Bakı 14˚C Sunny

"Şuşa Azərbaycan mədəniyyətinin qızıl mədənidir" - Tərlan Qorçu

Eksklüziv 14:16 08 okt, 2021

Qarabağda həyat yenidən qaynayıb coşacaq

"Şuşa Azərbaycan mədəniyyətinin qızıl mədənidir" - <span style="color:red">Tərlan Qorçu</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 33-cü gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycan Marionet teatrının bədii rəhbəri Tərlan Qorçu Qarabağ və Azərbaycan mədəniyyətilə bağlı Qazet.az-a müsahibə verib.

 

–  Müharibənin ilk gününü necə xatırlayırsınız?
–  Əslində mən 30 il öncəyə qayıtmaq istəyirəm. Sizə Şuşanın işğal edilməsini danışım. 30 il əvvəl həmin gün burada İçərişəhərdə rəfiqəmizin doğum günün qeyd edirdik. Axşam üstü televiziyada “Şuşanı ermənilər işğal edib”, deyə xəbər səsləndirildi. Biz əvvəlcə buna inanmadıq və bizim üçün qeyri-adi xəbər kimi gəldi. Şadlıq günü stol arxasında oturub toslar deyən vaxtı belə bir xəbərin gəlməsi qəribə idi. Biz öncə elə bildik zarafatdır, yaxud həqiqəti əks etdirməyən xəbərdir. Sonra isə məndə belə bir hiss yarandı ki, bu müvəqqəti bir şeydir və 1-2 günə kimi Şuşa geri qaytarılacaq. Heç birimizin ağlına gəlməzdi ki, bu vəziyyət 30 il davam edəcək. 
Eyni buna oxşuyan, amma tamamilə əks hissi müharibənin elan olunduğu gün yaşadım. Həm sevinc, həm də qorxu var idi. Bəlkə bu da 1-2 günlükdür. Habelə düşündüm ki, 2 gün sonra vəziyyət dəyişsin, müharibə dayandırılsın və iki kənd alıb dayanaq. Məhz Aprel döyüşlərində də belə olmuşdu. O, hiss çox darıxdırıcı və narahatedici hiss idi. Adama elə gəlir ki, sanki yuxu görür, amma yuxu olsa belə reallaşmasını istəyir. Bir sözlə, qarışıq və qəribə hisslər içindəydim. Sonra günlər, həftələr keçdi və gördüm ki, bu yuxu deyil. Dayanmadan Azərbaycan əsgəri irəli getdi, torpaqlarımızı bir-bir işğaldan azad etdi və nəhayət nida işarəsi.
Mənim üçün Şuşanın alınması ayrıca bir mövzudur. Həm ağrılı, həm sevincli, həm də qürur hissi keçirdiyim andır. Çünki Şuşa bizim yaradıcılığımızla bağlıdır. Bilirsiniz ya yox, Marionet teatrı olaraq Üzeyir Hacıbəyovun əsərlərini səhnələşdiririk. Mənim üçün Üzeyir bəy və onun doğma şəhəri, diyarı olan Şuşa əvəz edilməzdir. Biz Şuşanı müqqədəs yer kimi qəbul edirik. Üzeyir Hacıbəyov sənətinin yarandığı, püxtələşdiyi məkan olan Şuşanın azadlığı məni ayrı hisslərə qərq etdi.

–  Şuşada Marionet teatrı açılsaydı, ilk səhnə hansı olardı?
–  Çox istərdim ki, Şuşaya gedək və orada tamaşa göstərək. Habelə Şuşada belə bir balaca teatr tikilsin və daim orada Marionet teatrı olaraq tamaşalarımız olsun. Əlbəttə ilk tamaşamız “Arşın mal alan” olardı. Düzdür, birincilik nöqteyi-nəzərdən “Leyli və Məcnun” Üzeyir bəyin birinci operettasıdır amma “Arşın mal alan” tamaşası unikaldır və Şuşayla xüsusi bir bağlılığı var. Çünki Üzeyir Hacibəyov həmin süjeti Şuşada tapıb. Deməli Şuşada belə bir hadisə olub, oğlanın birisi ruhuna yaxın olacaq bir qız axtarırmış. Bunun üçün də əlinə arşın alıb, belinə parça kisəsi atıb qapı-qapı gəzib qız axtarırmış. Bu da Üzeyir bəyin xoşuna gəlib və həmin operettanı səhnəşlədirib. “Arşın mal alan” Qafqazın ən məhşur operettası olub. Operetta yüzlərlə ölkədə, onlarla dildə səhnələşdirilib, hətta filmlər çəkilib. Məhz ona görə də “Arşın mal alan” mənim üçün çox önəmlidir. İstərdim ki, Şuşada ilk tamaşamız “Arşın mal alan” olsun.

