Bakı 7˚C Sunny

"Bir xalq xoşbəxtdir ki, onun Şuşa kimi aysberqi var" - İlqar Fəhmi

Eksklüziv 23:54 03 okt, 2021

Şuşaya gedən hər bir azərbaycanlı öz içinin dərinliklərinə düşür

"Bir xalq xoşbəxtdir ki, onun Şuşa kimi aysberqi var" -<span style="color:red"> İlqar Fəhmi</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 38-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Qarabağın azadlığı özlüyündə mədəni dirçəlişi əks elətdirir. Qazet.az Qarabağın Azərbaycan mədəniyyətindəki mövqeyi, xalqın şüurundakı məkanı ilə bağlı şair, yazıçı və dramaturq İlqar Fəhmidən müsahibə alıb.
 

–  Qarabağ konflikti haqqında dünya çapına çıxan çox az film var. Bunun səbəbi nədir?
–  Biz hadisələrin lap əvvəlinə qayıtsaq, yəni 90-cı illərə dünyanın bir çox istər mədəniyyət, istərsə də mətbuat sahəsində, bir sözlə hər bir sahədə erməni diasporu hər şeyi ələ almışdı. Əfsuslar olsun ki, dünyanın istənilən ölkəsində erməni diasporunun gücü daha böyükdür və sənət adamlarının içində də onların yer alması bizə hər tərəfli manelər yaradırdı. 
Bu günə kimi ermənilər dırnaq arası soyqırımları haqqında filmlər çəkiblər, festivallarda yaymlayıblar, amma bizim bu mövzuda hansısa bir film təqdim etməyimizə imkan verməyiblər. Təqdim edəndə isə biz bitərəfik, siyasətə qarışmırıq deyə ifadələr işlədiblər. Bu gün Fransa, İtalya kimi ölkələrin festivallarında erməni mövqeyində olan filmlərə yaşıl işıqdır, amma biz öz mövqeyimizdə, misal üçün, “Xocalı Soyqırmı” haqqında, yaxud başqa öz mövqeyimiz haqqında film təqdim edə bilmirik. Çünki erməni diasporu dərhal bizim qarşımızı kəsir və irəli getməyə imkan vermir. Ona görə də artıq bilirik ki, bunu çəksək belə ora getməsinə imkan olmayacaq.
Biz bu 20-25 ildə çox böyük fəaliyyətdən keçdik. Düzdür kino sahəsində dediyiniz kimi qarşımızda olan buzu sındıra bilmədik, çünki həmin mövqe hələ də davam edir. Habelə 44 günlük vətən müharibəsindən sonra bizə qarşı aqressiya daha da artıb. “Məzlumları niyə incidirsiniz”, deyə ifadələr işlədilir. 
Mətbuat və informasiya sahəsində xeyli böyük işlər görüldü. Ən azından bunun sayəsində “Xocalı Soyqırımı” dünya ictimaiyyətinə çatdırıla bildi. Dövlət başçımızın bütün beynəlxalq tədbirlərdə Azərbaycan torpağının işğalda olması ilə bağlı apardığı danışıqlar bizi irəli aparmış oldu. Düşünürəm ki, bu məsələ informasiya meydanında kifayət qədər irəli aparıldığı üçün kino sahəsində hansısa bir işin görülməməsi bizə əks-təsir etmir. Çünki biz əsas istəyimizə nail olmuşuq və lazımi informasiyanı dünya ictimaiyyətinə çatdırmışıq. 
Düşünün bu gün Azərbaycanla Rusiya arasında bir çox sahələrdə müttəfiqlik var, amma buna baxmayaraq kino sahəsində heç bir iş görülmür. Çünki Rusiyanın kino sahəsini erməni diasporu idarə edir. Biz bu gün Rusiya ilə hansısa bir film çəkməyə çalışsaq, dərhal bunun qarşısı alınacaq. Çünki erməni disporu imkan verməyəcək, bircə bu kifayətdir ki, “MOSFİLM”in direktoru kimdir, Karen Şahnazarov. Həmin şəxs isə heç bir zaman erməni mövqeyinə qarşı mövqenin irəli getməsinə imkan verməz. Bu baxımdan mən düşünürəm ki, daha sərbəst məkan hazırda internet məkanıdır və təsir gücü çoxdur. Son dövürdə görünən odur ki, bizim gənc nəsil internet məkanında daha fəaldır və bunu ermənilər özləri də etiraf edirlər. Ermənistan müharibədə məğlub olmaqla yanaşı, internet məkanda da məğlub oldu. Bunu onların özləri də deyir.

 

–  Qarabağ savaşını işıqlandırmalı olsaydınız, hansı ədəbi priyomlardan istifadə edərdiz?
–  Mənim Qarabağ mövzusunda bir neçə əsərim yazılıb. Hər bir yazar üçün tək müharibədə deyil, adi həyatda müəyyən maraqlı məqamlar olur. Ola bilər müharibədə sənin üçün fərqli məqam diqqət çəkici olar, mənim üçün isə ayrı. Şəxsən mən öz payıma düşəni deyirəm ki, mənim üçün önəmli olan müharibədə insanların dəyişməsidir. Yəni o insan ki, adi sülh şəraitində sadə bir insandır və ona baxanda deməzsən ki, bundan hansısa fədakarlıq gözləmək olmaz, qəhrəman ola bilməz, amma döyüş zamanı həmin insanın azadlıq mücadələsi, düşmən ilə üz-üzə qaldıqda içindəki dəyişikliklər, baş verənlər, hansı psixoloji metamorfoz baş verir və insan özünü ölümü gözə alıb mərminin üzərinə gedir. Yəni insan mövcüddur, amma bir növ qapağın içindədir və birdən qapaq açılır, içindən isə tamam fərqli birisi çıxır. 
Mənim “Balaca kişilər” adlı şeirim də ona həsr olunmuşdur. “Bazar günü” pyesim var ki, o da birbaşa bazar günü anında yani müharibənin başladığı gündən bəhs edir. Əsərdə bir zabit ailəsinin yaşadıqlarından və bazar günündən sonra dəyişənlərdən danışılır. Bir neçə bu cür əsərlərim var. Yenə deyirəm, mənim üçün əsas yanaşma tərzi, əsas priyom və insanların içindəki psixoloji dəyişikliyi göstərmək, onun səbəbini tapmaq, onun fraqmentlərini nümayiş etdirməkdir. 
Bizlərin sakit bildiyi bir insan vətəni üçün bir anda dəyişir və tamam fərqli düşüncədə olur, mənim üçün əsas budur və əsərlərimdə daim buna diqqət edib, bunu vurğulayıram. Məşhur avropa filosofu Karl Yaspersin “Sərhədyanı situasiyalar” nəzəryəsi var ki, yeni varlığın sərhədində kritik situasiyalarda insanın əsl xarakteri açılır. Mən düşünürəm ki, bizim xalqımız 44 günlük vətən müharibəsində sübut etdi ki, bu sərhədyanı situasiyalarda onun içindən mənfi yox, müsbət xüsusiyyətlər açılır. Bu sadəcə döyüşə gedən igidlərimizdə deyil, döyüşə getmək üçün çalışan könüllülər, hər gün cəbhəyə yardım aparan insanlar, yollarda əsgərlərin qarşısını kəsib onlar su, yemək verən insanlar, qadınlarımızın göstərdikləri xarakterlərdədir. Bununla biz xalqımızın birliyinə və parıldamasına şahid olduq. O baxımdan mən düşünürəm ki, gələcəkdə bu mövzuda nəsə yazsam, süni qəhrəmanlıq, saxta pafos yox, məhz o daxili qəhrəmanlığın üzə çıxdığı həmin o məqam, o an, o saniyələrdən yazaram.


