Bakı 22˚C Windy

Avtomobil istehsalı azalır - Bu ölkədə qiymətlər artdı

Biznes 18:00 04 apr, 2022

İstehsaldakı problemlər qiymət artımı kimi özünü göstərməkdə davam edir

Avtomobil istehsalı azalır - Bu ölkədə qiymətlər artdı

Rusiya-Ukrayna müharibəsi avtomobil istehsalında onsuz da mövcud olan istehsal problemini dərinləşdirib.

Qazet.az-ın məlumatına görə, istehsaldakı problemlər qiymət artımı kimi özünü göstərməkdə davam edir.

Qlobal çip böhranı, təchizat zəncirinin pozulması və indi də Rusiya-Ukrayna müharibəsi avtomobil sənayesində böhranı getdikcə dərinləşdirir.

Sanksiyalar çərçivəsində Almaniyanın iki avtomobil nəhəngi Rusiyada istehsalına son verib.

Ukraynada elektrik kabelinin istehsalı da dayandırılıb.

Kabel çatışmazlığı Almaniya, Polşa və Çexiya kimi ölkələrin avtomobil zavodlarında istehsalı yavaşladıb.

Mineral tədarükçüsü olan Rusiyadan avtomobil istehsalında istifadə edilən metalların ixracı da azalıb. 

Bütün bu amillər avtomobil istehsalının azalmasına, qiymətlərin artmasına səbəb olub.

Rusiya avtomobil istehsalında böhrandan ən çox təsirlənən ölkələrdən biridir. 

Ölkədə yeni avtomobillərin qiymətləri 35-45 faiz artıb.

Qiymətlərin bahalaşması və real gəlirlərin azalması səbəbindən nəqliyyat vasitələrinə tələbat da zəifləyib. 

Mart ayında avtomobil satışları 60 faiz azalıb.

Ötən il ABŞ-da da yeni avtomobilin orta qiyməti 13 faiz artıb.

Sektordakı böhranın qısa müddətdə həlli çətin görünür. 

Beynəlxalq kredit reytinqi agentliyi “Standard and Poor's” dünya üzrə avtomobil istehsalı ilə bağlı proqnozunu aşağı salıb.

Buna görə həm bu il, həm də gələn il avtomobil istehsalında 2 milyon 600 min ədəd azalma olacaq. 

İstehsaldakı problemlərin qiymətləri daha da artıra biləcəyi təxmin edilir.