Bakı 15˚C Mostly sunny

Tədris dilinin vətənpərvər cəmiyyətin formalaşmasına təsiri varmı? - Ekspertlər danışır

Eksklüziv 16:10 24 sen, 2021

Cəmiyyətin əsas müzakirə mövzusu olan tədris dilinin təsirləri ilə bağlı ekspertlər müxtəlif cür düşünür

Tədris dilinin vətənpərvər cəmiyyətin formalaşmasına təsiri varmı? - Ekspertlər danışır

Azərbaycan cəmiyyətində təhsilin xarici dildə aparılması və bunun vətənpərvər cəmiyyət formalaşdırılmasına təsiri zaman-zaman müzakirə mövzusuna çevrilir. Son günlərdə bir daha bu məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Bu mövzuda həm ziyalılarda, həm də sadə xalq arasında müəyyən fikir ayrılığı var. Bir qrup şəxs hansı dildə təhsil almağımızın xalqın formalaşmasında rol oynadığını düşünür. Lakin digər qrup isə vətənpərvərlikdə xarici dildə təhsilin az rol oynadığını hesab edir.

Qazet.az mövzuyla bağlı iki təhsil işçisinin fikrini alıb.

Cənubi Koreyanın Regionşünaslıq üzrə Hanquq universitetinin professoru Rövşən İbrahimov təhsildə əsas ünsürün dil deyil, keyfiyyət olduğunu düşünür.

“Təhsil məsələsində yalnız bir ölçü var, o da keyfiyyətdir. Bundan başqa, həmin təhsilin insanları gələcəkdə rahat şəkildə təmin etməsidir. Kim nə düşünürsə, bu, onun öz işidir. Bəzi insanlar xarici dildə təhsil məsələsini qaldıranda millətin formalaşmasını əsas götürürlər. Halbuki, dil bu prosesdə ünsürlərdən biri olsa da, əsas olanı deyil. Misal üçün Koreyanı götürək. Şimali və Cənubi Koreyada Koreya dili keçilir, lakin bu, tək bir millət formalaşdırmayıb. Və yaxud Cənubi Azərbaycanda bizimlə eyni dildə danışan insanlar Qarabağ problemini bilsələr də, həmin torpaqlara və ya Ermənistanın özünə daşımalar həyata keçirib, gəlir əldə edirlər”

Rövşən İbrahimov
Hanquq universitetinin professoru

Onun sözlərinə görə, keyfiyyət həm də millətə xeyirli olmaq üçün önəmlidir: “Biz xarici ölkələrdə azərbaycanlıların nailiyyəti ilə qürur duyuruq. Nəzərə alaq ki, bu da azərbaycan dili ilə formalaşmayıb. Keyfiyyətli şəkildə təhsil üçün, elmin həmin dildə uyğun mənimsənilməsidir. Tərcümələr də olmalıdır, lakin biz 10 milyonluq xalqıq və hər şeyi tərcümə edə bilmərik. Bunun üçün də əgər biz xarici dil bilməsək onda dünyada gedən tərəqqidən geri qala bilərik. Qeyd edim ki, sadəcə bir xarici dil də kifayət etmir”.

Rövşən İbrahimov vətənpərvərlik məsələsində yeganə faktorun dil olmadığını hesab edir. Onun fikrincə bəzi şəxslər dili bilmədən də çox işlər görür.

“Bizdə belə bir paradoks da var ki, Azərbaycan dilinin qorunmasından danışan insanlar heç özləri bu dildən düzgün istifadə edə bilmirlər. Onlar çoxlu qrammatik səhvlər edirlər və bu iddianı irəli sürürlər”, deyə ekspert fikrini tamamlayıb.

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində müəllim olan Aytən Qurbanova isə əksinə tədris dilinin önəmli olduğunu fikirləşir.

O, ilk öncə xaricdə təhsil almağa qarşı cəmiyyətdə yaranan düşüncələrin qorxudan deyil, tarixi yaddaşdan irəli gələn qabaqlayıcı addım olduğunu qeyd edib.

“Xüsusilə rus bölməsinə qarşı mühafizəkar yanaşması olan insanların olması tamamilə başa düşüləndir. 70 il Sovet əsarətində yaşamışıq və bu dövrdə bütün ideologiyalar təhsil vasitəsi ilə yayılıb. Hətta bu ideologiyalar qalıcı şəkildə yeridilib, çünki bu gün də insanların düşüncələrində mövcuddur. Davamlı şəkildə rus bölmələrinin fəaliyyəti, bir növ başqa formada həmin ideologiyaların təsirinin davam etməsinə şərait yarada bilər. Məktəbəqədər təhsil, ibtidai, orta və ali təhsilini rus dilində alan şəxslər informasiyanı əldə etmək istədikdə axtarış sistemlərində ilk öncə rus dilli mənbələrə müraciət edəcək. Ona görə də onun oxuduqları birtərəfli olaraq Azərbaycanın deyil, Rusiyanın maraqlarına əsaslanacaq”, 

Aytən Qurbanova
Bakı Dövlət Universitetinin müəllimi

 

Övladlarını rus bölmələrində təhsil almasına yönləndirən valideynlər məsələsinə toxunan Aytən Qurbanova bunun anlaşılan olduğunu söyləyib.