–  Teatr mədəniyyətdə xüsusi yer tutur. Azərbaycanda ilk teatr isə Şuşada olub. Sizcə Şuşanın azadlığı mədəniyyətimizə hansısa stimul verdimi?

–  Mənə elə gəlir ki, bu hərhansı yox, vacib və önəmli məsələdir. Müqayisə kimi baxsaq, Şuşanın Azərbaycan mədəniyyətinə verdiyi sənətkar və dahi şəxsiyyətlərin adlarını çəkmək bizə yetir. Bu nəzərdən də baxanda da, Şuşa Azərbaycanın mədəni nöqtədə qızıl mədənidir. Təsəvvür edin ki, 30 ildir ermənilər qızıl mədənimizi işğal edib, talamağa çalışıb. Qəribə olan odur ki, onlar oradan qızıl çıxara bilməyiblər. Çünki qızıl çıxarmağın üslubu onlara məlum deyil, amma dağıda biliblər. Mədəni o vəziyyətə salıblar ki, oradan qızıl çıxarmaq artıq mümkün olmaz hala düşüb. Artıq biz qızıl mədənimiz olanı Şuşanı geri qaytarmışıq. Heç şübhəsiz ki, gələcəkdə bu mədən var gücüylə çalışıb Azərbaycana adları qızıl hərflərlə yazılan şəxsiyyətlər bəxş edəcək.


–  Tərlan Qorçu üçün nədən Şuşa və Üzeyir Hacıbəyov sənəti?
–  Qarabağ və Şuşa elə bir mövzudur ki, mən ömrüm sonuna kimi onlara bağlı olacam. Hətta arada zarafatla deyirəm ki, “mən Üzeyir Hacıbəyovun əsiriyəm, o məni əsir götürüb və ona işləyirəm”. Mən bununla da fəx edirəm. Çünki musiqi nəzərindən götürsək, Üzeyir Hacıbəyov səviyyədə bir şəxsiyyət yoxdur. Birisi üçün böyük fəxrdir ki, Üzeyir Hacıbəyovun yaradıcılığına müraciət edir. Qaldı ki, onu müasirləşdirib cəmiyyətə təbliğ etmək. 
Biz Azərbaycanın nadir teatrlarındanıq və Avropanın bir çox ölkələrində olmuşuq. Həmin ölkələrdə daim Üzeyir Hacıbəyov əsərlərini səhnələşdirib təbliğ etmişik. Həmin ölkələrdə isə teatrımızın böyük diqqət və məhəbbətlə qarşılanması məni sevindirir.

–   Qələbədən sonra Şuşada olmusunuzmu? Şuşanı necə təsəvvür edirsiniz?
–  Əfsuslar olsun ki, olmamışam. Bildiyimiz ki, oraya getmək üçün dəvət almaq lazımdır və mənə hələ də bununla bağlı dəvət gəlməyib. Ümid edirəm ki, yaxın zamanda hansısa bir dəvət alıb orada yığıncaq və festivalda iştirak edəcəm.
Bir az vizual nöqteyi-nəzərdən mənim üçün çətindir. Hazırda bir çoxlarımız kimi mən də Qarabağı, Şuşanı televizorların təqdim etdiyi görüntülərdən görmüşəm. Amma bildiyim odur ki, təəccüblə Qarabağın sürətli bərpasını izləyirəm. O qədər sürətlə bərpa işləri aparılır ki, yaxın zamanda hər kəsin Qarabağa gedişinin mümkün olacağı görünür. 
Düzdür, təəssüf hissilə deyirəm ki, Qarabağda bir çox tarixi abidələrimiz düşmən tərəfindən vəhşicəsinə dağıdılıb, amma buna baxmayaraq dövlətimiz öz üzərinə düşəni edib, yüksək və sürətli bərpa işləri aparır. Bu sürətlə hər şey tam bərpa olacaq və Qarabağda həyat yenidən qaynayıb coşacaq. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.