Bakı 16˚C Sunny

"Şuşa müharibənin sonuncu nöqtəsi idi, musiqidə axırıncı "takt" kimi" - Fərhad Bədəlbəyli

Eksklüziv 18:36 28 sen, 2021

Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli öz yurduna qovuşmaq anını kövrək hisslərlə ifadə edib

"Şuşa müharibənin sonuncu nöqtəsi idi, musiqidə axırıncı "takt" kimi" - <span style="color:red">Fərhad Bədəlbəyli</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 43-cü gündür.

44 GÜN LAYİHƏSİ
 

Qazet.az saytı qələbənin ildönümünə həsr etdiyi “44 Gün” adlı layihəsində möhtəşəm günlərə ziyalılarımızın baxışını əks etdirir.

Bu dəfə isə müsahibimiz əslən Şuşalı olan Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, musiqiçi Fərhad Bədəlbəylidir. Onun üçün bu günlər xüsusi məna daşıyır.

Musiqiçi uzun illər öz ata yurdundan ayrı yaşamaq hissinin ağırlığını oxuyucularla paylaşıb.

“Bu ayrılığı ifadə etmək mümkün deyil. Hər gün Şuşanı yuxuda görmək, hər gün görəsən bir də görəcəyəmmi demək çox çətindir”, deyə Fərhad Bədəlbəyli söyləyib.

O, müharibənin ilk günləri və Şuşada əsgərlərlə görüşü barəsində təəssüratlarını dilə gətirib.

“Uşaq kimi atlanıb-düşürdüm. Sonra yanvarda Poladla gedib qarlı Şuşanı gördük. Mənim həyatımın ən xoşbəxt günü idi. Əsgərlə birgə çörək kəsdik, onlarla təmasda olduq. Onlar aslanlar kimi vuruşub həmin dağları fəth etmişdilər, amma zahirən qəhramanlara oxşamırdılar, orta boylu adi insanlar idi”.

Fərhad Bədəlbəyli
xalq artisti

 

Müharibənin hər günü xalqımızın yaddaşından silinməyəcək. Lakin bəzi anlar var ki o xüsusi əhəmiyyət kəsb edir. Xalq artisti isə ilk və son günü bu dövr içində ən təsirli olduğunu hesab edir.

“Həmin gün adını çəkməyəcəm, kimsə mənə dedi ki, başladılar. Mən başa düşdüm ki, nə başladı. Əlbəttə bir tərəfdən xoşbəxt idim, o biri tərəfdən isə çox həyəcanlı idim, çünki bizim cavanlarımız ora getdi. Çoxlu şəhidimiz oldu.  Bu əsl müharibə idi. Mənim üçün ən əsası ilk və son gün idi. Hər gün cənab prezidentin müsahibələrini, onun elanlarını səbirsizlklə gözləyirdik. Füzuli, Qubadlı, Zəngilan və s., torpaqlarımızın azadlığını eşidənə eyforiya içində idik”, deyə Fərhad Bədəlbəyli hisslərini paylaşıb.

Azərbaycan Prezidenti 8 noyabrda mədəniyyət paytaxtımız Şuşanın azad edildiyini böyük qürurla elan etdi. Bu müharibənin zirvəsi idi, Qarabağın tacı geri dönmüşdü. Öz yurdunun azadlığını eşidən musiqiçi isə göz yaşlarına hakim ola bilməmişdi.

“Bunu demək olmaz, amma mən ağladım. Xoşbəxt idim, amma göz yaşlarımı saxlaya bilmədim. Kişi ağlayanda nə olar ki”, xalq artisti həmin anları təsirlənərək xatırlayır.

Ayrılıq hissinə son qoyan Şuşa görüşünü Fərhad Bədəlbəyli heç zaman unutmayacaq. O, yanvar ayında dostu, Azərbaycanın görkəmli sənətkarı Polad Bülbüloğlu ilə ata yurduna baş çəkmişdi.

“Bilirsiniz, bu möcüzə idi, Şuşa qarlı idi, 12-15 sm qar var idi. Amma həm də günəşli gün idi. Bir tərəfdən günəş, bir tərəfdən qar. Əlbəttə biz Poladla uşaq kimi ora-bura qaçırdıq. Birinci məscidə getdik, diz üstə dedik ki, Ay Allah sənə qurban olum, bu xoşbəxtliyi bizə bəxş etdin, min şükür sənə!”, deyə xalq artisti ilk dəfə Şuşaya ayaq basmağından danışıb.

Hər iki sənətkar əfsanəvi Bülbülün evinə baş çəkib. Azərbaycanın dahi sənətkarının dağılmış evi onları çox təəsirləndirib.

“Amma biz tamamilə başqa bir ab-hava ilə o evə girdik. Bundan əvvəl, 2007-ci ildə də Şuşada olmuşduq, lakin həmin səfər çox kədərli idi. Bu dəfə biz öz evimiz kimi girdik. Sağ olsun Polad, bu aylar ərzində atasının evini ən yüksək səviyyədə bərpa edib, indi bütün turistlər ev muzeyinə gedir və gedəcək. Şuşa axırıncı nöqtə idi. Musiqidə axırıncı takt deyilən yer var. Möhtəşəm əsərlərdə ona ilk forte deyirlər, bütün orkestra çalır. Şuşa Koroğlu üverturasında olduğu kimi, bax belə bir nöqtə idi. Mən xoşbəxtəm ki, mayda keçirilən festivalda iştirak etdim. Orada Qara Qarayevin, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun və öz əsərimi ifa etdik. Bəlkə bu il pandemiya bizim planlarımızı pozdu, amma əsas odur ki, biz qalib gəlmişik. Qalan ayrı məsələlər xırda problemdir, onu həll etmək olar”, deyə Fərhad Bədəlbəyli fikrini bitirib.

Ülvi Əhmədli


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.