Bakı 23˚C Windy

Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçilib

Biznes 16:16 14 fev, 2022

Tədbir koronavirus pandemiyası şəraitinə uyğun olaraq İdarə Heyəti üzvlərinin iştirakı ilə təşkil olunub

Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçilib

"Azərbaycan İnsan Resursları Assosiasiyası" (AİRA) İctimai Birliyinin növbəti hesabat-seçki iclası keçirilib.

Qazet.az xəbər verir ki, tədbir koronavirus (COVID-19) pandemiyası şəraitinə uyğun olaraq İdarə Heyəti (İH) üzvlərinin iştirakı ilə təşkil olunub.

Təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edənlər Azərbaycanda insan resursları sahəsində tətbiq edilən yeniliklər, Assosiasiyasının bu sahədəki rolunundan bəhs ediblər. Bildirilib ki, AİRA fəaliyyətə başladığı gündən indiyə qədər 50-yə yaxın layihə gerçəkləşdirib, həmin layihələrdə dövlət və özəl sektorun əməkdaşları iştirak ediblər. Eləcə də ölkə xaricində fəaliyyət göstərən MERCER, MENTAL, PERYÖN kimi tanınmış insan resursları təşkilatları ilə əməkdaşlıq çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə üç böyük konfrans və masterklas baş tutub.

Həmçinin, pandemiya dövründə AİRA-nın fəaliyyəti dayanmayıb, onlayn formatda görüş və layihələr icra edilib. Bu dövrdə HR Debat, HR Digital, HR trendlər, HR ensiklopediya, gənclərlə iş, könüllülük, insan resurslarının idarəedilməsi haqqında maarifləndirmə, xeyriyyə aksiyaları, əmək münasibətlərində mediasiyanın rolu, sosial çağırışlar, qadınların rolu adı altında bir çox tədbirlər və təlimlər uğurla reallaşdırılıb. Bunlardan əlavə, 2021-ci ilin Azərbaycanda “Nizami ili” elan edilməsi ilə bağlı AİRA Nizami yaradıcılığından sitatlarla rəqəmsal media platformalarından vizual yayımlar verib, Nizaminin insan barədə fikirlərinə həsr edilmiş görüşlər keçirib.

Sonra iclasın gündəliyinə uyğun olaraq AİRA-nın İH-nə yeni sədr seçilməsi məsələsinə baxılıb. Yekdil qərarıa Mahir Qarayev yeni sədr seçilib. O, yüksək etimada görə təşkilat üzvlərinə təşəkkürünü bildirib, insan resurslarının əhəmiyyətindən danışaraq təşkilatın gələcək hədəfləri istiqamətində səylə çalışacağını deyib.

M.Qarayev beynəlxalq CIPD sertifikatına və insan resursları sahəsi üzrə 10 ildən çox təcrübəyə malikdir, Dövlət Neft Şirkətində (SOCAR) və bir sıra özəl şirkətlərdə çalışıb, Azərbaycan Dövlət İqtisad Universitetində insan resurslarının idarəedilməsi üzrə pedeqoji fəaliyyətlə məşguldur.

AİRA iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının inkişaf etdirilməsi məramı ilə İnsan resursları sahəsində fəaliyyət göstərən mütəxəssislərin təşəbbüsü və Ədliyyə Nazirliyinin 1118-Q64-3669 nömrəli 28 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb.