Sahibə Qafarova: "TÜRKPA-nın genişlənəcəyinə, tamhüquqlu üzvlərin artacağına inanıram"
Azərbaycan12:1128 sentyabr, 2021

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin sədri Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında çıxış edib

Sahibə Qafarova: "TÜRKPA-nın genişlənəcəyinə, tamhüquqlu üzvlərin artacağına inanıram"
Bizi-da oxuyun

Bu gün Qazaxıstan Respublikasında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Şurasının iclasında iştirak edib.

Qazet.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin sədri Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında çıxış edib.

Sahibə Qafarova çıxışında ötən ilin payızında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsindən söz açıb.

S. Qafarova ikinci Qarabağ müharibəsi dövründə TÜRKPA-nın göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib. Bildirib ki, Ermənistan tərəfindən mülki şəxslərə qarşı törədilən terror aktları və hərbi cinayətlər TÜRKPA tərəfindən şiddətlə qınanılıb və müvafiq bəyanatlar verilib, Assambleya münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəklədiyini qətiyyətlə bəyan edib.

Sonra TÜRKPA-dakı həmkarlarına hesabatı təqdim edən Sahibə Qafarova bildirib ki, ötən dövrdə COVİD-19 pandemiyası səbəbindən bəzi tədbirlər təxirə salınsa da, əksər tədbirlər, o cümlədən komissiya iclasları onlayn formatda keçirilib. Dayanıqlı iqtisadi bərpanın formalaşdırılmasında regionlararası əməkdaşlığa həsr olunmuş videokonfransda pandemiyanın nəticələrinə qarşı birgə mübarizə aparılması, “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpoziumda türk əməkdaşlıq təşkilatları çərçivəsində gələcək iş birliyinin perspektivləri müzakirə edilib, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərin türk dünyası üçün əhəmiyyətindən bəhs olunub.

Şura üzvlərinə məlumat verilib ki, İstanbul Sazişinə istinadən, qurumun komissiyalarında üzv ölkələrin qanunvericiliyinin yaxınlaşdırılması diqqətdə saxlanılıb. Bu günədək hazırlanan 6 model qanundan beşini Azərbaycan, birini isə Türkiyə parlamenti təqdim edib. Məruzəçi qurumdakı bütün parlamentləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan parlamenti TÜRKPA-nın institusional inkişafına da xüsusi diqqət ayırıb. Azərbaycan Milli Məclisinin TÜRKPA-ya sədrliyi dövründə beynəlxalq əməkdaşlıq əlaqələri xeyli genişlənib.

Azərbaycanın sədrliyi dövründə qurumun fəaliyyəti barədə Şurada ətraflı məlumat verən Sahibə Qafarova yaxın gələcəkdə TÜRKPA-nın genişlənəcəyinə, tam hüquqlu üzvlərin artacağına inamını ifadə edib.

Sonra Şuranın gündəliyində dayanan digər məsələlər, TÜRKPA-nın hüquqi sənəd layihələri, model qanun layihələri, seçkilər və referendumlar haqqında hesabatlar, təşkilati məsələlər, növbəti ildə təşkilatın fəaliyyəti, plenar iclasın gündəliyi və digər sənədlər təsdiq olunub.

Bununla da TÜRKPA-nın Şura iclası başa çatıb.

Fikriniz