Azərbaycan Prezidenti: “Türk qardaşlarımızın idmançılarımızı necə səmimi qarşıladıqlarının şahidi olduq”

İdman 16:20 22 avq, 2022
Azərbaycan Prezidenti: “Türk qardaşlarımızın idmançılarımızı necə səmimi qarşıladıqlarının şahidi olduq”

"Bu Oyunlar qardaş ölkədə keçirilmişdir və əlbəttə ki, bizim idmançılar özlərini çox rahat hiss edirdilər. Hər bir idmançı özünü öz evindəki kimi hiss edirdi. Biz açılış mərasimində onun da şahidi olduq ki, Azərbaycan komandası stadiona daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşılamışlar. Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb". Qazet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu, doğrudan da bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir:

Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda, xalqlarımız, idmançılarımız qardaşdırlar. Orada - stadionda on minlərlə tamaşaçı Azərbaycan komandasını öz doğma komandası kimi qarşılamışdır. Fürsətdən istifadə edərək Türkiyəni, onun idmançılarını həm Oyunların yüksək səviyyədə təşkil olunması, həm də ki, Oyunlarda birinci yer tutması münasibətilə ürəkdən təbrik etmək istəyirəm".

Ölkə rəhbəri İslamiadanın təşkilatçısı Türkiyənin çox yüksək qiymətə layiq olduğunu vurğulayıb: "Onu da bildirməliyəm ki, bu Oyunların keçirilməsi, əlbəttə, böyük təşkilatçılıq məsələlərini də əhatə edir. Xatırlayıram, biz 2017-ci ildə o Oyunları hazırlayarkən bir çox təşkilati məsələləri həll etdik. Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz. Konya Oyunları rəsmən Beşinci İslam Həmrəyliyi Oyunları sayılsa da, əslində, bu Oyunlar cəmi dörd dəfə keçirilib. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü Azərbaycanda, dördüncü isə Türkiyədə. Amma rəsmən bu, beşinci Həmrəylik Oyunları sayılır. Yəni, demək istəyirəm ki, Oyunları keçirmək o qədər də asan məsələ deyil və burada Türkiyə tərəfi əlbəttə, çox yüksək qiymətə layiqdir".