"Türk Şurası özünün inkişaf dövrünü yaşamaqdadır" - Ceyhun Bayramov
Azərbaycan13:5111 noyabr, 2021

Ceyhun Bayramov Türk Şurasının iclasında çıxış edib

"Türk Şurası özünün inkişaf dövrünü yaşamaqdadır" - <span style="color:red">Ceyhun Bayramov</span>
Bizi-da oxuyun

Azərbaycanın xarici işlər naziri cənab Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının səkkizinci iclasında çıxış edib.

XİN-dən Qazet.az-a verilən xəbərə görə, nazir bildirib ki, 2019-cu ilin 15 oktyabrında Türk Şurasının Bakıda keçirilən Yeddinci Zirvə Görüşündə Azərbaycan təşkilata sədrliyi öz üzərinə götürüb.

Onun sözlərinə görə, Azərbaycanın sədrliyi dövrü COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, təşkilat tam gücü ilə fəaliyyətini davam etdirib, həm üzv ölkələri arasında əməkdaşlıq daha da inkişaf edib, həm də təşkilatın beynəlxalq müstəvidə rolu artıb: “Bu xüsusda, üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində başda baş katib cənab Bağdat Amreyev olmaqla, Türk Şurası Katibliyinin heyətinin fəaliyyətini təqdir edirik.

Keçdiyimiz dövr ərzində Özbəkistan Respublikası Türk Şurasının tam hüquqlu üzvü olub, Türkmənistan təşkilatda müşahidəçi statusu alır. Məmnunluqla vurğulamaq istərdim ki, hazırda Türk Şurası özünün inkişaf dövrünü yaşamaqdadır, bu gün və sabah dövlətlərimiz tərəfindən qəbul ediləcək önəmli sənədlər bunun bariz göstəricisidir.

Gündəliyə uyğun olaraq, Baş katib keçən Zirvə Görüşündən bu günə qədər təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat verəcək. Mən də öz növbəmdə, sədr ölkənin xarici işlər naziri qismində sədrliyimizin bəzi önəmli məqamlarına toxunmaq istərdim.

10 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirilib. Bu görüş beynəlxalq təşkilatlar çərçivəsində COVID-19 pandemiyasına həsr olunmuş ilk tədbir olub. Zirvə Görüşünün nəticəsi olaraq ölkələrimiz arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı Prezidentlərin təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilib, qarşıya qoyulan hədəflər müzakirə olunub. Təqdirəlayiq haldır ki, sədrliyimiz dövründə səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, prokurorluq, ədliyyə və humanitar sahədə nazirlər və qurum rəhbərləri səviyyəsində yeni əməkdaşlıq mexanizmləri qurulub.

Bununla yanaşı, 31 mart 2021-ci ildə videokonfrans vasitəsilə Türk Şurasının qeyri-rəsmi Zirvə Görüşü baş tutub.

Eyni zamanda, 6 fevral 2020-ci ildə Bakı şəhərində Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası, həmçinin 27 sentyabr 2021-ci ildə İstanbul şəhərində “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası keçirilib. Belə ki, məmnunluqla vurğulamaq istərdim ki, Azərbaycanın sədrliyi dövründə aidiyyəti nazirlərin mütəmadi toplantıları ilə yanaşı, dövlət başçıları, eləcə də xarici işlər nazirləri səviyyəsində iclaslar keçirilib.

2018-ci ildə Macarıstanın təşkilatda müşahidəçi statusu alması ilə Türk Şurası Avropaya doğru açılıb. Sevindirici haldır ki, Macarıstan ilk günlərdən təşkilatda çox fəal olub və bunun sübutudur ki, 2019-cu ildə Macarıstanın təşəbbüsü ilə Budapeştdə Türk Şurası ilə Avropa təsisatları arasında əməkdaşlığı hədəfləyən və önəm kəsb edən Türk Şurası nümayəndəliyinin ofisi fəaliyyətə başlayıb”.

Nazir vurğulayıb ki, Türk Şurası ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətlərinə xüsusi önəm verilir: “Eyni zamanda, sözügedən təşkilatlar arasında əlaqələndirmə vacibdir, bu xüsusda Bakıda keçirilən sonuncu Zirvə Görüşü zamanı yaradılan koordinasiya şurasının işi daha da aktivləşməlidir”.

Fikriniz