Bakı 19˚C Cloudy

Rusiyada hər 5 nəfərdən 1-i SSRİ abreviaturasının açılışını bilmir

Gündəm 18:00 06 dek, 2021

Məlumata görə, suala düzgün cavab verə bilməyənlərin əksəriyyəti 18-24 yaş arası gənclərdir. Respondentlərin 80 %-dən çoxu tapşırığın öhdəsindən gəlib

Rusiyada hər 5 nəfərdən 1-i SSRİ abreviaturasının açılışını bilmir

Rusiyada, demək olar ki, hər beşinci yetkin vətəndaş SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) abreviaturasının açılışını bilməyib, 11 % ümumiyyətlə bunu bacarmayıb, 8 % isə bunu səhvlərlə etdiyini boynuna alıb.

Qazet.az xəbər verir ki, bu nəticələr Ümumrusiya İctimai Rəyi Araşdırma Mərkəzinin (ÜİRAM) RBK ilə birgə “SSRİ-siz 30 il” layihəsi çərçivəsində keçirdiyi sorğuda əldə edilib.

Məlumata görə, suala düzgün cavab verə bilməyənlərin əksəriyyəti 18-24 yaş arası gənclərdir. Respondentlərin 80 %-dən çoxu tapşırığın öhdəsindən gəlib.

Keçmiş SSRİ respublikalarını sadalaya bilənlərin payı bir neçə dəfə azdır: respondentlərin yalnız 6 %-i hamısını xatırlayıb. Respondentlərin dörddə birindən çoxu (27 %) heç bir respublikanın adını çəkə bilməyib: onların 48-49 %-i 34 yaşdan aşağı yaş qrupuna daxildir. Maraqlıdır ki, respublikaların adlarını xatırlayan rusiyalılar ən çox Rusiya Sovet Federativ Sosialist Respublikasını unudurlar: respondentlərin yalnız 28 %-i onun adını çəkib. Eyni nəticə Türkmənistan SSR ilə də olub. Rusiyalılar ən yaxşı Ukrayna (65 %) və Belarus (59 %) sovet respublikalarını xatırlayırlar.

Hər beşinci (21 %) rusiyalı bildirib ki, o, Sovet İttifaqını parlaq gələcəyə inam, sabitlik, əmin-amanlıq və ya sabahkı günə əminlik kimi anlayışlarla assosiasiya edir. Bu barədə digərlərindən daha çox hərbçilər (40 %) və ali təhsilli şəxslər (33 %), eləcə də yaşlı nəsil - 45-59 yaş qrupları (28 %) və 60 yaşdan yuxarı (23 %) şəxslər danışıb.

Rusiyalıların 13 %-i üçün SSRİ müsbət emosiyalar, nostalji və xoş xatirələrlə, 11 %-i öz uşaqlıq və yeniyetməlik və ya valideynlərinin gəncliyi ilə əlaqələndirilir. Bu cavablar yaşlı və orta yaşlı insanlar arasında daha populyardır və kişilərə nisbətən qadınlar arasında daha çox yayılıb.

Hər onuncu şəxs ölkəni çoxmillətlilik və xalqların qardaşlığı ilə assosiasiya edib. 8 % Sovet İttifaqında yaxşı, pulsuz təhsil olduğunu vurğulayır, digər 8 % bütövlükdə SSRİ-də həyatın daha yaxşı və ya xoşbəxt olduğunu söyləyir.

Bununla belə, Sovet İttifaqını mənfi çalarlarla da xatırlayanlar olub. Belə ki, mənfi konnotasiyalar arasında məhsul çatışmazlığı, mağazalarda növbələr, talonlardır. Bunu rusiyalıların 5 %-i xatırlayıb, üstəlik, bu barədə uşaqlıqda Sovet İttifaqında yaşamış və ya dağıldıqdan sonra doğulan – 25-34 yaş (9 %) və 35-44 yaşlı (7 %) insanlar daha çox danışıblar.

Bundan başqa, mənfi konnotasiyalı cavablar arasında SSRİ-nin insanları aldatmaq, azadlığı məhdudlaşdırmaq, əhalinin durğunluğu və yoxsulluğu olub (4 %).

Rusiyalıların yalnız 1 %-i SSRİ-ni "Qırmızı terror", repressiya, edam və Baş Düşərgə İdarəsi (QULAQ) ilə assosiasiya edir. Buna cavab verənlər arasında ən çox gənclər – 18-24 (5 %) və 25-34 yaşlılar (3 %) təşkil edir.

Həmçinin respondentlərin 1 %-i SSRİ ilə kapitalist dövlətləri arasında sədd olan "Dəmir Pərdə"ni xatırlayıb.