Bakı 3˚C Mostly cloudy

Tahir Gözəl: "Qarabağ"ın oyunu mənə ləzzət edir"

İdman 00:52 22 may, 2022

 "Nəticə elə də fərq etməyəcəkdi. Bir az həyəcan da var idi"

Tahir Gözəl: "Qarabağ"ın oyunu mənə ləzzət edir"

"Doqquzuncu çempionluğumuzdur. Çox sevincliyəm".

Qazet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Premyer Liqada medalçıların mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, "Neftçi"yə qarşı bugünkü oyunu yoldaşlıq matçı kimi gördüyünü bildirib: "Nəticə elə də fərq etməyəcəkdi. Bir az həyəcan da var idi".

T.Gözəl "Qarabağ"ın şəhid azarkeşi Məhəmmədəli İbrahimlinin arası tanışlığı özü üçün mənəvi hadisə adlandırıb: "Onun gözündəki müqəddəs işıq mənə təsir etdi. Hm sevincliyəm, həm də onun kədərini bölüşdüm. Çox unudulmaz gün yaşadım. Gözəl bir insanla tanış oldum".

Klub prezidenti avrokuboklara vəsiqə qazanan komandaların turnirə ciddi hazırlaşmalı olduqlarını söyləyib: "Hamısı bizimdir. Rəşad Sadıqov bizə doğmadır. "Zirə"yə uğurlar arzu edirəm. Bütün komandaları təbrik edirəm".

T.Gözəlin sözlərinə görə, bu çempionluğun xüsusi yeri var: "Komandamız avrokuboklarda oynamaqla təcrübə toplayır. Biz bunu hiss edirik. "Qarabağ"ın ləzzətli oyun tərzi var. Qurban hocanın illərdir çəkdiyi zəhmətlə bu dəsti-xətt yaranıb. Biz bunu adi oyun elementlərində də görürük. Komandanın oyunu mənə ləzzət edir".

Funksioner növbəti mövsümdə 10-cu çempionluğu qazanıb, 2-ci ulduzu komandanın formasında görməyi arzuladığını vurğulayıb: "Həmçinin, Çempionlar Liqasında növbəti dəfə qruplara qalmağımızı istərdim. Ümid edirəm ki, gələn mövsüm iki tarixi hadisəyə şahidlik edəcəyik".

T.Gözəl transfer siyasətinə də toxunub: "Baş məşqçi ilə danışmışıq. Bəzi futbolçular getmək istəyir. Onların məsələsini müzakirə etdik. Komandanın özəyini qorumağa çalışırıq. Qurban hoca dedi ki, 2 ad üzərində işləyirlər, hazır olanda mənə təqdim edəcək. Bu barədə fikir ayrılığımız yoxdur. Klub olaraq, onun istəklərinə cavab verməyə hazırıq".