Bakı 14˚C Mostly sunny

Xalqın tarix yazdığı gün - Milli Dirçəliş Günü

Eksklüziv 13:50 17 noy, 2021

Azərbaycanın üçrəngli bayrağı meydana gətirildi və xalq öz tarixini yazdı

Xalqın tarix yazdığı gün - <span style="color:red">Milli Dirçəliş Günü</span>

Bu gün – noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür.

Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-azərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı-red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxıb. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməyib.

17 noyabr - Milli Dirçəliş Günü

Qazet.az bu tarixi günlə bağlı tarix üzrə fəlsəfə doktorları Firdovsiyyə Əhmədova Azad Rzayevdən müsahibə alıb.

17 noyabr tarixinin Milli Dirçəliş günü adlandırılmasına toxunan Firdovsiyyə Əhmədova bu tarixin Azərbaycan milli demokratik, azadlıq hərəkatının vüsət tapması, ilk dəfə xalqın ayağa qalxması öz haqqını tələb etməsilə bağlı adlanan gün olduğunu qeyd edib.
“Bəllidir ki, 17 noyabr tarixində Azərbaycan xalqı təcavüzə qarşı etiraz edərək, mütəşəkkil şəkildə indi Azadlıq meydanı adlanan məkana axışdı. Təssadüfi deyil ki, həmin vaxtda Topxana meşəsinin məhv edilməsilə bağlı xalqın etirazı, artıq mərkəzi hakimiyyətə qarşı bir siqnal idi. Bununla da göstərildi ki, bu xalq hansısa bir halda himayə etdikləri qüvvələrə ərazi güzəştinin gedilməsilə heç bir halda barışmayacaqdır”, deyə Firdovsiyyə Əhmədova əlavə edib.

Məhz 1988-ci ilin noyabrın 17-də Şuşada yerləşən məşhur, əzəmətli palıd, çinar meşəsi - Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq Azərbaycan xalqı Azadlıq meydanında (keçmiş Lenin meydanı) ilk mitinq keçirib. Mitinqin təşkil olunmasında məqsəd xalqın səsini Mərkəzə - Moskvaya çatdırmaq idi. O dövrün respublika hakimiyyətinin qarşısında xalqın adından əsasən üç tələb qoyulmuşdu:

 Topxana meşəsinin qırılması dayandırılsın;

–  Dağlıq Qarabağ muxtar vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətləri bərpa olunsun;

–  SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsi müzakirə olunsun, olunmazsa bizim deputatlar geriyə – Respublikaya qayıtmasınlar.

Adıçəkilən hadisələr Azərbaycan dövlətçiliyi tarixində çox mühüm bir hadisə oldu. Belə ki, Şimali Azərbaycan torpağında xalq mütəşəkkil şəkildə meydan hərəkatına başladı. Bu baxımdan milli məfkurənin, şürun oyanışında hərakatın böyük bir rolu oldu. 

Firdovsiyyə Əhmədovanın fikirlərinə görə, həmin günlərdə xalq sovet təffəkküründən uzaqlaşıb, öz tarixinə böyük bir diqqət yetirməyə başladı. 

“Azərbaycanın tarixi insanlara çatdırıldı, Azərbaycanın üçrəngli bayrağı meydana gətirildi və xalq artıq özünün real tarixi barəsində bilgilər əldə etməyə başladı. Ona görə 17 noyabr günü “Milli Dirçəliş Günü” kimi mühümdür ki, o gündən başlayaraq böyük bir prosesi və nəhayət etibarı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının rəsmi şəkildə status alması ilə nəticələnən aktla yekunlaşan bir prosesi özündə ehtiva edir”, deyə Firdovsiyyə Əhmədova müsahibədə bildirib.

Qeyd edək ki, Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.

Bu, il ilk dəfədir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bir şəraitdə qeyd olunur. Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlar azad edilib. 

Həmin günlərdə Azərbaycanda etirazların başlamasına və SSR-nin hansı səbəblərdən dağıldığına toxunan Azad Rzayev bildirib ki, “Həmin dövrdə SSRİ-nin dağılması sözsüz ki, yaxınlaşırdı. SSRİ-nin dağılmasından öncə ölkədə baş verən hadisələr zatən bunu göstərirdi. Bu ancaq iqtisadi məsələlərlə bağlı deyildi, burada həmçinin Azərbaycan-Ermənistan məsələsi də üzə çıxmışdı və həmin dövrdə hakimiyyətdə olan Qorbaçov çalışırdı ki, bu mübahisələrdən istifadə edərək SSRİ-ni dağıtsın. Azərbaycanda başlayan etiraz isə məhz ermənilərin etdiyi düzgün olmayan hadisələr əsasında başladı. İlkin məsələ azərbaycanlıların Ermənistandan qovulması, sonra Topxana meşəsinin qırılmasından başladı”, deyə tarixçi Azərbaycanda 17 noyabr etirazlarının başlamasını səbəb gətirib.

Azərbaycanda baş verən etirazlardan xalq üçün deyil, Azərbaycan hakimiyyəti kreslo davası üçün istifadə etdi və nəticə etibarilə “20 Yanvar” hadisəsi kimi Azərbaycan tarixinə qanlı bir səhifə əlavə olundu.

Kremlidə olan xüsusi görüşdən

“Həmin dövrdə Azərbaycan hakimiyyətində olan şəxslər isə ölkədə baş verən etirazların məhz SSRİ-yə qarşı olduğunu Moskvaya bildirirdi. Halbuki Azərbaycan hakimiyyəti uzaq görən olsaydı, onda bilərdilər ki, SSRİ dağılacaq və bu addımı atmazdılar. Məhz mən sonradan Azərbaycanın eks-prezidenti Heydər Əliyevin yazılarını və çıxışlarını izləyəndə buna şahid oldum ki, o hər tərəfli SSRİ-nin dağılmağa getdiyini qeyd edib. Qonşu ölkəmiz olan Gürcüstanda bunu çox yaxşı başa düşdülər, əfsuslar olsun ki, Azərbaycan hakimiyyəti bunu anlamadı, üstünə 20 yanvar hadisələri törətdi. Bunu etməkdə tək məqsəd var idi, öz vəzifələrində qala bilmək. Amma elə olmadı və Azərbaycanda Milli Azadlıq Hərəkatı başladı. Bu gün isə həmin tarixi günlərə baxanda bunun müasir Azərbaycanın müstəqilliyinə gedən yol olduğunu görürük”, deyə Azad Rzayev fikirlərinə əlavə edib. 
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.