Bakı 13˚C Sunny

Şəkər tozundan sonra bu məhsul da BAHALAŞACAQ

Cəmiyyət 18:41 22 iyn, 2022

Meyvə-tərəvəzlərdə ucuzlaşma olacaq

Şəkər tozundan sonra bu məhsul da BAHALAŞACAQ

Azərbaycanda şəkər tozunun topdansatış qiymətində artım qeydə alınıb.

Paytaxt Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsinin qiyməti 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı.
Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.

Qazet.az xəbər verir ki, iqtisadçı-ekspert Akif Nəsirli açıqlamasında bildirib.

İqtisadçı qeyd edib ki, mövsümlə əlaqədar olaraq meyvə-tərəvəzlər ucuzlaşa bilər:

“Hazırda bahalaşma təzyiqi altında olan məhsullar şəkər tozu, bitki və kərə yağlarıdır. Mövsümlə əlaqədar meyvə-tərəvəzin bir qədər ucuzlaşması gözləniləndir. Lakin ötənilki qiymətlər kimi ucuzlaşma olmayacaq. Amma ərzağın digər növləri isə mərhələ-mərhələ bahalaşacaq. Hazırda şəkər tozundan sonra bitki və kərə yağlarının bahalaşması mümkündür. Bizim bu məhsullar üzrə yerli istehsalımız ən yaxşı halda tələbatın yarısını qarşılaya bilir, digər yarısı isə idxal olunur. Eyni zamanda dünayada da bu məhsullar bahalaşır”.

“Azərbaycan iqtisadiyyatının qiymət artımına meyilliliyini artıran amil bütün sahələrdə inhisarçılığın mövcud olmasıdır. İnhisarçı qiyməti bahalaşdıranda heç bir çətinlik çəkmir. İndi həm qıtlıq, həm də xarici bazardan asılılıqdan əlavə təhlükələr var. Ona görə də qiymət artımı ötən ildəkinə nisbətən daha sürətlə qalxır. İnflyasiyanın qarşısını almaq üçün əsas məsələ yerli istehsalın stimullaşdırılması, sahibkarlıq mühitinin münbitləşdirilməsidir. Sahibkarlıq mühiti münbitləşməlidir ki, sahibkarlar üçün cəlbedici iqtisadi amillər formalaşsın. Həm daxili kapital sahibləri, həm də xarici kapital sahibləri üçün ölkə iqtisadiyyatı cəlbedici olsun. Bu halda həm inflyasiya aşağı düşər, həm ölkədən valyuta axını azalar, həm də çoxlu iş yerləri açılar. Yəni Azərbaycanın bütün problemlərinin həlli ölkədə münbit iqtisadi mühitin yaradılmasıdır. Ölkəmizdə hər şey var, bircə bu çatışmır”.

 

 
Akif Nəsirli
İqtisadçı-ekspert




Qaynaq