Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha 2 oyunu keçiriləcək.
Qazet.az-ın məlumatına görə, günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 19 xalla 4-cü, əyalət təmsilçisi isə 17 xalla 5-ci pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında 28 dəfə qarşılaşıb. Bunların 9-da "qırmızı-qaralar", 6-da "qartallar" qələbə qazanıb. 13 qarşılaşma sülhlə başa çatıb. Topların nisbətində də bölgə təmsilçisinin üstünlüyü var - 33:24.
Son iki qarşılaşmada üç qol vurulub. “Qəbələ”nin meydanındakı son dörd matçda heç-heçə qeydə alınıb.
Günün digər oyununda "Neftçi" "Sumqayıt"da eyniadlı komandanın qonağı olacaq. "Ağ-qaralar" 25 xalla 3-cü sırada yer alıb. 4 xalı olan "gənclik şəhəri" təmsilçsi isə sonuncudur.
Komandalar bunadək Premyer Liqada 40 dəfə üz-üzə gəlib. Bunların 20-si "Neftçi"nin, 12-si "Sumqayıt"ən xeyrinə yekunlaşıb. 8 görüşdə qalib müəyyənləşməyib. Bakılıların vurduğu 61 qola sumqayıtlılar 44 topla cavab veriblər.
“Neftçi” son üç oyunda qalib gəlib. “Sumqayıt” iki matçdır qol vura bilmir.
Azərbaycan Premyer Liqası
XIII tur
5 noyabr (şənbə)
15:00. "Qəbələ” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
Qəbələ şəhər stadionu.
19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
“Kapital Bank Arena”.
Qeyd edək ki, turun açılış matçında "Şamaxı" səfərdə "Turan Tovuz"a 3:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 6-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" görüşləri ilə yekun vurulacaq.