Bakı 17˚C Mostly cloudy

Azərbaycan enerji resurslarının Avropaya tədarük coğrafiyasını genişləndirir

Biznes 18:22 22 dek, 2022
Azərbaycan enerji resurslarının Avropaya tədarük coğrafiyasını genişləndirir

Azərbaycan növbəti ildən Serbiyaya qaz nəqlinə başlaya bilər ki, bu da ölkənin enerji təchizatı coğrafiyasını daha da genişləndirir və onun Avropanın mühüm enerji tərəfdaşı kimi əhəmiyyətini artırır.

Qazet.az xəbər verir ki, ötən gün Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana işgüzar səfəri başa çatıb, səfər zamanı digər məsələlərlə yanaşı, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq da müzakirə olunub.

Rusiya qazından asılı olan Avropa ölkələrinin qaz tədarükünün yeni yollarını axtarmağa başladığını və təbii ki, Azərbaycanın onlar üçün əsas tərəfdaşa çevrildiyini nəzərə alsaq, bu məsələ xüsusi əhəmiyyət kəsb edir.

“Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”, - Azərbaycan Prezidenti İlham Əliyev serbiyalı həmkarı ilə görüşdən sonra bəyanatında deyib.

Avropa İttifaqı (Aİ) ölkələrinin, xüsusilə də Ukraynadakı müharibə ilə əlaqədar yaranan böhran səbəbindən enerji resursları çatışmazlığına qarşı daha həssas olan Şərqi Avropa ölkələrinin Azərbaycana fəal müraciəti ölkənin Köhnə Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunun vacibliyini bir daha göstərdi.

Noyabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” arasında müqavilə imzalanıb. Müqavilə 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur. Azərbaycan qazının Avropada yeni alıcıya çatdırılmasını təmin edən müqavilə ölkəmizin müxtəlif Avropa ölkələri ilə yeni ikitərəfli tərəfdaşlıqlar çərçivəsində qaz tədarükünün şaxələndirilməsi üzrə strateji hədəflərinə xidmət edir.

Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

"Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir", - Azərbaycan Prezidenti İlham Əliyev Əliyev dekabrın 17-də sazişin imzalandığı Buxarestdə çıxışı zamanı bildirib.

Əslində, Azərbaycan ilə Avropa arasında əməkdaşlığın genişləndirilməsinin əsası bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı qoyulub. Həmin səfər çrçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

2020-ci ildə Cənub Qaz Dəhlizinin işə salınması da Azərbaycan ilə Avropa arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verib. Bu layihəyə “Şahdəniz” yatağının işlənməsi, Azərbaycandan İtaliyanın cənubuna qədər uzanan qaz kəmərləri zənciri daxildir. Cənub Qaz Dəhlizi məhz Azərbaycandan Aİ-yə təbii qaz tədarükünü şaxələndirmək üçün yaradılıb.

Bir sözlə, Azərbaycan enerji sektorunda Avropa ölkələri ilə əməkdaşlığı davam etdirir, onu genişləndirir və Aİ-nin enerji resurslarının etibarlı təchizatçısı olaraq qalır.