Bakı 14˚C Sunny

Sumqayıt qatarındakı 400 sərnişin sürprizlə qarşılaşdı - AÇIQLAMA

Maraqlı 14:07 30 iyn, 2022

Sərxan Rüstəmov açıqlamasında bildirib

Sumqayıt qatarındakı 400 sərnişin sürprizlə qarşılaşdı - AÇIQLAMA

Bu gün, iyunun 30-da Sumqayıt-Bakı qatarında 400 nəfər sərnişinə "LIBRAFF” kitab mağazaları şəbəkəsindən sürpriz edilib. 
 

Bu barədə “LİBRAFF” kitab mağazaları şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi, vloger Sərxan Rüstəmov  ideya barədə Qazet.az-a açıqlamasında bildirib.
 

Qeyd edək ki, müasir kitab mağazaları şəbəkəsi "LlBRAFF” 2017-ci ildə yaradılıb. Hazırda Bakıda 5, Gəncə və Sumqayıtda 1 mağaza fəaliyyət göstərir.

Eyni zamanda, Sərxan Rüstəmovun sözlərinə görə, yaxın gələcəkdə mağazalar şəbəkəsi filiallarının sayını artırmağı planlayır.

 

Əslində bu ideyanı çoxdan düşünürdüm. Biz iyul ayının 2-də Sumqayıtda “LİBRAFF”ın yeni filialını açacağıq. Düşündük ki, kitab fləşmobu həm də açılışla üst-üstə düşsün. 
Ümumiyyətlə qatar kitab oxumaq üçün ən yaxşı nəqliyyat vasitələrindən biridir. Fikirləşdik ki, bunu etsək sərnişinlər tərəfindən maraqla qarşılanar. 
Kitabları dünən axşamdan hazırlamışdıq. Sonuncu qatara gedib kitabları oturacaqlara düzmüşdük. Sərnişinlər səhər ilk qatara daxil olanda kitabları oturacaqlarda gördülər. 400 nəfər şərnişinə kitab hədiyyə etdik. 

“Kitablar sizin üçün hədiyyədir, özünüzlə götürməyi unutmayın” deyə qatarın sürücüsü sərnişinlərə anons etdi. Hədiyyə etdiyimiz kitablar həm yerli ədəbiyyat, həm dünya klassikləri, həm də bizneslə bağlı kitablar idi. Müxtəlif mövzularda olan kitabları seçmişdik. Uşaqları da unutmamışdıq. Valideynlərə xitab edən, uşaqların tərbiyəsinə aid kitablar da hədiyyələrin içində yer alırdı. 

Maraqlı bir abu-hava yarandı. Hətta kitabların arasına əlfəcin də qoymuşduq. Əlfəcinlər isə dəvətnamə formasında idi. Sərnişinləri yeni kitab mağazasına bu cür dəvət etdik.
 

Sərxan Rüstəmov
“LİBRAFF” kitab mağazaları şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi