"Xalqımızın bu qələbə ilə yaranan bütün ümidləri doğrulacaqdır" - Solmaz Tohidi
«44 gün»20:1724 oktyabr, 2021

Böyük qələbə Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü, xalqımızın əzmilə qazanılmışdır    

"Xalqımızın bu qələbə ilə yaranan bütün ümidləri doğrulacaqdır" - <span style="color:red">Solmaz Tohidi</span>
Bizi-da oxuyun

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 17-ci gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycan alimi, tarix elmlər doktoru Solmaz Tohidi Rüstəmova Qarabağın tarixi və İkinci Qarabağ müharibəsinin mahiyyətilə bağlı Qazet.az-a müsahibə verib.

– Qələbələr xalqların tarixində, milli düşüncəsində necə izlər buraxır?

– Qələbələr deyərkən, yəqin ki, müharibələrdə, işğalçılıq zəminində dövlətlər arasında gedən və bütün xalqın qatıldığı savaşlardakı qələbəni nəzərdə tutursunuz. Müstəmləkəçilik əleyhinə, öz milli dövlətçiliyi uğrunda xarici qüvvələrə qarşı aparılan silahlı mübarizə və milli-azadlıq hərəkatları da bu sıradandır. Təbii ki, belə savaşlarda qazanılan qələbə  həmin ölkələrin və xalqların tarixinə şərəfli bir səhifə kimi yazılır. Ən bariz nümunə kimi II Dünya müharibəsində faşizm üzərində qələbəni göstərmək olar. Bu qələbə ümümbəşəri tarixi əhəmiyyət daşıyırdı və qalib ölkələr və xalqlar tərəfindən bu gün də ən yüksək səviyyədə anılır. Bu qələbə eyni zamanda milli-irqi nəzəriyyələrə söykənən savaşların fəsadları ilə üzləşmiş xalqların düşüncəsində də dərin iz qoymuş və faşizmin yolverilməzliyi kimi qənaət yaratmışdır. Lakin qələbənin o biri üzü kimi məğlubiyyətin də işğalçı dövlətin tarixində və bu müharibəni aparmış xalqın düşüncəsində öz izlərini qoyduğu şübhəsizdir. Bu baxımdan XX əsrdə baş vermiş hər iki dünya müharibəsinin “təşəbbüsçüsü” Almaniya dövlətinin həmin müharibələrə görə daşıdığı məsuliyyətin etirafı, yaxud Vyetnamda özündən hər barədə zəif, lakin əzmli xalqa qarşı apardığı müharibəyə və xüsusilə törətdiyi vəhşiliklərə görə ABŞ cəmiyyətinin bu gün də yaşadığı  “günahkarlıq” sindromu göz qabağındadır. Əlcəzair xalqının öz milli azadlığı və dövlətçiliyi uğrunda Fransa müstəmləkəçilərinə qarşı apardığı mübarizədə qələbəsi və eyni zamanda  Fransa dövlətinin bu xalqın başına gətirdiyi cinayətlərə görə cavabdehliyini boynuna alması da deyilənlərə bariz nümunədir. Odur ki, 44 günlük savaşda qazanılan qələbə artıq Azərbaycanın XXI əsr tarixində öz şərəfli yerini tutmuşdur. Ümid edək ki, bu qələbə Azərbaycana qarşı milli-irqi  zəmində və ərazi iddiaları ilə apardığı müharibələrin nəticələrindən hələ də dərs almayan erməni xalqının da şüurunda nəhayət ki, dərin izlər qoyacaq, xüsusilə bu sonuncu məğlubiyyətə adekvat yanaşaraq nə vaxtsa xalqımız qarşısında öz günahlarını etiraf etməyə gətirib çıxaracaq.           

–  Azərbaycan son 100 ildə torpaq itkisi ilə üzləşib. Bu baxımdan qələbəmizi necə qiymətlənsirirsiniz?

– Azərbaycanın son 100 ildə torpaq itkilərinin ilkin və əsas səbəbləri dövlətçilik amili ilə əlaqədardır. Azərbaycan Cümhuriyyətinin yaranması və elanı ərəfəsində İrəvan şəhərinin və ətrafının  (9,2 min kv.km.)  ermənilərə güzəştə gedilməsi kağız üzərində elan edilmiş istiqlala reallıqda nail olmaq, Azərbaycan ərazilərini erməni-bolşevik işğalından azad etmək və həqiqi dövlət quruculuğuna başlamaq məqsədilə bir sıra məcburi şərtlər daxilində baş vermişdir. Cümhuriyyət dövrü Dağlıq Qarabağ və Zəngəzur torpaqları daxil ölkənin ərazisi 114 kv.km.  təşkil etmişdir. Azərbaycan SSR dövründə davamlı ərazi itkiləri,  əvvəlcə Zəngəzur mahalı, daha sonra müxtəlif kənd, meşə, və s. torpaqların (20 min.kv.km) Ermənistana verilməsi isə Azərbaycan Sovet dövlətin müstəqil olmadığı və bəzi Azərbaycan kommunist rəhbərlərin bu məsələdə səbatsızlığı kimi səbəblərlə şərtlənmişdir. 1988-ci ildə başlanan Qarabağ münaqişəsinin artıq 20 %-ə qədər ölkə ərazisinin itkisi ilə nəticələnməsi də demək olar ki, eyni səbəblərdən –  Sovet dövlətinin dağılmasına aparan proseslərin gedişində Ermənistanın Dağlıq Qarabağa iddiaları, Mərkəzin bu məsələdə əsasən işğalçını dəstəkləməsi, Azərbaycan kommunist rəhbərliyinin zəifliyi, daha sonra ölkədaxili hakimiyyət çəkişmələri fonunda baş vermişdir. Bu baxımdan 44 günlük savaşdakı qazanılan Böyük Qələbə və itirilmiş ərazilərin qaytarılması birmənalı olaraq Azərbaycan dövlətinin, onun başçısı – Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun və şübhəsiz ki, Azərbaycan xalqının öz torpaqlarını azad  etmək uğrunda əzminin və birliyinin nəticəsi kimi qiymətləndirilməlidir.  


–  Tarix faktlara əsaslansa da onun şərhi bəzən yanlış olur. Sizcə bizim tarixçilərimiz bu qələbənin əhəmiyyətini dünyaya necə tanıtmalıdır?
–  Bu məsələdə yalnız Azərbaycan tarixçilərinin deyil, ümumən, tarixi faktlara, sənədlərə və obyektivlik prinsipinə əsaslanan hər hansı tarixçinin heç bir problemi olmasın gərək. Belə ki, Dağlıq Qarabağın mənsubiyyətindən tutmuş ermənilərin bu ərazilərə iddiaları zəminində aparılan müharibələrə qədər tarixi həqiqət, ədalət və beynəlxalq hüquq həmişə Azərbaycanın tərəfində olmuşdur. Dövlətimizin və xalqımızın uzun illər bu münaqişənin sülh yolu ilə həlli üçün səbir və hətta Dağlıq Qarabağa geniş muxtariyyət kimi güzəştlərə hazırlıq nümayiş etdirməsi fonunda, 44 günlük müharibə və Böyük Qələbə həmin tarixi həqiqətin məntiqi davamı və son nöqtəsi kimi qəbul edilməlidir. Odur ki, bu qalibiyyətimizin yalnız savaş deyil, həm də haqqın və ədalətin qələbəsi kimi əhəmiyyətini bütün dünyaya bəyan etmək çətin deyil. Tarixçilərimiz, hüquqçularımız, ümumiyyətlə bu münaqişənin tarixindən az-çox xəbəri olan hər bir Azərbaycan vətəndaşı bu işin öhdəsindən bacarıqla gələ bilərlər. Bu tarixi hadisəyə bilərəkdən birtərəfli, qərəzli mövqedən yanaşanları isə istənilən halda inandırmaq mümkün deyil və zənnimcə, belə cəhdlərə heç ehtiyac da yoxdur.   


