Bakı 1˚C Windy

Avqustda mina partlayışından zərər çəkənlərin sayı

Cəmiyyət 16:40 06 sen, 2022
Avqustda mina partlayışından zərər çəkənlərin sayı

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin avqust ayı ərzində 6 hadisə (5 mina və bir partlamamış hərbi sursat hadisəsi) nəticəsində 8 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Qazet.az xəbər verir ki, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin məlumatında deyilir.

Qeyd olunub ki, nəticədə ANAMA-nın dörd mina təmizləyəni mina partlamasından, bir mülki şəxs partlamamış hərbi sursat partlayışından zərər çəkib. Bir hərbçi həlak olub və digər iki hərbçi isə yaralanıb. Mina hadisələrin hamısına piyada əleyhinə minalar, partlamamış hərbi sursat kimi isə əl qumbarasının alışdırıcısı səbəb olub.

Bildirilib ki, 2022-ci ilin iyul ayında hadisələr Füzuli, Kəlbəcər, Laçın, Qubadlı rayonlarının və Gəncə şəhərinin ərazisində baş verib. 2022-ci ilin ötən səkkiz ayında 2 nəfəri kasetli silah partlamasından olmaqla 4 nəfər həlak olub və 37 nəfər yaralanıb.

Məlumata görə, 2020-ci il noyabrın 10-dan 2022-ci il sentyabrın 1-dək minaların və partlamamış hərbi sursatların partlaması nəticəsində 202 nəfər (120 hərbçi, 82 mülki) yaralanıb, 40 nəfər (8 hərbçi, 32 mülki) həlak olub:

"Bütün rəsmi strukturların və vətəndaş cəmiyyəti təsisatlarının mütəmadi çağırışlarına baxmayaraq hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar. Həlak olanlar və yaralananlar arasında işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlərin və həmin ərazilərdə infrastruktur layihələrində çalışanların da olmasını nəzərə alaraq “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi növbəti dəfə əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar. İnfrastruktur layihələrinin və kənd təsərrüfatı işlərinin yerinə yetirilməsinə cəlb olunmuş vətandaşlarımız isə verilən təlimatlara ciddi əməl etməli və heç bir özfəaliyyətlə məşğul olmamalıdırlar".