Bakı 19˚C Sunny

Azərbaycan Prezidenti: "Ermənistan tərəfi xalqına və dünya ictimaiyyətinə yalan danışırdı"

Siyasət 11:54 24 sen, 2021

Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində deyib

Azərbaycan Prezidenti: "Ermənistan tərəfi xalqına və dünya ictimaiyyətinə yalan danışırdı"

“Diaspor təşkilatları və erməni lobbisinin nəzarətində olan mətbuat münaqişənin mahiyyətini təhrif edirdi. Ermənistanın işğalçı olması, etnik təmizləmələr aparması, Xocalı qətliamını törətməsi, tarixi və mədəni irsimizə aid abidələri dağıtması gizlədilirdi”.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində deyib.

“Azərbaycan isə hansısa vəhşi, totalitar və avtoritar ölkə kimi təqdim edilirdi. “Washington Post”, “New York Post”, “Figaro”, həmçinin ABŞ, Fransa, Almaniya və bir çox digər ölkələrin mətbuatında məni “Əliyevin diktator rejimi” adlandırırdılar. Bununla da Ermənistan Respublikasından daha güclü olan erməni diasporu bu cür mənfi fon yaradırdı”.

Dövlət başçısı bildirib ki, mətbuatın münaqişəyə diqqətini nəzərə alaraq, baş verənlər haqqında həqiqəti çatdırmaq üçün ondan istifadə edib: “Mənim dediyim hər şeyi sənədlə sübut etmək olar. Dediyim hər bir şey tarixi həqiqətə və döyüş meydanında gündəlik baş verənlərə əsaslanırdı. Ermənistan tərəfi isə İkinci Qarabağ müharibəsi zamanı və ondan öncə baş verənlərlə bağlı öz xalqına və dünya ictimaiyyətinə yalan danışırdı. Bu səbəbdən onların tezisləri inandırıcı deyildi və mahiyyət etibarı ilə Ermənistanı nüfuzdan salırdı, biz isə baş verənlər barədə həqiqəti çatdıra bildik”.

“Döyüş meydanında, yaxud informasiya məkanında olmasından asılı olmayaraq, ədalətli mübarizə şəraitində Ermənistan tərəfinin təbii ki, heç bir şansı yox idi”, - Prezident İlham Əliyev vurğulayıb.