Bakı 22˚C Cloudy

Avtomobil və telefonlarda rüsumlar niyə qaldırıldı? - Ekspert rəyi

Eksklüziv 18:12 27 okt, 2021

Rüsumların dəqiq nə qədər artırılacağı haqqında hələ dəqiq məlumat verilməyib

Avtomobil və telefonlarda rüsumlar niyə qaldırıldı? - <span style="color:red">Ekspert rəyi</span>

Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsum artırılır.

Qazet.az-ın məlumatına əsasən, bu barədə "Dövlət rüsumu haqqında"qanuna dəyişiklik ediləcək.

Bununla birlikdə ölkəyə gətirilən avtomobillərin və telefonların qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləği artırılacaq. Qanuna dəyişiklik layihəsinin yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacağı gözlənir. 

Xatırladaq ki, bu artımın nə qədər olacağı ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Qazet.az-a açıqlaması zamanı bu mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycanda hökümət daha çox birbaşa nəzarət edə biləcəyi sahədə rüsumlar tətbiq etməyə üstünlük verir. 

“Azərbaycanda iqtisadiyyatın leqallaşdırılması imkanları daha çətindir və bu istiqamətdə toplanan büdcənin gəlirlərinin artırılması imkanları da aşağıdır. Hökümət isə daha çox birbaşa nəzarət edə biləcəyi sahədə rüsumlar tətbiq etməyə üstünlük verir. Dövlət Gömrük Komitəsi Azərbaycanda nəzarət, monitorinq qurumundan daha çox fiskal qurum kimi qiymətləndirilib".

Rəşad Həsənov
İqtisadçı-ekspert

 

"Bu fonda tətbiq edilən komissiyalar, eyni zamanda rüsumlar, daha yüksək səviyyədədir. Yəni büdcəyə alternativ mənbələrdən gəlirlərin təmin edilməsi çətin olduğundan və yaxud da bu istiqamətdə ciddi bir mövqe ortaya qoyulmadığı üçün hökumət daha asan yollara əl atır. Buna nümunə olaraq zamanında neft gəlirləri fonunda ölkədə pul kütləsinin artması, birdən-birə 2005-ci ildə istehlak istiqamətində yaranan imkanlarla birlikdə hökumətin özünə fiskal qurum yaratmasıdır” - deyə ekspert bildirib.

Ancaq bu rüsumların olduqca aşağı olduğu, formal xarakter daşıdığı nümunələr də var. Elə qonşu Gürcüstan bu rüsumların az olması ilə seçilən ölkələrdəndir. Məhz bu səbəblərdən də əksər hallarda regionda avtomobillərin ilk dayanacağı əsasən Gürcüstandır. 

Son yayılan məlumatlarda sadəcə rüsumların “artırılacağı” qeyd edilib. Burada dəqiq rəqəm yoxdur, ancaq ekspert Rəşad Həsənov düşünür ki, hər nə qədər artım olacaqsa, bu, özlüyündə uzun və orta müddətdə qiymət artımına gətirib çıxaracaq.

“Dövlət, əlində olan imkanlardan istifadə edərək büdcə daxil olmalarını artırmağa çalışır. Təbii ki, bu rüsumlara baxsaq, həmçinin dövlət rüsumları haqqında qanunlara nəzər yetirsək, bəzi hallarda rüsumların müəyyən bir qismi məsələn mobil telefonlara təyin edilən rüsumların 23%-i həmin sahədə fəaliyyət göstərən çalışanların maddi rifahının yüksəldilməsinə yönəldilir. Hazırki şərtlər daxilində avtomobillərə tətbiq edilən qeydiyyatla bağlı rüsumlar təxminən 100 manatdan 2 min manatadək dəyişir. Eyni zamanda bu kifayət qədər diferensial bir mexanizmdir, burada həm mühərriklərin gücünə əsasən, həm də onun istehsal tarixindən asılı olaraq dəyişən yanaşma var. Bu da orta bazar qiymətli avtomobillər üçün təxminən 10%-ə qədər xərc yükü formalaşdıra bilər. Rüsumların dəqiq nə qədər artırılacağı ilə bağlı əldə informasiya yoxdur. Bu artımın birbaşa qiymətlərə nə qədər təsir edəcəyini demək çətindir. Amma birmənalı olaraq demək lazımdır ki, əgər ciddi artımlar baş verəcəksə, həm telefonların, həm də avtomobillərin qeydiyyatı ilə qısa müddətli dövrdə olmasa da, orta və uzun müddətli dövrdə bu məhsulları ölkəyə idxal edən sahibkarlıq subyektləri həmin xərclər maya dəyərinə daxil olduğu üçün qiymət artımına gedəcəklər” - deyə ekspert açıqlayıb.

Xatırladaq ki, rüsumların nə qədər artırılacağı haqqında hələ dəqiq məlumat verilməyib.

Paşa Bayramov


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.