Bakı 3˚C Cloudy

Azərbaycan İkinci Qarabağ müharibəsində zəfər qazandı - Zəfərin ildönümü qeyd edilir

Eksklüziv 22:57 09 noy, 2021

Azərbaycan noyabrın 8-də Zəfər bayramını qeyd edir

Azərbaycan İkinci Qarabağ müharibəsində zəfər qazandı - <span style="color:red">Zəfərin ildönümü qeyd edilir</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün Zəfər günüdür.

44 GÜN LAYİHƏSİ
 

 

Qazet.az “44 Gün” layihəsi əsasında 44 günlük Vətən müharibəsi və ildönümü qeyd edilən “Zəfər” bayramıla bağlı yazı dərc edib.

İkinci Qarabağ Müharibəsi - topçu Vüsal Şahkərimov

Müharibənin ilk günləri….

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saat, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. 

 

44 Günün sonu….

Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda Prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən, Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Zəfər Paradı

Bir ildən sonra...

Azərbaycan noyabrın 8-də İkinci Qarabağ müharibəsində qalibiyyətinin ildönümünü Zəfər bayramı ilə qeyd edir.

Zəfər günü bir il bundan əvvəl, 8 noyabrda azad edilmiş Şuşa şəhərində və ölkənin digər ərazilərində təntənə ilə qeyd edilib.

Prezident İlham Əliyev  8 noyabr 2021 - Şuşa

"Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik", Prezident İlham Əliyev hərbçilər qarşısında çıxışında deyib.

Paytaxt Bakıda isə Zəfər Günü yürüşü keçirilib. Məlumatına görə, Zəfər yürüşü Azneft dairəsindən "Ağ şəhər" bulvarınadək istiqamətlənib.

Bakıda Zəfər Günü yürüşü
Zəfər yürüyüşü 8 noyabr 2021 - Bakı

Yürüşün önündə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını aparıblar.

Məlumata görə, yürüşü süvari dəstəsi müşayiət edib və hərbi orkestrlərin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirilib.

2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Şuşa da daxil olmaqla, 30 ilə yaxın işğal altında olan ərazilərini yenidən nəzarət altına alıb. Bu münasibətlə ölkə ərazisində bayram günü qeyd edilib. Günün sonunda isə Zəfər bayramı Bakıda və Şuşada edilən atəşfəşanlıqla xoş yaddaşlarda qalıb.

 

Tərtib etdi: Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.