Bakı 20˚C Mostly sunny

"Şuşa mənim üçün əlçatmaz qayanın yuxarısındakı qartal yuvasına bənzəyir" - Bəxtiyar Xanızadə

Eksklüziv 21:14 18 okt, 2021

 "Hələ müharibə başlamamışdan qabaq hər birimizin dərdi, Qarabağ dərdi idi"

"Şuşa mənim üçün əlçatmaz qayanın yuxarısındakı qartal yuvasına bənzəyir" - <span style="color:red">Bəxtiyar Xanızadə</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 23-cü gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycan Dövlət Pantomima Teatrının baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadə İkinci Qarabağ müharibəsi və gəncliyin bundan sonrakı roluyla bağlı Qazet.az-a müsahibə verib.

 

–  44 günlük zəfər yolumuz və qələbəmizlə bağlı hansı hisslər keçirmisiniz?

–  Hələ müharibə başlamamışdan qabaq hər birimizin dərdi, Qarabağ dərdi idi. Mən demək olar ki, həmin illəri yaşamışam. Bir sözlə, Meydan hadisələrindən tutmuş, itirdiyimiz kənd, şəhərlərə, Xocalı faciəsi, Topxana meşələrinə kimi. O illərdə mən İncəsənət Universitetində müəllim işləyirdim və tələbələrə dərs deyirdim. İnsanlar həmin meydana axın-axın gedirdilər. Söz yox ki, mənim onların aralarında mənim tələbələrim də var idi. Biz dərsdə bu barədə mütəmadi söhbət edirdik. Bilmirəm bu nədən irəli gəlirdi, amma səbəb bu ola bilərdi ki, bu ağrılı günlərdən, bundan aralı qalmaq mümkün deyildi. 
Sizə deyim ki, mən 20 Yanvarı həssaslıqla yaşamışam. Çünki mən Mərdəkanda yaşayıram və ilk dəfə tanklar, əsgərlər oradan qaladan şəhər daxil olmuşdular. Onları görmüşdüm və gələn top səslərini bizim nəsil, gənclik heç bir zaman eşitməmişdi. Bütün bu halları izləyirdim və müharibədən sonra da 30 il səbrsizliklə gözləyirdik ki, bu sonunda baş tutacaq. Çünki burda bir vacib məsələ var idi. Hər bir azərbaycanlı özündə qürur hissi duymaq üçün qələbə ruhunu hiss etməlidir.

Bir dəfə hardasa Brazilyanın futbol komandasının qələbə ruhuyla bağlı oxumuşdum. Deməli, belə bir cümləydi: “Onlar uduzsalar da, qalib ruhunu itirməyiblər”. Çünki neçə illər bildiyimiz kimi Brazilya futbol klubu qələbə qazanıb. Məhz həmin qalib ruh Azərbaycana qayıtmalıydı. Elə Azərbaycanın igid oğlanları 90-cı illərdə də ölümə gedirdilər, amma geri dönmürdülər. Mənim tələbələrim də var idi, onların içərisindən bəziləri dərsə gəlib: “Müəllim, mən getdim Qarabağa”, deyirdi. Xalqımızın qəhrəman ruhunu hiss etmişdim. Bunu da izləyirdim və elə bil mən də bunu hiss edirdim. Yazılardan, aparılan söhbətlərdən anlayırdım ki, sonda nəsə baş verəcək. Müharibə başlayanda bilmirəm bizdə olan qələbə ruhundanmı, bütün varlığımızla işğalda olan torpaqlaırmızı qaytarmaq istəyi, Ali Baş Komandanın apardığı siyasət məndə inam yaratmışdı ki, müharibə başlayacaq və başladı, ondan sonra isə müharibənin qısa zamanda yekunlaşacağını, qələbə qazanacağımız etimadını yaratmışdı. Açığı, müharibəni qələbəylə yükunlaşacağına bir ay və bir aydan biraz çox vaxt qoymuşdum. Habelə dostlar arasında da bunu müzakirə edəndə demişdim və 44 gün ərzində biz qələbə qazandıq. Mən 44 günün hər bir anını izləmişəm. Hər bir nüansı izləmişəm və bütün informasiyalardan özümü xəbərdar etmişəm. Həmin dövrdə Ali Baş Komandanın da çıxışları olurdu və onun hər birini izləyirdim. Buna səbəb isə bilmək istəyirdim ki, bu nəylə nəticələnəcək. Siz ki, soruşanda qələbə, mənim üçün qələbə göydən düşmə olmadı, çünki mən bunu gözləyirdim. Dövlət başçısının özünə arxayınlığı və “mən hər şeyin vaxtını bilirəm” deməsi 44 günlük müharibə zamanı özünü doğrultdu.
Bir söz də deyim ki, bizim teatr Azərbaycanda anoloqu olmayan bir teatrdır. Azərbaycan teatrının 150 yaşı var, amma bu sahənin pantomima teatrı olmamışdı. Mən teatrımız sayəsində gənc azərbaycanlı balalarını dünyanın dörd bir yanına aparmış, hər dəfə xarici qonaqlar, tamaşaçılar mənim aktyorlarımı öpüb qucaqlayanda, mən fəxr etmişəm ki, bax, bu azərbaycanlı balaları çox cəsarətlidir və buna layiqdir. Məhz 44 gündə də bu fəxr hissi varıydı. Azərbaycan bir daha sübut etdi ki, düşmən bizdən güclü deyil.

