Bakı 3˚C Dreary

Azərbaycan İsraildə sammitdə təmsil olundu

Biznes 13:11 20 okt, 2022
Azərbaycan İsraildə sammitdə təmsil olundu

Azərbaycan İsraildə ilk dəfə “Agrİsrail 2022- Dəniz və səhrada qida yetişdirilməsi” mövzusunda keçirilmiş beynəlxalq sammitdə iştirak edib.

Qazet.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə müxtəlif ölkələrin kənd təsərrüfatı nazirliklərinin rəhbər şəxsləri, aqrar sahə üzrə ixtisaslaşmış şirkətləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən ekspert və mütəxəssislər iştirak edib. Azərbaycanı nazir müavini Sarvan Cəfərov təmsil edib.

İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer iqlim dəyişiklikləri fonunda ərzaq təhlükəsizliyinin, qidaya tələbatın ödənilməsinin əhəmiyyət kəsb etdiyini bildirib. Tədbir iştirakçıları aqrar sahədə elmi yeniliklərin, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

“Ərzaq təhlükəsizliyi və iqlim dəyişiklikləri” mövzusunda panel müzakirələrdə çıxış edən S.Cəfərov Azərbaycanda torpaq və su resurslarından düzgün, səmərəli istifadə, yeni suvarma texnologiyalarının geniş tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, hazırda hökumət aqrar sektorun rəqəmsallaşmasına xüsusi diqqət yetirir. Qlobal iqlim dəyişikliyinin ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir və istənilən səmərəli tərəfdaşlığa açıqdır.

Sammitdə ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması ilə davamlı inkişafın təmin edilməsi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı zəncirinin qurulması, bu istiqamətlərdə qlobal əməkdaşlığın əhəmiyyəti müzakirə mövzularından olub. Torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə ilə bağlı müzakirələrdə mütəxəssislər öz fikirlərini bölüşüblər. Panel sessiyada mövzu ətrafında fikir mübadiləsi aparılıb, mütəxəssislər iştirakçıların suallarını cavablandırıblar.

Tədbir çərçivəsində S.Cəfərov kənd təsərrüfatı sahəsində İsraildə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların cəlb olunduğu təcrübə proqramının gedişi ilə maraqlanıb, O.Forerlə, eləcə də Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Vladimir Bolea ilə görüş keçirib. Görüşlərdə kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahədə dayanıqlı inkişafının təmin edilməsi, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə geniş müzakirələr aparılıb. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.