilə davam edə bilərmi?

 – Türkiyə ictimaiyətinin bu məsələyə münasibətinə gəldikdə isə açığı mən türk TV-kanallarında, ekspert qismində çıxış edən insanların ciddiyə alınmasının tərəfdarı deyiləm. Onlar özlərini biyabır etdilər. Həm nümayiş etdirdilər ki, ümumiyyətlə postsovet məkanını, Ukraynanı qətiyyən tanımırlar. Ukraynanın tarixindən tam xəbərsizdirlər. Bu insanlar öz beyinlərindəki köhnə şablonlarla bu hadisəyə qiymət verməyə çalışdılar. Xüsusilə də keçmiş hərbçilər, zabitlər, Türkiyədə Kamalist kimi tanınan və yaxud da özlərini bu cür təqdim edən çevrələr var ki, onların mövqeyi rəzalət idi. Onlar tamamilə öz ideoloji düşüncələrlə, ideoloji qəliblərlə çıxış edərək məsələyə münasibət bildirdilər. 
Yəni, onların yanaşması belədir ki, dünyanın harasında olursa olsun, tutaq ki, Amerika hansı ölkəni dəstəkləyirsə deməli həmin ölkə haqsızdır. Yəni Amerika Ukraynanı dəstəkləyir belə olan halda Ukrayna haqsız, Rusiya isə haqlıdır. Məsələyə bu cür nöqteyi-nəzərdən yanaşdılar. Amma təbii ki, Türkiyə ictimaiyyətində TV-kanallarda çıxış etməyən amma kifayət qədər savadlı, sanballı ekspertlər də var. Biz onların mövqelərini sosial mediada da görürük. Bu insanlar məsələlərə kifayət qədər adekvat və sağlam münasibət bildirirlər. TV-kanallarda çıxış edən insanları ciddiyə almaq lazım deyil. 

Yaponiya-Rusiya müharibəsinə gəldikdə isə məncə, belə bir ehtimal yoxdur. Ən azı ona görə ki, Rusiya nüvə dövlətidir. Yaponiya onunla müharibəyə girməz. Amma Yaponiyanın Kuril adaları üzərindəki iddiaları hamıya məlumdur. Bu adalar Yaponiyanın tarixi əraziləridir. İkinci Dünya müharibəsinin yekunlarında Yaponiya məğlub olduqdan sonra SSRİ həmin adaları ələ keçirib. Yaponiya hal-hazırda həmin ərazilər üzərində öz iddialarını haqlı olaraq davam etdirir. Həmin ərazilərin Yaponiyaya keçməsini bildirir. Bu baxımdan Rusiya-Yaponiya münasibətlərində bu problemlər getdikcə artacaq. Yaponiya Amerikanın ən yaxın müttəfiqlərindən biridir. Ukrayna məsələsində də ciddi şəkildə Ukraynanı dəstəkləyir. Ona görə də Rusiya-Yaponiya münasibətləri bundan sonra soyumağa davam edəcək. Mən birbaşa hərbi toqquşma ehtimalı görmürəm.

 – Qolodomor soyqırımını unutmayan ukraynalılara qarşı Putin niyə düşünürdü ki, Ukrayna xalqı rus əsgərlərini gül-çiçəklə qarşılayacaq?

