Bakı 2˚C Mostly cloudy

"Azərbaycan mətbuatının sabahı üçün..." Qulu Məhərrəmli - EKSKLÜZİV

Eksklüziv 09:10 22 iyl, 2022

Qulu Məhərrəmlidən açıqlama

"Azərbaycan mətbuatının sabahı üçün..." Qulu Məhərrəmli - EKSKLÜZİV

Bu gün Milli Mətbuat günüdür. Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ili tamam olur. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb.
Bu əlamətdar gün münasibəti ilə Qazet.az-a açıqlama verən əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli mətbuatımızın dünəni, bu günü və sabahı kontekstində fikirlərini bölüşüb.
 

Heç şübhəsiz ki, Azərbaycan mətbuatının çox maraqlı və şərəfli bir tarixi vardır. XIX əsrin 3-cü rübündən yəni, 1875-ci ildən “Əkinçi” qəzetinin nəşrindən bu yana millətin gözünü açmaq, məlumatlandırmaq, dünyada baş verənlərdən xəbərdar etmək istiqamətində mətbuatımız çox ciddi işlər görüb. “Əkinçi” qəzeti bağlandıqdan sonra “Ziya”, “Kəşkül” kimi qəzetlər çap olunub. Amma bunlar təbii ki, “Əkinçi” qədər ictimai-siyasi düşüncəni qidalandıra bilməyib. Amma hər halda qəzetin oxucuları üçün bir faydası olub. Uzun illik fasilədən sonra, XX əsrin əvvəllərində “Şərqi-rus” qəzetinin Tiflisdə nəşrə başlaması ilə bağlı Azərbaycan mətbuatında ikinci dalğa başlayır. Bu dalğaya ciddi şəkildə 1905- 1907-ci illər rus inqilabının ciddi təsiri olub. Xüsusən 17 oktyabr manifestindən sonra 1905-ci ildə qəbul olunan həmin manifestdən sonra Bakıda Azərbaycan dilində qəzetlər nəşrə başlayıb. Tiflisdə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı mətvuatımızın xüsusi bir mərhələsidir. “Həyat”, “Füyuzat”, “Irşad”, “Təkamül” daha sonra “Tərəqqi” və 1910-cu ildən sonra daha çeşidli mətbuatımız olub. Uşaq nəşrləri meydana gəlib. Xüsusi ixtisaslaşmış media və mətbuat orqanları mövcud olub. Bunların hamısı bizim mətbuatımızın şərəfli tarixidir. “Açıq söz” qəzetinin nəşrə başlaması ilə mətbuatımızda yeni keyfiyyət dəyişməsi baş verdi. Bu artq dil etibarilə (türk dilində ictimai-siyasi qəzet yazılırdı) həm də milli milli kimlik məsələləri müzakirə olunurdu. Biz bunu xüsusi məsələ hesab etməliyik.

Bütövlükdə götürəndə 1918-ci ilə qədər olan dövr, mətbuatımızın əsas istiqamətlərindən biri milli şüurun oyanışı, ictimai düşüncənin özünə geniş yer alması, milli istiqlala gedən yolun göstərilməsi bu aspektən çox ciddi fəaliyyəti olub.

Azərbaycanın çox zəngin mətbuat palitrası olub. 200-dən çox qəzet nəşr olunub. Bunların əksəriyyəti müxalifət qəzetləri idi. Milli hökuməti tənqid edirdilər. Həmin dövrdə parlament mətbuat nizamnaməsini qəbul etdi. Mətbuat azadlığının oturuşması üçün çox ciddi hüquqi zəmin yaradıldı.

Sovet dövründə də mətbuat azadlığından danışmaq bir az şərtidir. Onda da mətbuat Azərbaycan mədəniyyətini, ana dilinin, ictimai düşüncənin möhkəmlənməsində müəyyən rol oynayıb. Sovet ideologiyasının təbliğatı da öz yerində.

Müstəqillik dövründə mətbuatımızda bunlar göz qabağında olan proseslərdir.

1990-cı illərin əvvəlində leqal, qeyri-leqal qəzetlər çıxmağa başladı. Azadlıq hərəkatının nəticəsində Azərbaycanın müstəqil bir dövlət kimi qurulmasında bu qəzetlərin müəyyən rolu olub.

Bu günkü Azərbaycan mətbuatı haqqında, yəni cəmiyyətin siyasi sturukturuna uyğun olaraq mətbuat nümunələri var. Bunların sayı kifayət qədər çoxdur. Özəl televiziya kanalları, dövlətin maliyyələşdirdiyi kanallar var. Ictimai televiziya, radiolar var.

Indi, bunlar necə çalışır, hansı vəzifəni yerinə yetirir bununla bağlı fərqli fikirlər ola bilər. Amma əsas yanaşma ondan ibarətdir ki, Azərbaycan dilinin işlənməsi, fərqli fikirlərin meydana çıxması, ictimai müzakirələrin aparılması bunlar mətbuatda öz əksini tapır. Mətbuatın əsas sabahı ilə bağlı məsələ isə ölkədə azad mətbuatın inkişaf yolunu tapmasıdır. Azərbaycan mətbuatının sabahı birmənalı şəkildə azad mətbuatla bağlı olacaq. Yəni, kimdənsə asılı olan, biznes qurumlarından və yaxud hakimiyyət orqanlarından asılı olan mətbuat çeşidlərinin mövcudluğuna baxmayaraq mətbuat azad olmalıdır. Heç bir təziq altında olmamalıdır. Heç bir basqı ona təsir etməməlidir. Mətbuatın öz normativ funksiyalarını yerinə yetirməsi, əhalini doğru dürüst məlumatlandırması, maarifləndirməsi, keyfiyyəti əldə etməsi üçün mətbuat azad olmalıdır. Azərbaycan mətbuatının sabahı yalnız və yalnız azad mətbuatla bağlıdır.

Qulu Məhərrəmli
Əməkdar jurnalist