Azərbaycan OIC-CERT-in Direktorlar Şurasına daxil olub
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (CERT.GOV.AZ) nümayəndəsi İslam Əməkdaşlıq Təşkilatı (OIC) - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Direktorlar Şurasına üzv seçilib.
Qazet.az-ın Mərkəzə istinadən verdiyi məlumata görə, bu adıçəkilən təşkilatın Omanın Muskat şəhərində keçirilən 10-cu Qurultayında Direktorlar Şurasına keçirilən seçkilərdə baş tutub.
Seçkilərin nəticəsinə görə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov növbəti 2 illik müddətinə Direktorlar Şurasının üzvü seçilib.
Qurultayda Azərbaycanın ötən illər ərzində Direktorlar Şurasının üzvü kimi aktiv və məhsuldar fəaliyyəti, onun həm əməkdaşlıq baxımından, həm də idarə heyətinin təmsilçisi olaraq sahənin və digər üzv ölkə CERT-lərinin inkişafına dəstəyi, o cümlədən 2017-ci ildə OIC ölkələri CERT-lərinin beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməsi yüksək qiymətləndirilib.
2013-cü ildən OIC-CERT təşkilatının tamhüquqlu üzvü olan CERT.GOV.AZ, 2016-cı il Səudiyyə Ərəbistan Krallığının Ciddə şəhərində keçirilən OIC-CERT-in 8-ci Qurultayından Direktorlar Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.
Qurultayda üzv ölkələrdən alınan təkliflər dəyərləndirildikdən sonra OIC-CERT-in növbəti 2023-cü il Beynəlxalq Konfransı üçün ev sahibi kimi Birləşmiş Ərəb Əmirliyi seçilib.