 – Bununla bağlı birmənalı fikirlər söyləmək çətindir. Yəni Ukrayna Rusiya üçün uzaq bir ölkə deyildi. Əslində, Ukraynada baş verən prosesləri çox Rahat müşahidə etmək mümkün idi. Bunun üçün xüsusi, ciddi kəşfiyyat məlumatlarının əldə olunmasına da ehtiyac yox idi. Ukraynanı yaxşı tanıyırıqsa necə ola bilər ki, Rusiya dövlətinin müvafiq kəşfiyyat qurumları Ukrayna cəmiyyətində hansı proseslərin getdiyini başa düşməsin. 
Bunu qeyd etmək olar ki, 8 il ərzində, yəni 2014-cü ildəki hadisələrdən üzü bəri Rusiya dövlət mediasında gecə-gündüz Ukrayna əleyhinə təbliğat aparılır. Guya Ukraynada faşistlərin, nasistlərin hakimiyyətdə olduğu qeyd olunurdu. Bildirilirdi ki, Ukraynada radikal millətçilər, nasistlər xalqa zülm edirlər. Xalq isə qorxusundan səsini çıxarmır. Əslində xalq bu cür hakimiyyətin əleyhinədir. Ola bilsin ki, Rusiya öz təbliğatına inandı. Rusiya siyasətçiləri də öz yalanlarına inandı. Təbii ki, bu da mümkündür. 
Digər tərəfdən Rusiya hərbi və kəşfiyyat sisteminin ciddi şəkildə korrupsiyaya bulaşdığı heç kim üçün sirr deyil. Və belə məlumatlar da yayıldı ki, Ukraynada Rusiyaya işləyəcək casus şəbəkə qurmaq üçün ayrılan pullar əslində yeyilib. Təxminən ötən illər ərzində bu məqsədlər üçün beş milyard dolların ayrıldığı xəbəri verilir. Bu məbləğin də çox böyük bir hissəsinin həmin o kəşfiyyat sisteminin içərisində mənimsənildiyi barədə məlumatlar var. Bu da həqiqətə çox yaxındır. Rusiyada bütün dövlət sturukturlarında, o cümlədən orduda və kəşfiyyatda ciddi korrupsiyanın olduğu heç kim üçün sirr deyil. Belə görünür ki, Rusiya siyasi rəhbərliyi, konkret olaraq Putin müharibə öncəsində Ukraynadakı vəziyyəti qiymətləndirərkən obyektiv məlumatlara malik olmayıb. Başqa bir tərəfdən məncə, vəziyyəti obyektiv qiymətləndirməməyə gətirib çıxaran fundamental səbəblərdən biri də şəxsən Putinin mövqeyi idi. Putin emosional davrandı. Putinin emosional durumunu Ukraynaya hərbi müdaxilədən öncəki çıxışlarında da çox aydın şəkildə müşahidə etdik. Əgər siz diqqət etsəniz, Ukraynanın şərqindəki qondarma respublikaların rəsmən tanınması ilə bağlı Putinin çıxışında, həm də konkret olaraq Ukraynaya hərbi müdaxilənin başladığı saatlarda onun efirə verilən çıxışında açıq-aşkar Putinin qəzəb və nifrəti hiss olunurdu. Ukrayna xalqına, Ukrayna dövlətinə, Ukrayna dilinə nifrəti bariz şəkildə hiss olunurdu. Putin öz hisslərinin, nifrətinin bir növ əsirinə çevrildi. Bu cür emosional durum onun Ukraynadakı vəziyyəti obyektiv qiymətləndirməsinə mane oldu. Nəticədə Rusiya ordusunun Ukraynada düşdüyü vəziyyəti müşahidə edirik. Mən onu da mümkün sayıram ki, necə ki, 2014-cü ildə Krımda rus əsgərləri hər hansı bir maneəyə rast gəlmədən Rahat şəkildə orada verilən tapşırığı icra etdilər, Krımdakı əhalinin də əksəriyyəti onları dəstəklədi. Ola bilsin bu dəfə də belə düşünüblər ki, Ukraynanın cənub- şərqində yerli rusdilli əhali Krımda olduğu kimi rus əsgərlərinin pişvazına çıxacaq, onları gül-çiçəklə, sevinclə qarşılayacaq. 
Hətta yerli hakimiyyət orqanları da Rusiyanın tərəfinə keçəcək və bununla da onlar çox asanlıqla qoyulan tapşırığı yerinə yetirəcəklər. Gördüyümüz kimi ciddi şəkildə yanıldılar. Ötən 8 ildə Ukrayna xalqının formalaşması istiqamətində çox ciddi məsafə qət edilib. Ukraynanın qərbində bəli, Ukrayna milli şüuru, milli identikliyi mövcud olub. Amma şərqində bu cür milli şüur hələ yaranmamışdı. Amma ötən 8 ildə Ukraynanın cənub-şərq vilayətlərində də qərbdəki kimi Ukrayna milli identikliyinin yerləşməsi baş verib. Artıq biz Ukrayna vahid xalqının formalaşmasından danışa bilərik. Ola bilsin ki, Rusiya bu prosesi nəzərdən qaçırıb.

 Hələ müharibə başlamamışdan öncə türk iqtisadçılar "Qida tədarükü edin" deyə xalqı dəfələrlə xəbərdar edirdi. Yenə xəbərdar etməkdədir. Qida qiymətlərinin artımını nəzərə alaraq dünyada taxıl və ya digər məhsullarda qıtlıq və ya böhran yaşana bilərmi? Süni qıtlıq və ya qıtlıqla bağlı nə düşünürsünüz?

– Qida böhranına gəldikdə isə bəli, belə bir hal gözlənilir. Çünki, həm Rusiya həm də Ukrayna dünyada ən önəmli taxıl, buğda istehsal edən ölkələrdir. Artıq məlumdur ki, Rusiya ölkədən taxıl məhsullarına müvəqqəti də olsa qadağa qoyub. Artıq bu məhsulları xaricə satmayacaq. 
Ukraynada isə müharibə getdiyi üçün burada əkin-biçin işləri ciddi şəkildə məhdudlaşıb. Artıq indidən qəti şəkildə deyə bilərik ki, Ukraynada növbəti məhsul yığımı mövsümündə əvvəlki illərlə müqaisədə dəfələrlə az məhsul yığımı olacaq . Bəlkə öz ehtiyacını da ödəyə bilməyəcək. Bu baxımdan qarşıdakı aylarda, illərdə bu sahədə dünyada bir böhran gözlənilir. Bu isə buğda və taxıl məhsullarının qiymətlərinin artmasına gətirib çıxaracaq. Amma dünyada kütləvi bir aclığın başlayacağını söyləmək məncə yanlış olar. Bu cür dramatikləşdirməyək.
 


 

 




Söhbətləşdi: Dəniz Pənahova