“Övladlarını rus dili bölməsinə yönləndirən valideynlərin fikrincə, uşaqları nə qədər çox dil bilsə, bir o qədər faydalıdır. Amma bu dildə təhsil almaq mütləq deyil, hər bir insan digər dilləri də öyrənə bilər. Buna görə də övladlarımızı rus dilində oxumağa təşviq etməyimiz mütləq deyil”, deyə ekspert qeyd edib.

Rus dili bölmələrində Azərbaycan dili və ədəbiyyatına çox da yer verilmir. Bu isə xalqın formalaşmasında müəyyən təsirlərə malik ola bilər. Bu barədə fikirlərini bölüşən ekspert xarici dildə təhsildə bizim mədəniyyətimizin öyrənilməsinə az yer verilməsinin mənfi təsirlərinin olduğunu hesab edir.

“Rus ədəbiyyatı və mədəniyyəti ilə bağlı dərslərin daha çox tədris olunmasını və Azərbaycan dili ilə bağlı dərs saatlarının kifayət etməməsini həmin şagirdlərin Azərbaycan dilindən yığdıqları baldan görmək olar. Misal üçün, Azərbaycanda məktəblərin birində təhsil ingilis dilindədir və Azərbaycan tarixi və dili tədris edilmir. Düzdür, Azərbaycan Təhsil Nazirliyi həmin məktəblərin attestatını tanımır. Lakin orada təhsil alan Azərbaycan və xarici ölkə vətəndaşları bizim dilimizi və tariximizi bilmədən təhsilini başa vururlar. Hər hansı insan Azərbaycan dilini və tarixini bilmədən vətənpərvərlikdən danışa bilməz”, deyə ekspert hesab edir.

Onun sözlərinə görə, biz öz mədəniyyətimizi ölkəmizdə yaşayan xarici vətəndaşlara da öyrətməliyik. Bu işdə isə əsas amil təhsildir: “Azərbaycanda yerləşən diplomatik korpusun nümyəndələrinin (red. - xarici səfirliklər və konsulluqlar), bəzi xarici iş adamlarının övladları Azərbaycanda yaşayıb, bizim dili və tariximizi öyrənmirsə, biz öz ölkəmizdə hal-hazırda bunun təbliğatını həyata keçirməliyik. Bunun da əsas yolu təhsildir. Təhsil dedikdə, Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə tarix və ədəbiyyat, dil tədris olunmur. Bunun yoxluğunun vurduğu ziyanı təsəvvür etmək isə çətin deyil”.

Vətənpərvərlik və dil arasında əlaqəyə toxunan ekspert bu məsələdə xüsusilə təhsilin hansı pilləsində yerli dildə tədrisin vacibliyinə diqqət çəkib: “Hansı dildə təhsil almağımızla vətənpərvərlik arasında əlaqədə ali təhsil səviyyəsində bağ olmaya bilər, amma ibtidai və orta təhsildə təsirləri böyükdür. Biz ibtidai və orta təhsili hansı dildə alırıqsa, bizim düşüncə tərzimiz və həyata yanaşmamız həmin dildə olan məlumat bazası ilə yüklənir. Bu dildə olan məlumat bazası da həmin dildə olan maraqlara əsaslanacaq. Mən İtalyda Pavia Universitetində təcrübə keçmək imkanı əldə etmişdim. Mən onlara digər bakalavrların dərslərində iştirak etmək istədiyimi bildirdim. Onlar dedilər ki, bizdə sizin təcrübə keçdiyiniz beynəlxalq qrupdan (red. - xarici tələbələrin iştirak etdiyi qruplar) başqa heç bir qrupda ingilis dilində bu fənlər tədris edilmir. Mən bunun səbəbini soruşanda, professorlar bir insanın bir ixtisası yalnız öz dilində mükəmməl öyrənə biləcəyini söylədilər. Onlar bunu hətta bakalavr pilləsinə də aid edirlər. Yəni bakalavrı öz dillərində bitirdikdən sonra xarici dildə magistr və doktorantura pilləsində təhsil ala bilərlər”.

Son olaraq, ekspert təhsilin bütün səviyyələrində xarici dildə tədrisin mənfi təsirlərinə toxunub.

“Düşünün ki, baxçadan başlayaraq ali təhsilə qədər və ali təhsil də daxil olmaqla bir insan xarici dildə təhsil alır və bu dildə düşünür. Həmin insanlar bu dildə məlumatları əldə edir və həmin tarixin və mədəniyyətin maraqlarının daşıyıcısına çevrilir. Bu, istəsək də istəməsək də, bir insanın necə formalaşdığının göstəricisidir. Təbii ki, istisnalar var. Misal üçün, bizim rus dilli və ya rus etnikindən olan vətəndaşlarımız arasında şəhidlərimiz və veteranlarımız var. Burada ailə amili də kifayət qədər rol oynayır. Rus dilli ailə öz övladını da bu bölməyə göndərəcək və bu şəkildə də davam edəcəklər”, deyə Aytən Qurbanova bildirib.

Ülvi Əhmədli