 

–  Teatrınız Şuşada fəaliyyət başlasa, ilk tamaşanız hansı olar?

–  İlk olaraq belə bir şey deyim, mən vaxtilə Gənc Tamaşaçılar teatrında olmuşam. Yəni səhnələrimiz orada olurdu. Oranın səhnəsi mənə əhvallar verirdi, mən də ona uyğun tamaşalar hazırlayırdım. İndi isə bizə yeni məkan veriblər. İndi isə hazırda olduğumuz məkanda tamaşalar hazırlayıram. Amma tamaşaçılarımız deyir ki, siz Gənc Tamaşaçılar teatrında hazırladığınız tamaşaları burada hazırlamırsınız. Çünki buranın əhvalı tamam başqadır. Buradan gələn enerji, bu məkanın əhval-ruhiyyəsi mənə bu istiqamətdə işlər görməyə yönəldir. Mən Şuşada olmamışam. Düzdür, son hadisələrlə bağlı teatrımızda tamaşlar olub, oynamışıq da. Misal üçün,  “Xocalı faciəsi” haqqında “Unutmayaq” tamaşasını hazırlamışıq. Biz bu tamaşanı öz teatrımızda oyanmışdıq, amma ilk dəfə tamaşamızı Fransaya daşıyanda səhnə tamam fərqli idi. Buna görə də biz hazırlıqlar gördük və 1 gün içində tamaşanı hazır etdik. Düzdür, bundan sonra tamaşaya əlavələr oldu amma öz təsir gücünü itirmədi. Bayaq da dediyim kimi, əfsuslar olsun ki, Şuşada olmamışam. Orada olacaq olan ilk tamaşamız oranın mənə verəcəyi təsirdən asılı olacaq.

 

–  Şuşada olmamısınız, bəs siz rejissor olaraq Şuşanı necə təsəvvür edirsiniz?
–  Bununla bağlı sizə maraqlı bir şey danışım. Deməli, mən Şuşanı heç vaxt görməmişəm. Amma çox qəribədir, mən birinci sinifdə oxuyanda, ikinci sinifə keçəndə müəlliməmiz: “Yayda harada olmusunuz? Harada dincəlmisiniz”, deyə soruşurdu. Bizimlə birgə bir qız oxuyurdu və onlar Şuşadan idi. Onda mən bilmirdim, Şuşa haradır, birinci sinif uşağı haradan bilə bilər. Ondan soruşanda dedi ki, “müəllim, mən Cıdır düzündə olmuşam”. Mən də uşaqlığımdan at çapmağı çox sevmişəm, cıdır sözünü cıdıra çıxmaq, cıdırda at çapmaq kimi bilirdim. O bunu deyəndə mənim üçün Şuşa igidlik rəmzi, at çapanların olduğu bir yer təəssüratı verdi. Düzdür, mən hələ də bilmirəm Cıdır düzü necədir, amma bu, məndə belə bir təəssürat oyatdı. Sonra isə yaşlandıqca mənim üçün Şuşa həmişə necə ki, qartallar sıldırım qayaların əlçatmaz yerində yuva qururlar, həmin əlçatmaz qayanın yuxarısındakı qartal yuvasına bənzəyir.

