Azərbaycan komandası ilk dəfə Avropa Qızlar İnformatika Olimpiadasında®
Azercell-in dəstəyilə məktəbli qızlarımız “EGOI 2022” müsabiqəsində iştirak edəcəklər
Azərbaycanlı məktəblilər “Azercell Telekom” MMC-nin dəstəyi ilə ilk dəfə “EGOI 2022” - Avropa
Qızlar İnformatika Olimpiadasında iştirak edəcəklər. 16-23 oktyabr 2022-ci il
tarixində Türkiyənin Antalya şəhərində təşkil olunacaq beynəlxalq müsabiqədə ölkəmiz dörd
məktəbli qızdan ibarət komanda ilə təmsil olunacaq.
Komandada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Nəzrin Qasımova (9-cu sinif) və
Fidan Qarayeva (11-ci sinif), həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Gəncə
şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Fidan Hüseynova (11-ci sinif)
və Leyla Hacızadə (9-cu sinif) təmsil olunurlar. Məktəblilər informatika üzrə Respublika Fənn
Olimpiadalarının finalçıları arasından seçiliblər. Yarışmada komanda üzvlərini iki təlimçi
müşayiət edəcək.
Proqramlaşdırma üzrə yeni yarışma olan “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadası
ilk dəfə ötən ilin iyununda İsveçrədə keçirilib. Beynəlxalq İnformatika Olimpiadasına oxşar
qaydalar əsasında təşkil olunan bu yarışmanın gənc xanım iştirakçıları təqdim olunan
tapşırıqları effektiv alqoritmlər hazırlayaraq həll etməlidirlər.
“Azercell Telekom” MMC 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
əməkdaşlıq çərçivəsində məktəblilərin informatika üzrə beynəlxalq yarışlara hazırlıq prosesində
iştirak edir. Lider mobil operator İnformasiya Texnologiyaları sahəsi üzrə təhsilə dəstək, indi isə
artıq qızların da informatika fənninə qarşı marağının artırılması, onların İKT sahəsinə cəlb
olunaraq gələcək mütəxəssis kimi yetişdirilməsi baxımından bu əməkdaşlığa olduqca yüksək
qiymət verir. Qeyd edək ki, şirkət qızların potensial və bacarıqlarını üzə çıxarmaq məqsədilə
müxtəlif tədbirlər keçirir, önəmli sosial layihələrə imza atır.
Azercell bütün məktəbli qızları və onların valideynlərini qarşıdan gələn 11 oktyabr Beynəlxalq
Qızlar Günü münasibəti ilə təbrik edir, daima inkişaf yolunda uğurlar arzulayır!