Bakı 32˚C Sunny

Azərbaycan bu layihədən 100 milyard qazanacaq

Biznes 20:20 04 fev, 2022

Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlərlə 100 milyard dollardan artıq gəlir əldə edəcək

Azərbaycan bu layihədən 100 milyard qazanacaq

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Toplantında Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış edib. Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın özünün valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir.

Qazet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir: “Çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilir”. 

Millət vəkili vurğulayıb ki, 2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsi ilə Avropaya mavi qaz ixracatına başlayıb: “Ötən il Avropaya 7 milyard kubmetr mavi qaz nəql edilib. Bu il bu rəqəmin 10 milyard kubmetrədək yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql edəcək. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31,5 milyard kubmetr olacaq ki, bu da praktik olaraq Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq”.

V.Bayramov əlavə edib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir: “Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlərlə 100 milyard dollardan artıq gəlir əldə edəcək”.