Bakı 15˚C Mostly sunny

“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib

Gündəm 19:33 22 sen, 2021

Tədbirin sonunda Nizami Gəncəvi poeziyasına əsaslanan qısa müddətli musiqi proqramı təqdim edilib

“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib.

Qazet.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə ön sözlə açaraq, xalqımızın tarixi ədaləti bərpa edib zəfər çaldığı eyni zamanda ölkəmizdə pandemiyanın hökm sürdüyü dövrdə Üzeyir Hacıbəylinin adını daşıyan festivalın keçirilməsinin önəmindən bəhs edib.

Mövzu çərçivəsində konfransda beş məruzə səsləndi. ABİ-nın məsul katibi, əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin Azərbaycan etnomusiqişünaslığında rolu” mövzusunda çıxış edib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professoru İmruz Əfəndiyeva tanınmış teatrşünas Məmməd Sadıq Əfəndiyevin fəaliyyətindən söz açaraq “M.S.Əfəndiyevin Ü.Hacıbəylinin “Koroğlu” operası haqqında ilk elmi-tədqiqat məqaləsinə dair fikirlər” mövzusunda məruzə etdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova da “Ü.Hacıbəylinin yaradıcılığında milli məfkurə və türkçülük ideyalarının təcəssümü” məsələsi ilə bağlı fikirlərini bölüşüb.

Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimlərindən biri, musiqili teatr mədəniyyətimizin banilərindən olan Müslüm Maqomayevin fəaliyyətinə dair tarixi-faktoloji materiallar əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın məruzəsində açıqlanıb. Konfransın son məruzəsi Bakı Musiqi Kollecinin və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimi Rəhilə Abbasovaya aid olub. Üzeyir bəyin vətənpərvərlik ənənələri və humanist prinsiplərinin Əşrəf Abbasovun fəaliyyətində örnək kimi əhəmiyyətindən bəhs olunub.

Tədbirin sonunda Nizami Gəncəvi poeziyasına əsaslanan qısa müddətli musiqi proqramı təqdim edilib. Bəstəkarlar Lalə Cəfərovanın “Səbr et” qəzəl-romansı Əməkdar artist, tenor müğənni Fərid Əliyevin, Azər Dadaşovun “Sevgi qanaddır” qəzəl-romansı isə əməkdar artist, pianoçu Nərgiz Əliyeva ilə kamança ifaçısı Azər Hacıbalayevin ifasında səslənib.