“Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir” - İlham Əliyev
Azərbaycan dövlət başçısı peyvəndlənmə prosesində qeyri-bərabərlikdən danışıb
“Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir”.
Qazet.az xəbər verir ki, bunu oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videoformatda çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Prezident İlham Əliyev bildirib ki, beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır:
“Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq”.