Rusiyanın ikibaşlı bəyanatına REAKSİYA: Zəngəzurda dəhliz yaratmağa imkan vermirlərsə...
Daxili siyasət09:0207 noyabr, 2021

 Azərbaycan sərhədlə bağlı danışıqların başlanacağı günü səbirsizliklə gözləyir

Rusiyanın ikibaşlı bəyanatına REAKSİYA: Zəngəzurda dəhliz yaratmağa imkan vermirlərsə...
Bizi-da oxuyun

“Bizə Zəngəzurda dəhliz yaratmağa imkan vermirlərsə və bu məsələdə Moskva İrəvanla eyni mövqedən çıxış edirsə, biz niyə ermənilərə Laçın dəhlizini peşkəş etməliyik?”.

Qazet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı bəyanatı yayımlanıb:

“Bəyanatda diqqət çəkən hissələri bu şəkildə qruplaşdırmaq olar:

Birincisi, bəyanatda yazılıb ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin sonradan demarkasiyası üçün müəyyənləşdirilməsi üzrə danışıqların başlanmasına kömək etməyə hazırdır. Azərbaycan sərhədlə bağlı danışıqların başlanacağı günü səbirsizliklə gözləyir. Rusiya XİN-nin bəyanatındakı “hesab edirik ki, problemin uzunmüddətli həlli Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır” cümləsini dəstəkləyirik. Məsələni uzadan İrəvandır. Rusiya bunu Ermənistana anlatmalıdır.

İkincisi, bəyanatda yazılıb ki, Rusiya Ermənistan və Azərbaycanla danışıqları inhisara almayıb. Moskva bu cümlə ilə demək istəyib ki, prosesdə başqaları da iştirak edə bilər və Kreml Minsk qrupundakı digər iki həmsədrə – ABŞ və Fransaya işarə edib. Kreml bilməmiş deyil ki, rəsmi Bakı bu fotmatın yenidən könhə metodlarla fəaliyyətini davam etdirməsinin əleyhinədir. Bölgənin iki əsas oyunçusu – Rusiya və Türkiyə var, əməkdaşlığın nüvəsini bu format təşkil etməlidir.

Üçüncüsü, Rusiya XİN-nin bəyanatında ermənilərə və azərbaycanlılara maraqlı mesaj var: “Bəzi internet resurslarda Rusiyanın sülhpərvər fəaliyyəti Dağlıq Qarabağın Azərbaycana təhvil verilməsi kimi dəyərləndirilir və guya Rusiya Ermənistanı öz protektoratına çevirib. Bu açıqlamalar populist mahiyyət daşıyır, reallıqla heç bir bağlılığı yoxdur”.

Bəyanatın bu hissəsinin ermənilərə mesajı budur ki, “Rusiya Ermənistanı ağır məğlubiyyətdən xilas etdi, ona görə yerinizi bilin, Rusiya əleyhinə artıq-əskik danışmayın”. Rusiyanın bizə mesajı isə budur ki, “Rusiya Dağlıq Qarabağın Qarabağ və Şərqi Zəngəzur adlandırmasını qəbul etmir və Rusiya “Dağlıq Qarabağı” Azərbaycana təhvil verməyib”.

Dördüncüsü, Rusiya bir daha bəyan edib ki, Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılmasına tərəfdardır. Bəyanatdakı cümlə belədir: “Azərbaycan və Ermənistandan keçən nəqliyyat marşrutları bu ölkələrin ərazi bütövlüyü və suverenliyinə əsaslanmalıdır”.

Elxan Şahinoğlu bildirib ki, bəyanatda dəhliz ifadəsindən istifadə edilməyib:

“Əgər nəqliyyat marşrutları Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi Azərbaycanla Ermənistanın ərazi bütövlüyü və suverenliyinə əsaslanmalıdırsa, bizə nə mane olur ki, Laçın dəhlizində sərhəd və gömrük xidməti yerləşdirməyək? Bizə Zəngəzurda dəhliz yaratmağa imkan vermirlərsə və bu məsələdə Moskva İrəvanla eyni mövqedən çıxış edirsə, biz niyə ermənilərə Laçın dəhlizini peşkəş etməliyik? Biz Rusiya XİN-nin bəyanatında yazıldığı kimi, Laçın dəhlizində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməliyik”. //teleqraf

Fikriniz