–  Qarabağ müharibəsinin simvolu “Xarıbülbül”dür. Bəs sizin üçün hansı simvol Qarabağı ifadə edir?
–  Simvollar heç vaxt yarandığı yerdən dayanmır. Simvolun özünün tarixçəsi olur. Mən ona mif deyərdim, hər simvolun öz mifi olmalıdır. Təbii ki, Xarıbülbül dedikdə yada Şuşa düşür. Xarıbülbülün simvola çevrilməsinin arxasında mübarizə və qan var. Hər bir obyektin simvola çevrilməsi üçün onun arxasında mif yaranmalıdır və bizim Şuşa mifimiz var, xarıbülbüldə onun bir parçasıdır. Əslində ermənilər onu başa düşməlidir ki, onlar bizim Şuşamızı 30 il işğalda saxlamaqla, bizə torpaq həsrəti yaşadaraq bizə böyük bir mif yaratmış oldular. Şuşa üçün qan töküldü, insanlar canlarında keçdi, birlik oldu və buda Şuşanı simvol edən xarıbülbülün möhtəşəm bir mifə çevirdi. Bu artıq xalqın sıxlaşmağına, xalqın möhkəmlənməsinə, gələcəyə daha fərqli baxmağa kömək edən sütundur.
“Kollektiv Təhtəlşüur Nəzəriyyəsi”lə məşğul olan alimlər, istər Karl Qusto Yunq, istər onun tələbələri həmişə deyirdilər ki, “xalqı xalq edən iqtisadiyyat, mədəniyyət, incəsənət, hansısa bir idman nailiyyəti deyil”. Bunlar üstədir amma onların yaranması üçün altda güclü arxetiplər olmalıdır. Arxetiplər isə həmin o miflər və simvollardır. Bir sözlə xalq ayağının altında mənəvi dayaq hiss etməlidir ki, onun incəsənəti, iqtisadiyyatı, mədəniyyəti, idmanı inkişaf etsin. Həmin o dayaqların məhz tökülən qana, əzaba, ağrıya söykənən müəyyən predmetləri olmalıdır.

Misal üçün, bizim müsəlman aləmində 1500 il bundan qabaq Kərbəla hadisəsi baş verib, amma Kərbəla hadisəsi illər keçdikcə necə mifə çevirilib. Amma halbuki elə bir böyük savaş olmayıb: “100 000 o tərəfdən, 100 000 bu tərəfdən, 50 000 adam qırıldı filan oldu” – yox. Amma onun ətrafında o mifləşə-mifləşə bu gün gəlib artıq İslam aləminin böyük bir qismini təşkil edən şiə düşüncə tərzi üçün, şiə təfəkkürü üçün əsas ana dayaqdır, ana sütunlarından biridir. Mənəviyyat sütünlarından biridir ki, ona yüzlərlə incəsənət əsəri həsr olunub, şeirlər yazılıb, o fərqli musiqi janrının “mərsiyyə” janrını formalaşdırıb. Yəni onun ətrafında böyük bir teatr ənənələri – bizim hamı bilir ki şərq teatrı Şəbih teatrından çıxıb. Yəni Şəbihlərdən keçə-keçə bizim teatrımız yaranıb. Şəbih nədir? – Kərbəla hadisələrinin əks olunmağı. Eyni şey də bizim Şuşa ilə bağlı, yəni sırf Azərbaycan xalqının o taylı, bu taylı Şuşanı ermənilər bizim üçün özləri də hiss etmədən böyük bir mifə, böyük bir arxetipə və simvola çevirdilər, o simvol Azərbaycan xalqını bir az daha gücləndirdi, bir az daha möhkəmləndirdi və gələcək üçün bir növ yaşamağa, daha güclü olmağa, daha möhkəm olmağa bir əsas verdi. 
