Bakı 14˚C Intermittent clouds

"Şuşanın mədəni mühiti sayəsində Azərbaycanın musiqi və mədəni həyatında yenidən parlaq səhifələr açılacaqdır" - Siyavuş Kərimi

Eksklüziv 21:35 06 noy, 2021

"Bu gün Azərbaycanın qələbəsi davamlı inkişaf üçün parlaq fürsətlər yaradır"

"Şuşanın mədəni mühiti sayəsində Azərbaycanın musiqi və mədəni həyatında yenidən parlaq səhifələr açılacaqdır" - <span style="color:red">Siyavuş Kərimi</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 4-cü gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Vətən müharibəsi və onun mədəniyyətimizdə əks olunması ilə bağlı Qazet.az-a müsahibə verib.

 

– 44 günlük Vətən müharibəsi ərəfəsi xatirinizdə necə qalib? 

– Bu gün biz böyük fəxarət hissiylə qeyd edirik ki, Azərbaycanın Qarabağ bölgəsi işğaldan azaddır. Ulu Öndərin layiqli davamçısı, Ali baş komandan cənab İlham Əliyevin xüsusilə qeyd etdiyi “Qarabağ Azərbaycandır” şüarı erməni silahlı qüvvələri tərəfindən işğal altında olan torpaqların hər qarışı uğrunda mübarizənin ideya qayəsi, zəfərə səsləyən rəhbər çağırışı oldu.

27 sentyabr 2020-ci ildə Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatı başladı, 44 gün davam edən Vətən müharibəsi müzəffər Azərbaycan ordusunun qələbəsi və düşmənin kapitulyasiya aktını qəbul etməsi ilə nəticələndi. 44 gün ərzində ordumuzun hər bir əsgəri, zabiti qəhrəmancasına döyüşdü, torpaqlarımızın işğaldan azad olunması uğrunda igidlik, şücaət göstərdilər və böyük qələbəni əzmlə, cəsarətlə əldə etdilər. Rəşadətli Azərbaycan ordusu 44 gün ərzində 30 il müddətində əlçatmaz olaraq qalan bir uğura imza atmışdır. Otuz il əvvəl başlamış, bir çox dramatik və faciəvi dönəmlərdən, habelə dövlət quruculuğunun bir sıra mühüm mərhələlərindən keçən milli dirçəliş prosesi Azərbaycan Silahlı Qüvvələrinin şanlı qələbəsi ilə özünün ən yüksək zirvəsinə çatdı və uzun müddətdir işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələndi. Bu böyük qələbə Ali Baş Komandanın Ermənistanın hərbi təcavüzünə qarşı məharətlə nümayiş etdirdiyi müdrik diplomatiyası, dəqiq planları, cəsarəti, müharibənin fəal fazasında təmkin və qətiyyət nümayiş etdirməsi, ali məqsəd yolunda qəti inamı, həmçinin mübariz Azərbaycan ordusunun yenilməzliyi və polad iradəsi sayəsində əldə edilib. 

İkinci vətən müharibəsində hər bir azərbaycanlının nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.

Azərbaycanın qələbəsi uzun illərdir ki, region üçün böyük təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi həmçinin, yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.

 Biz bu qələbəni həm də ədalətin təntənəsi, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsi kimi qiymətləndiririk. İnanırıq ki, bu qələbə nəticəsində əldə olunmuş müsbət irəliləyişlər sülhün, sabitliyin, etimad mühitinin formalaşdırılması prosesində yeni dinamika yaradacaq.

 

– Vətən müharibəsi Azərbaycan musiqisində necə əks olunmalıdır?

– Düşünürəm ki, bu sahədə böyük işlər görülməlidir. Operalar, simfoniyalar yazılmalı, geniş həcmli musiqi layihələri həyata keçirilməli, beynəlxalq səviyyəli konfranslar, simpoziumlar təşkil olunmalıdır. Bütün bu layihələrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan ordusunun şanlı qələbəsi, ölkəmizin regionda artan nüfüzu, torpağın hər qarışı uğrunda canını fəda edən şəhidlərimiz, qəhrəman qazilərimiz, müasir hərbi bilikləri ilə tarix yazan Azərbaycan silahlı qüvvələrinin hər bir fərdi mükəmməl və müfəssəl formada təqdim olunmalıdır.

 

– Qarabağ bizim mədəniyyət beşiyimizdir. Onun azadlığı və bundan sonrakı mövqeyini necə görürsünüz? 

– Azərbaycanın mədəni paytaxtı, təkrarsız maddi və qeyri-maddi mədəniyyət abidələri ilə seçilən Şuşa, Azərbaycan musiqisinin məbədi hesab olunur. Bu ulu torpaq musiqi mədəniyyətinə şöhrəti Azərbaycanın sərhədlərini aşan bir çox görkəmli musiqiçini bəxş etmişdir. Bildiyimiz kimi, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus mövqeyə malik olan Şuşa şəhəri yetirdiyi çoxsaylı xanəndə və sazəndələrin yüksək ifaçılıq mədəniyyəti sayəsində “Zaqafqaziyanın konservatoriyası” kimi yüksək ada layiq görülmüşdür. 

İnanıram ki, Ali Baş Komandan Cənab İlham Əliyevin sayəsində Şuşanın əvvəlki gözəlliyi bərpa ediləcək, Şuşada qaynar həyat hökm sürəcək və əvvəl olduğu kimi yaxın gələcəkdə Şuşanın mədəni mühiti Azərbaycan ədəbiyyat və incəsənətin, xüsusilə də musiqi sənətinin inkişafına güclü təkan verəcəkdir ki, bunun sayəsində də Azərbaycanın musiqi və mədəni həyatında yenidən parlaq səhifələr açılacaqdır.

Bu gün Azərbaycanın qələbəsi nəhəng potensialı, artan geostrateji əhəmiyyəti olan bir bölgə üçün perspektivli və nadir imkanlar, inklüziv və hərtərəfli regional əməkdaşlıq, davamlı inkişaf üçün parlaq fürsətlər yaradır. Həmçinin Qarabağın tacı olan Şuşanın və digər ətraf rayonların işğaldan azad olunması regionda mədəni mühitin inkişafına zəmin yaradır ki, bu da ümumtürk arealının gələcək perspektivlərindən xəbər verir.

 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.