Azərbaycan informasiya təhlükəsizliyi mövzusunda nə dərəcədə geri qalır? - Ekspert rəyi
"Dünyada sırf bu məsələlərlə bağlı dəfələrlə Google, Apple və Facebook (Meta) kimi qurumlara sanksiyalar tətbiq edilib"

Bu gün 30 noyabr dünyada "Beynəlxalq İnformasiya Təhlükəsizliyi" günü kimi qeyd olunur. İnformasiya Təhlükəsizliyi sadəcə məlumatları icazəsiz girişdən qorumaqdan ibarət deyil. Bu özlüyündə geniş sahə olmaqla bərabər, həm də kompleks bir yanaşmadır. İnformasiya təhlükəsizliyi, əsasən, məlumata icazəsiz daxil olmadan əlavə, onun istifadəsi, pozulması, dəyişdirilməsi, təftişi, qeydə alınması və ya məhv edilməsinin qarşısının alınması təcrübəsidir. Həmin bu informasiya fiziki və ya elektron ola bilər. Bu məlumatlar sizin şəxsi həyatınıza da aid ola bilər, başqa şəxslərin görməsini və bilməsini qəti şəkildə istəməyəcəyiniz datalar ola bilər. Sosial mediadakı profilinizi, mobil telefonunuzdakı məlumatlarınızı, biometrik məlumatlarınızı və s. buna nümunə çəkmək olar. Beləliklə, İnformasiya təhlükəsizliyi kriptoqrafiya, mobil hesablama, kiber məhkəmə, onlayn sosial media və s. kimi bir çox tədqiqat sahələrini əhatə edir.
Mövzu ilə əlaqədar Qazet.az-ın suallarını informasiya təhlükəsizliyi üzrə ekspert Osman Gündüz cavablandırıb. Onun fikincə, insanların məlumatları və şəxsi həyatlarının qorunması ilə bağlı dünyada vacib addımlar atılmaqdadır. Bununla bağlı artıq bir neçə qabaqlayıcı hüquqi normalar qəbul edilib.
"Texnologiya inkişaf etdikcə təhlükəsizliklə bağlı təhdidlər də öz sürəti ilə yaranmağa davam edir. Son dövrlərdə süni intellekt və əşyaların interneti məsələləri təhlükəsizliklə bağlı suallar yaranmasına səbəb olur. Əvvəl yalnız telefon və kompüterlə internetə daxil olurduqsa, indi adi məişət əşyaları ilə belə internetə daxil olmaq mümkündür. Ancaq təbii ki, bu texnologiyalar inkişaf etdikcə təhlükəsizlik işləri və qabaqlayıcı tədbirlər də görülməkdədir. Burada Avropa təcrübəsini nümunə çəkmək olar. Orada 1999-cu ildən bəri mövcud olan və artıq köhnəlmiş qanunlar dəyişdirilib. Avropa vətəndaşının fərdi məlumatının qorunması, Avropa vətəndaşının məlumatlarından istifadə edən informasiya sistemlərinə verilən tələblər və s. bu qanuna daxildir. Ümumiyyətlə isə dünyada texnologiya ilə bağlı əsas yeniliklərin qarşılaşdığı suallar informasiya təhlükəsizliyi ilə bağlıdır və bu barədə də ciddi addımlar atılır. O cümlədən, dünyada sırf bu məsələlərlə bağlı dəfələrlə Google, Apple və Facebook (Meta) kimi qurumlara sanksiyalar tətbiq edilib" deyə ekspert Osman Gündüz bildirib.
Həmçinin ekspertin fikrincə, Azərbaycan informasiya təhlükəsizliyi məsələsində dünya təcrübəsindən geridədir. Məsələ ilə bağlı bir neçə il öncə Azərbaycanda da kordinasiyaedici komissiya yaradılıb. Ancaq təəssüf ki, həmin sənəd hələ də hazırlanıb hökumətə təqdim edilməyib.
"Bu istiqamətdə Azərbaycanda da problemlər yetərincədir. Düşünürəm ki, insanların şəxsi məlumatlarının qorunması ilə bağlı qanunlar kifayət qədər köhnəlib. Ümumiyyətlə, kiber-cinayətkarlıq məsələlərinə konseptual baxış yenilənməlidir. 3 il bundan öncə bizdə informasiya təhlükəsizliyi ilə bağlı kordinasiyaedici komissiya yaradılıb. Bu komissiyaya Xüsusi Dövlət Mühafizə Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elmlər Akademiyasının qurumları kimi daha bir neçə qurum daxildir. Və onlara 3 il bundan öncə bu sahədə yeni strategiyanın yaradılması tapşırılmışdı. Ancaq təəssüf ki, o sənəd hələ ki hazırlanıb hökumətə təqdim olunmayıb. Artan təhlükələrə qarşı isə bizim müdafiə sistemi yaxşı formada olmalıdır" deyə ekspert bildirib.