Bakı 6˚C Sunny

Tofiq Zülfüqarov Soçi görüşü haqda: "Paşinyana təzyiq ediləcək"

Eksklüziv 21:47 23 noy, 2021

Azərbaycanın keçmiş XİN başçısı 26 noyabrda keçiriləcək Soçi görüşündən danışıb

Tofiq Zülfüqarov Soçi görüşü haqda: <span style="color:red">"Paşinyana təzyiq ediləcək"</span>

Bu gün Soçidə noyabr ayının 26-da Rusiya Prezidenti Vladimir Putinin ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüş keçirəcəyi bildirilib.

Qeyd edək ki, bu ayın 16-da Azərbaycan-Ermənistan sərhədində toqquşma yaşanıb. Azərbaycan ordusu sərhəd toqquşmasında 7 əsgər şəhid verib. Mütəmadi olaraq atəşkəsin pozulması və Ermənistan tərəfində təxribatlar Bakı ilə İrəvan arasında ciddi gərginlik yaşadıb.

Bu gərginlikdən sonra Avropa İttifaqı dekabrın 15-də Brüsseldə baş tutacaq Şərq Tərəfdaşlığı sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyanın qarşılıqlı görüşü üçün təşəbbüs irəli sürüb. Bu gün isə Kreml iki liderin Vladimir Putinlə görüşəcəyini açıqlayıb.

Bəs bu görüşlər hansısa nəticələr verə bilərmi? Gərginlik bundan sonra azala bilərmi?

Qazet.az bu suallara cavab tapmaq üçün Azərbaycanın sabiq XİN başçısı Tofiq Zülfüqarovun fikirlərini öyrənib.

Sabiq diplomat ilk öncə iki görüş arasında fərqə toxunub: “Brüsseldə keçirilən görüşə Aİ tərəfindən təşəbbüs göstərilib. Aİ sadəcə olaraq Şərq Tərəfdaşlığı sammitindən istifadə edərək onlara görüş imkanı verir. Soçi görüşü isə bir növ formatdır. Bunun nəticəsində 10 noyabr bəyanatı qəbul edilib. Bu bəyanatda atəşkəs və digər məsələlər öz əksini tapıb”.

Ekspert Soçi görüşünün mahiyyətini 11 yanvar bəyanatı ilə əlaqələndirib. Onun fikrincə, 26 noyabrda bir sıra həllini tapmayan məsələlər gündəmə çıxarılacaq.

“11 yanvar bəyanatından sonra Azərbaycan və Ermənistan arasında baş nazirlərin müavinləri səviyyəsində bir neçə dəfə görüş keçirilib. Ermənistan isə daha sonra görüşlərdən imtina edib. Çünki orada konkret məsələlər müzakirə edilirdi. Misal üçün Zəngəzur dəhlizi necə açılmalıdır və hansı işlər görülməldiir. Burda daha konkret mövzular ortaya çıxarıla bilər. Ya da delimitasiya mövzusunu götürsək bu da Moskva ilə daha əlaqəlidir, çünki xəritələrin böyük qismi oradadır. Yerdə qalan vəziyyət daha çox Rusiya üçün bəllidir. Bu baxımdan həll edilməyən mövzuların uzadılmaması və nəticələrin əldə edilməsi üçün Paşinyana təzyiqlər olacağını gözləyirəm”.

Tofiq Zülfüqarov
Azərbaycanın sabiq xarici işlər naziri

 

Sabiq diplomat burada Zəngəzur ilə bağlı Laçın dəhlizinin müzakirə edilməsinin vacibliyinə toxunub: “Çünki orada sülhməramlılar tərəfindən onlara məxsus olmayan vəzifələr həyata keçirilir. Məsələn, gömrüyə aid iqtisadi mühitin qorunması kimi işlər sülhməramlılar tərəfindən aparılmamalıdır. Bu baxımdan onların fəaliyyəti ilə bağlı düzəlişlər edilməlidir. Sülhməramlılar post-patrul xidmətini göstərməklə hansısa təhlükəsizliyi təmin etməklə öz vəzifələrini yerinə yetirə bilər. Mən Azərbaycanın bu məsələni gündəmə gətirəcəyini istisna etmirəm. Çünki Ermənistanda dəhlizlərdə suverenliklə bağlı uyğun olmayan fikirlər səsləndirilir”.

Azərbaycanda bəzi təhlilçilər diplomatik görüşlərdə Rusiya ilə Qərbin mübarizədə olduğunu qeyd edirlər. Tofiq Zülfüqarov bu fikirlərlə razı olmadığını bildirib. O, Brüsseldəki görüşün danışıqlar prosesinin getməsinə istinad verməyin lazım olmadığını vurğulayıb. Ekspert Azərbaycanın Brüssel görüşündən gözləntilərini də qeyd edib.

“Brüsseldəki görüş bizim bir sıra maraqlarımıza uyğundur. Çünki bizim Aİ-dən bəzi narazılıqlarımız var. Belə ki, Aİ humanitar yardımda aktiv deyil. Misal üçün, mina problemində. Həm Fransa, həm də Almaniya bizim bəzi konvensiyalara üzv olmadığımızı deyərək, bəhanə edib yardımdan imtina edirlər. Burda bizim məqsədimiz Minsk Qrupunun qarşısında qoyduğumuz məsələlərin gündəmə gətirilməsidir. Biz Aİ-nin humanitar məsələlərdə yardım etməyini və ermənilərin inteqrasiyasında köməklik etməyini gözləyirik. Brüsseldə hansısa mövzuların birmənalı və birdəfəlik həllini gözləmirəm. Misal üçün, delimitasiya və demarkasiya məsələsi uzun prosesdir və bir görüşlə həll oluna bilməz. Zəngəzur dəhlizi də həmçinin bir görüşlə həllini tapmayacaq. Sadəcə orada Aİ tərəfindən hansısa siyasi bəyanatlar verilə bilər.

 

Ülvi Əhmədli