Bəzən onların verilişlərinə baxırıq, həmişə internetdə izləyirik ən azından tanımaq üçün, görürəm ki, onların ağıllı adamları başa düşürlər ki, onlar əslində özləri də hiss etmədən Azərbaycan xalqını xeyli gücləndirdik, halbuki Azərbaycan xalqı çox sülhsevər idi. Bundan əvvəl məsəl üçün, Sovet dövründə müəyyən qədər o döyüş əzmini aşağı salmışdılar. Bir az o xalqlar dostluğu filan, o məcburi barışığa öyrəşdirmişdilər, amma onlar otuz illik işğal dönəmi ilə bizi əməlli başlı dünya xalqları arasında öz torpağı üçün, öz haqqı üçün, öz hüququ üçün mübarizə apara biləcək gücdə olanda lazımi məqamda birləşib, bir nöqtəyə vura biləcək gücdə olan bir xalqa çevirdilər. Onlar bəziləri başa düşürlər və ona görə əsəbiləşirlər, necə ki, vaxti ilə bütün avropa kapitalist aləmi Hitler də ona görə əsəbləşirdi ki, SSRİ-ni Hitler gücləndirdi, yəni müharibə başlayanda hamı düşünürdü ki, SSRİ-də 30-cu ilin repressiyaları, xalqda narazılıq var və yüngül bir təkan olan kimi, kənardan bir hücüm olan kimi, SSRİ daxildən parçalanıb dağılacaq, xalqlar qırılacaq, sonra da narazılar hamısı ayağa qalxacaq, amma nə baş verdi? Vinston Çörçilin sözü olmasın, SSRİ dünya müharibəsinə  o vəziyyətdə çətinliklə, məğlub ola-ola girdi, amma sonda SSRİ dünyanın ikinci super dövləti kimi müharibədən çıxdı. Artıq bütün dünya onun qabağında tir-tir əsirdi. 
Yəni bu 30 il ərzində biz həmin o prossesi yaşadıq. 90-cı illərdə o parçalanma qorxusu altında olan müxtəlif qruplaşmaların bir-birini didişdirməsi, torpaq işğalı təhlükəsi qarşısında qoydu. Onu müdafiə etmək əvəzinə burada bir-biri ilə didişən siyasi liderlər: “biri mən öz əsgərlərimi çəkəcəm, digəro mən öz qruplaşmamı aparacağam deyirdi”. Elə də torpaqların bir hissəsi getdi. Amma indi biz nə gördük? Biz gördük ki, bütün məqsəd ətrafında bütün siyasət, ictimaiyyət, iqtisadiyyat – hamısı birləşdi və bir nöqtəyə vurdu. Buna nail olmaq asan deyil. Dünyada hal-hazırda az saylı xalqlar var ki, hansısa məqamda bu birliyi göstərə bilir. Bu birliyində səbəbi həmin o arxetiplər, simvollar və miflər idi. Bizim üçün M. İbrahimov mifi, Xudayar mifi, Şuşa mifi, Xarıbülbül mifi var. Hələ nə qədər şeylər var ki, yavaş-yavaş mifləşir. Bizim üçün ən azından bir Şəhid General Polad Həşimov mifi var. Polad Həşimovun özünün obrazı bizim üçün bir arxtipdir, bir mifdir. Çox qəribədir ki, sırf döyüş məqamında deyil, bir xəyanət nəticəsində şəhid olmuş qəhrəmanımızdır.  Onun döyüş məqamında hansı igidliklərinin qəhrəmanlıqlarını biz müşahidə etməmişdik, macal tapmamışdıq. Düzdür Aprel döyüşləri zamanı igidlik göstərib, vuruşmuşdular, amma mifə çevrilməyin bir səbəbi də xəyanət qurbanı olmağıdır. Yenə deyirəm, ermənilər öz torpaq iddialarıyla  başa düşmədilər ki, bizim xalqı döyə-döyə, müəyyən zamanda sıxa-sıxa, müxtəlif dünya gücləri vasitəsilə sıxmağa çalışmaqla, əslində çox gücləndirdilər və bir növ sıxılmış bir polada çevirdilər, bizdə onun nəticəsini gördük.

