Bakı 3˚C Showers

Azərbaycan lideri: "Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur"

Siyasət 14:27 04 okt, 2021

Prezident Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman deyib

Azərbaycan lideri: "Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur"

"Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi. Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır".

Qazet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman deyib.

"Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır", - dövlət başçısı bildirib.