Bakı 6˚C Dreary

Azərbaycan əhalisi pulunun çoxunu ərzağa xərcləyir

Cəmiyyət 18:38 15 okt, 2021

 Bir ölkə sakini ayda 336,8 manatlıq ərzaq məhsulları alır

Azərbaycan əhalisi pulunun çoxunu ərzağa xərcləyir

Dövlət Statistika Komitəsi yanvar-sentyabr aylarının göstəricisini yayıb

2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30350,1 milyon manatlıq, o cümlədən 16406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13943,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən (DSK) Qazet.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.

Rəsmi məlumata görə, hesabat dövründə əmtəə bazarı bu göstəricilərlə xarakterizə olunub: “Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,5 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 2021-ci ilin yanvar-sentyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27,4 faizi ticarət müəssisələri, 49,1 faizi fərdi sahibkarlar tərəfindən, 23,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,5 faiz artıb, fərdi sahibkarlar üzrə 2,7 faiz, bazar və yarmarkalarda 3,9 faiz azalıb”.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 336,8 manatlıq, o cümlədən 182,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,7 manatlıq qeyri-ərzaq malları alıb.