 

–  Siz Bakını çox gözəl portretlərdə əks etdirmisiniz. Bəs Şuşanı necə edərdiniz?
–  Şuşada çox olmuşam, düzdür 90-cı illərdə olmamışam, amma sonradan çox getmişəm. Bilirsiniz, Şuşa mənim üçün heç vaxt real bir şəhər olmayıb.
Bakı əslində özü də mənim üçün real bir şəhər deyil, amma Şuşa daha çox arxetipdir və mən Şuşayla bağlı bir müsahibəmdə yazmışdım ki, Şuşa obrazı mənə görə bir aysberqə bənzəyir. Aysberqin az bir hissəsini görürsünüz, böyük hissəsi suyun içində olur. Eyni şey də Şuşadır ki, onun görünən tərəfi o balaca hissəsi, o şəhərin özüdür, görünməyən tərəfi bizim beynimizdə, şüurumuzda, təhtəlşüurumuzdadır. Bax, aysberqin böyük tərəfi oradır. Mən Şuşaya gedəndə hər dəfə baxıram ki, insanlar ümumiyyətlə Şuşada olmayıblar, amma “gedək İsa bulağından su içək, gətirək kiməsə verək, gedək nəbilim Gövhər Ağa Məscidində namaz qılaq”, deyirlər. İsa bulağının suyu adi sudu da, İsmayıllıda da həmin sudan var, Qəbələdə də həmin sudan var. Niyə insan ora gedir? O mifin arxasınca gedir, o obrazın arxasınca gedir. O obraz artıq onun içindədir və mən həmin müsahibədə qeyd eləmişdim ki, əslində Şuşaya gedən hər bir azərbaycanlı Şuşaya getmir, öz içinin dərinliklərinə düşür. Çünki onun oradakı bütün obrazlar artıq içində var, yəni o neçə illər əsir olan və azan səsinə həsrət qalmış Gövhərağa məscidi onun içində var, onun suyu qurumuş və ya düşmənin istifadə elədiyi palçıq basmış bir İsa bulağı var içində, bir sözlə, daxilində həmin obraz var.  Onun içində yağı düşmənin yallı vurub getdiyi Cıdır düzü obrazı var. Sən bilirsən ki, ora babalarının qurduğu yerdir, orada bizim qəhrəmanlıqlar nümayiş olunur. Ora nəyə görə indi səfehin biri gəlib yallı getməlidir. Yəni o obrazlar artıq bizim daxilimizdədir, Aysberqin görünməyən tərəfləri kimi. Şəhər olaraq o bina, o daş-divar onun görünən az bir hissəsidir. O baxımdan Şuşa haqqında nə yazılırsa, mən heç vaxt onun daşından, dağından,  yolunun təsvirini yaza bilmərəm. Ancaq o arxetip, obraz olaraq insanların içində nədirsə, hara gedib çıxırsa ondan yazaram. Məsəl üçün, o əsir şəhər obrazı, Ağdam, Füzuli dağıdılmış şəhərdir, bu başqa bir şeydir. Amma Şuşa həmişə ayağı zəncirdə olan bir əsir şəhər obrazında mənim üçün gəlib və canlı bir varlıqdır. Sadəcə yenə deyirəm, onun daşı, divarı, ağacı, bunlar hamısı aysberqin görünən  tərəfləridir, görünməyən tərəfləri isə daxilimizdədir. Ona yaxınlaşanda əslində öz içimizə düşmüş oluruq. Bir xalq xoşbəxtdir ki, onun Şuşa kimi aysberqi var. Hər xalqda elə bir şey yoxdur.


–  Qarabağa gedərkən hansı hisslər olub? Duyğulandığınız o, an….
–  Bilirsiniz, mən bir az zahiri hissiyyata meyilli adam deyiləm. O mənada ki, insan var hər şeydən təsirlənir və hər şeydən təsirlənib gözləri yaşarır. Mən də isə elə bir şey olmayıb. Bəzən məndə biraz reallıq hissinə qarşı keyimə olur. Ola bilər ki, misal üçün, çox arzuladığım, çox sevdiyim bir yerə gedim, yaxud bir insanla görüşüm həmin zaman heç bir şey hiss etməyim. Mən Şuşaya da gedəndə birinci səfərimizdə biraz səhhətimdə problemlər var idi. Bir az çox əziyyətlə gedib, gəldim. Ondan sonra müalicə prossesi aldım və biraz düzəldim. 
İkinci səfər gedəndə daha rahat getdim. Amma yenə deyim ki, qeyri-adi bir hiss, duyğu yox idi. Müəyyən məqamlarda açılışmalar, parıltılar gedirdi. Təsəvvür edin ki, neçə dəfə demişəm bu söhbəti, “Vaqif Poeziya Günləri”nin açılışından əvvəl ki, gün idi. Artıq yer hazırlanıb, stullar düzlüb, amma heç kim yox idi. 3-4 nəfər əsas təşkilatçılar orada idi. Gənc xanəndə ifa etməliydi, dedim oxuyun, mən dinləyim görüm qəzəlllərdə səhv var ya yoxdur. Birinci Xəyal Hüseynov oxudu, özü də Qarabağlıdır, sonuncu muğam müsabiqəsinin qalibidir. Təsəvvür edin ki, qəribə bir sakitçilik var. İki nəfər mənim yanımda oturub səs rejissoru, iki nəfər o biri tərəfdə iş görür, biri kabelləri çəkib düzəldir. Bir sözlə hazırlıq gedir. Onlar oxumağa başladı, “Şəddi Şəhnaz”da zəngulələr vurmağa başladı. Mənə elə gəldi ki, bütün ətrafdakı ağaclar, bitkilər, kollar muğam səsi, zəngulələr üçün necə darıxıblar. 30 ildi bunu gözləyirlər ki, bu səslər yayılsın. Birdən birə baxdım ki, oğlan oxuya-oxuya mənim gözümdən yaş gedir. Halbuki mən oğlanı 100 dəfə dinləmişdim və onun oxuduğu da mənim üçün qeyri-adi bir şey deyildi. Amma məhz orada, həmin məqamda mənim üçün nə açıldı? – Vaqif Məqbərəsi Cıdır düzünün yanındadır. Əvvəllər də həmin ərazidə bir xanəndə o tərəfdə oxuyurdu, bir xanəndə bir tərəfdə oxuyurdu. Elə bil ki, birdən-birə oğlanın oxumasıyla 100 illərdir orada oxunan muğamın, tarın, kamanın, bütün o zəngulələrin hamısının abu-havasını hiss etdim. O anda ağacların nisgili gəldi mənə, orada elə ağac var idi ki, 50-60 yaşı var. Bunlar o səs üçün necə darıxmışdılar, necə onu gözləyirdilər, bax onu hiss etdim. Orada mənə hal gəldi. Bir də Gövhərağa məscidinə yaxınlaşanda mənə həmin hal gəldi. Mənə qəribə bir hiss gəldi, “kimin qabağındayam?”, deyə. Necə bir varlıqdır ki, bu məni ittiham edir, “sən haradaydın bu vaxta qədər?”, deyə. Belə müəyyən məqamlarda hisslər olurdu. Amma yenə deyirəm də, mənim üçün əsas obraz o canlı varlıqlar deyil, içimdəki arxetiplərdi, oda ondan aralı oldun, yaxın-uzaq olsanda onsuz o yenə sənin içindədir. Onsuz 30 ildir ki, ondan aralıydıq və o bizim içimizdə  günü-gündən böyüyürdü. Azalmaq əvəzinə günü gündən böyüyürdü.