 

–  İkinci Qarabağ müharibəsi və qazanılan qələbə teatr səhnələrində necə əks olunmalıdır?

–  Mən bu barədə sizə bir fikir deyəcəm, amma bu mənim öz şəxsi fikrimdir. Mən “Xocalı faciəsi”ni hadisədən 10-15 il keçəndən sonra hazırladım. Deyim sizə ki, zalda oturan tamaşaçılar bu gün də ona baxanda ağlayırlar. bunu ona görə deyirəm ki, mən bu əhvalı yaşamalıyam, mənim zaman filtirimdən keçməlidir. Bütün incəliklərinə, yanğısına qədər ortalığa çıxara bilim deyə, bu mənim tam zaman filtirimdən keçməlidir. Mən 20-30 il bundan qabaq oxuduğum əsəri hazırlamışam və həmin tamaşa teatrın ən şedevr tamaşalarından olub. Buna misal deyərəm ki, Üzeyir Hacıbəyovun “Biz nə tövür iş görürük” əsəri. Mən bu əsər haqqında hər kəsin yanında danışırdım və hər kəs də deyirdi, “niyə deyirsən? Birdən kimsə sənin fikrini götürər”. Amma mən onu ərsəyə gətirə bilmirdim, çünki o mənim içimdə bişməmişdi. Mənə elə gəlir ki, yaradıcılıqdan əlavə bu gün bizim qələbəmizi daha çox sosial şəbəkələr təqdim etməlidir. Bütün incəsənət xadimlər, dövlət qurumları, sıravi vətəndaş, hər bir kəs qələbəmizi sosial şəbəkələrdə təbliğ etməlidir. Misal üçün deyə bilərəm ki, müharibə dövründə Ali Baş Komandanın çıxışları və seçib dediyi sözlər varıydı ki, sonradan onun verdiyi təsiri hiss edirdik, görürdük. Bu da onu göstərir ki, Ali Baş Komandan buna uzun illərdir hazırlaşırdı. Bu, birdən-birə ola bilməzdi ki. Müharibə başladı. Buna öncədən hazırlaşmaq lazım idi ki, Azərbaycan da buna əvvəlcədən hazırlanırdı. Ona görə də mən mühüm bilirəm ki, bu gün sosial şəbəkələrdə hər bir azərbaycanlı fəal olmalıdır və qələbəmizin dünyada təbliğatını öz gücü daxilində aparmalıdır.

 

–  Bəs qələbədən sonra gələcək gənclik nə etməlidir ki, 30 il bundan öncəki acılı və ağrılı günlər təkrarlanmasın?

–  30 il bundan öncə yaşadıqlarımızı biz o vaxt gəncliyimizin səhv olduğu üçün yaşamadıq. Zaman var idi, bizdən asılı olmayan məsələlər var idi ki, bizi buna sürüklədi. Amma həmin dövrdə də bizim oğullarımızda igidlik, vətən sevgisi gördüm. İkinci Qarabağ müharibəsində olan ruh yüksəkliyi onda da var idi. Gəncliyimiz bir sözlə hər daim hazır olub və indi də hazırdır. Sadəcə olaraq onlara arxa durmaq lazımdır və çalışmaq lazımdır ki, qazanılan qələbə ruhunu itirməsinlər. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.