–  Cümhuriyyət dövründə Bakının azadlığı böyük əhəmiyyət kəsb etdi. Sizcə Qarabağın azadlığı bizim üçün yeni nəfəs olacaqmı? Müqayisəni necə görürsünüz? 
– Cümhuriyyət dövrü Bakı şəhərinin azad edilməsi birbaşa Azərbaycan dövlətçiliyinin varlığı ilə bağlı məsələ idi. Bir daha xatırladım ki, İrəvan şəhəri və ətrafı məhz bu məqsəd yolunda –  türk qoşunlarının yalnız bu şərtlə Azərbaycanın işğal altında olan torpaqlarını azad edəcəyi qarşısında – ermənilərə güzəştə gedilmişdi. Bakının azad olacağı artıq reallaşdığı bir dövrdə isə dünya dövlətləri - İngiltərə, Sovet Rusiyası, Almaniya və sair Bakının Azərbaycana mənsub olmayıb,  “sərbəst şəhər” (volnıy qorod) –  “hamının şəhəri” kimi  müstəqil qalması davasını edirdi. Bu təhlükənin qarşısını almaq üçün İstanbulda gərgin diplomatik mübarizə aparan M.Ə.Rəsulzadənin F.X.Xoyski və M.H.Hacinskiyə göndərdiyi məktublarda “Bakı azad edilməsə, əlvida Azərbaycan” – kimi təşviş dolu xəbərdarlığı da bu məsələnin Azərbaycan dövlətçiliyi üçün ölüm-dirim məsələsi olduğunu təsdiq edirdi.  Odur ki, bu gün Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi tarixi baxımdan Bakının azad edilməsi ilə deyil, həmin dövr elə Qarabağın Azərbaycandan qoparılması uğrunda gedən müharibə və bu müharibədə Cümhuriyyət ordusunun möhtəşəm qələbəsi ilə müqayisə oluna bilər. I dünya müharibəsinin gedişində nizami qoşunlar kimi formalaşmış yüz iyirmi minlik erməni hərbi qüvvələrinin böyük hissəsi hələ 1917-ci ildə  Zəngəzurun və Qarabağın böyük ərazilərini tutmuşdu. Cümhuriyyət hökuməti Bakı azad ediləndən dərhal sonra Qarabağa qoşun göndərərək bu ərazilərdə öz hakimiyyətini bərpa etmiş, mütəmadi olaraq “erməni qiyamları” kimi zühur edən, əslində müharibə xarakteri daşıyan hərbi çıxışları dəfələrlə silah gücünə yatırmalı olmuşdu. Bu sıradan sonuncu müharibə Ermənistan qoşunlarının və əli silah tutan yerli erməni əhalisinin 1920-ci il martın 24-də başladığı və bütün Qarabağı əhatə edən “erməni qiyamı” öz miqyasına görə əvvəlki vuruşlarla müqayisəyə belə gəlmirdi. Təsadüfi deyil ki, Cümhuriyyət hökuməti özünün bütün silahlı qüvvələrini – 40 minə yaxın Azərbaycan ordusunu, hətta Azərbaycan Parlamentinin azsaylı Mühafizə dəstəsini belə bölgələrdən Qarabağa gətirtmiş və bir aydan artıq gedən gərgin ağır döyüşlərdə böyük itkilər hesabına düşmənə qalib gəlmişdi. Bu baxımdan 1920-ci ildə Cümhuriyyət ordusunun Ermənistan və yerli silahlı erməni hərbi qüvvələrinə qarşı apardığı bu müharibə hərbi əməliyyatların miqyasına və səviyyəsinə görə əslində Azərbaycan hərb tarixində I Qarabağ müharibəsi sayılmalıdır. Həmin müharibənin Azərbaycanın XI Qırmızı Ordu tərəfindən işğalı ərəfəsində aparıldığı nəzərə alınarsa bu savaşda Cümhuriyyət Ordusunun qələbəsi xüsusilə böyük və tarixi əhəmiyyət daşıyır. Belə ki, bu qələbə ilə Cümhuriyyətin ərazi bütövlüyü qorunmuş, saxlanmış və  Qarabağ və Zəngəzur Azərbaycan torpaqları kimi Azərbaycan dövlətinin hüdudları daxilində qalmışdır. 
Odur ki, bu gün Ordumuzun Qarabağın və ətraf rayonların işğaldan azadlığı uğrunda Möhtəşəm Qələbəmizdən danışarkən bu Vətən torpaqları uğrunda əvvəlki müharibələrdə də döyüşmüş, şəhid və qazi olmuş bütün hərbçilərimizin xatirəsini yad etməliyik. 30 ilə yaxın müddət ərzində işğal faktı ilə barışmayan Azərbaycan xalqı üçün bu qələbənin əhəmiyyəti və onun oyatdığı ruh yüksəkliyi və verdiyi “yeni nəfəs” sözlə ifadə ediləsi deyil. İnanaq ki, xalqımızın bu qələbə ilə yaranan bütün ümidləri doğrulacaqdır.           
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Fikriniz

      Eksklüziv

      Hamısına bax