- 44 günlük zəfər tariximizdən hansı anlar yadınızdadır?
- Birinci gün. Birinci gün dəhşət bir şey idi. Bir o birinci gün çox yadımdadır. Birdə ki, birinci danışıqlar olan gün. Yadınıza gəlirsə, Moskvada gecə səhərə kimi otaqdan çıxmırdılar. Tək bizim deyil, hamımızın, bütün millətin yadından çıxmır həmin gün. Mənim indiyə kimi yadımdadır, yuxuya gedirdim, sonra oyanırdım ki, nəsə xəbər gələcək. Səhərə kimi yata bilməmişdim. Yəni birdən doğrudan saxlayarlar, birdən məcbur edərlər. Aprel döyüşlərində olduğu kimi məcbur edərlər, yaxud hansısa təsirlərlə, hansısa siyasi vasitələrlə imkan verməzlər, biz işimizi sona çatdıraq. Çünki danışıqlar gedən zaman az yer işğaldan azad edilmişdi. 
Mən əminəm ki, Azərbaycanın 90% həmin gecə yatmamışdı. Razılaşma olandan sonra atəşkəs razılaşması olanda hamının bütün əsəbləri korlandı, hamı hirsləndi və səhər xəbər çıxdı ki, davam edilir atəşkəs pozulub. Sənə deyim ki, bəlkə də birinci gündən daha çox 10 oktyabr görüşündən sonra döyüşün davam etməsinə Azərbaycan xalqı daha çox sevinmişdi. Qələbə sevinci məlum məsələ bir az qabaqcadan hazırıydıq, çünki qələbəyə doğru gedirdik. 
Başlanğıç günündə belə insanlarda bir qorxu varıydı ki, yox dayandıracaqlar, Aprel döyüşlərində olduğu kimi amma olmadi. Bu, artıq bir sirr deyil, hər kəs bilir ki, Aprel döyüşlərində ordumuz irəli getmişdi, amma danışıqların, razılaşmanın əsasında müəyyən qədər geri çəkildilər. Yəni həmin Aprel döyüşlərinin xofu varıydı ki, müharibəni saxlayacaqlar. O ki, səhər birinci atəşkəs pozuldu, hamı rahat nəfəs aldı. Yox, bu dəfə heç kimi qabağını alan deyil və bu dəfə sona qədər gedəcəyik rahatlığı gəldi. Həmin gecə və həmin səhər camaatın içində olan rahatlıq dəhşət bir şey idi. Bu görüşdə həm məndə, həm də ətrafdakı insanlarda narahatçılığı hiss edirdim. Axşamın təəssüfü, səhərin sevinci. 
Əslində maraqlı bir şeydir. İnsan atəşkəsə sevinməlidir, müharibəyə üzülməli, amma ermənilər bu 30 ildə bizi elə qəzəbləndirmişdilər ki, biz atəşkəsə dilxor olub, döyüşə sevinirdik.
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.