Bakı 13˚C Cloudy

Türk lirəsinin çöküşü ilə Ərdoğanın qərarları arasında hansı əlaqə var? - Natiq Cəfərli cavablandırır

Eksklüziv 17:56 24 noy, 2021

Türk lirəsinin çöküşü həm siyasi, həm də iqtisadi qərarlarla bağlıdır

Türk lirəsinin çöküşü ilə Ərdoğanın qərarları arasında hansı əlaqə var? - <span style="color:red">Natiq Cəfərli cavablandırır</span>

Hazırda Türkiyədə böyük iqtisadi böhran baş verməkdədir. Bu böhranı mütəxəssislər müxtəlif səbəblərə əsasən açıqlayır. Dünən səhər saatlarında 1 dollar 11 lirəyə bərabər idisə, axşam saatlarında bu rəqəm artıq 13 idi. Dünən axşam saatlarında isə artıq marketlərdə malların satışında kvota qoyulduğuna dair fotoşəkillər sosial şəbəkələrdə yayılıb.

Həmçinin gecə saatlarında məşhur texnologiya markası "Apple" Türkiyədəki filiallarından satışları dayandırdığını açıqlayıb. Həmin saatlarda Ankara, İzmir, İstanbul və Samsun kimi iri şəhərlərdə yüzlərlə insanlar etiraz aksiyası keçirməyə başlayıb. Aksiyalar çox böyümədən polis tərəfindən dayandırılıb. 

Lirənin çöküşü ilə bağlı Qazet.az iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrini alıb.

Onun fikrincə, bu böhrana müəyyən qədər Türkiyə Prezidentinin təsiri var. Uçot dərəcələrinin mütəmadi olaraq endirilməsi hazırki vəziyyətin olmasına səbəb olub. Natiq Cəfərli həmçinin düşünür ki, son illərdə pandemiyanın əsas zərərinin turizm sektoruna dəyməsi Türkiyənin böyük məbləğlər itirməsinə gətirib çıxarıb.

“Səbəblər həm siyasi, həm iqtisadi, həm də idarəetmə sistemi ilə bağlıdır. Bütün dünyada mərkəzi banklar müstəqil siyasət yürütməli olan əsas iqtisadi oyunçulardan biridir. Yəni ölkədə siyasi rəhbərliyin dəyişməsindən asılı olmayaraq makroiqtisadi göstəriciləri və əsasən də pul kredit siyasətini tənzimləmək üçün mərkəzi bankların müstəqilliyi əsas şərtlərdən biridir. Təəssüf ki, son vaxtlar Türkiyə Mərkəzi Bankının bir ildə 3 sədrinin dəyişməsi və siyasi hakimiyyətin tez-tez baş verən müdaxilələri və faiz endirimi ilə bağlı basqıları bazar birjaları tərəfindən çox pis qarşılanır. Əslində inflyasiya yüksəkdirsə, məzənnə dəyişirsə və ucuzlaşırsa, bunun qarşısını almağın yollarından biri uçot dərəcəsinin (Mərkəzi Bankın faiz dərəcələri) artırılmasıdır. Amma Türkiyə Prezidenti dəfələrlə buna qarşı çıxıb. Bunun nəticəsi olaraq da faiz dərəcələri əksinə endirilməyə başlanıb. Son 65 gündə bu göstərici 3 faiz aşağı çəkilib. Bu, kifayət qədər ciddi göstəricidir və bununla da türk lirəsinin dəyərdən düşməsi sürətlənmiş olub".

Natiq Cəfərli
İqtisadçı-ekspert

 

Ekspert Türkiyənin valyutasının çökməsində enerji asılılığına da toxunub. O, son zamanlar qazın və neftin qiymətinin artmasının dollara olan tələbatın yüksəlməsinə səbəb olduğunu qeyd edib.

“Neft və qaz məhsullarını xaricdən almaq üçün valyutaya ehtiyac var. Bu da öz növbəsində türk lirəsinə daha da basqı yaradıb. Digər əsas səbəblərdən biri isə pandemiya ilə birlikdə turizm sektoruna dəyən zərərdir. Nəticə etibarı ilə Türkiyə turizmi ilə iqtisadiyyatını tarazlayan bir ölkədir. O zaman bu günkü devalvasiyanı müəyyən qədər anlamaq olar. Əvvəllər hər il demək olar ki, Türkiyəyə 40-45 milyard dollar sırf turizm sahəsindən gəlirdi”, deyə ekspert söyləyib.

Türkiyənin özəl sektorunun çoxlu xarici borclarının olmasını qeyd edən ekspert bunun türk lirəsinə mənfi təsirinin olduğunu bildirib.

"Hər ilin sonunda bu xarici borc yükünün azaldılması və kreditlərin geri qaytarılmasının zamanı yetişir. Bəzi məlumatlara görə, Türkiyə özəl sektoru dekabr ayında 60 milyard dollar kredit bağlamalıdır. Bunun qarşısını almaq üçün Mərkəzi Bank uçot dərəcəsini kəskin şəkildə artırmalıdır. Bu uçot dərəcələri birdən-birə 5-6 faiz artırılmalıdır. Ancaq bildiyimiz kimi Prezident Ərdoğan buna qarşıdır. Ona görə də türk lirəsinin gələcəyi ilə bağlı qısa müddət üçün müsbət hal gözləmirəm", deyə Natiq Cəfərli fikrini tamamlayıb.

 

Paşa Bayramov


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.