Bakı 8˚C Showers

Azərbaycan Prezidentinin informasiya və diplomatiya sahəsində növbəti qələbəsi

Siyasət 14:20 03 okt, 2021

İspaniyanın tanınmış EFE informasiya agentliyi bölgədə baş verənlərlə bağlı Azərbaycan prezidenti ilə baş tutan müsahibəni təqdim edib

Azərbaycan Prezidentinin informasiya və diplomatiya sahəsində növbəti qələbəsi

44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü fonunda dünyanın müxtəlif dövlətlərinin aparıcı televiziyaları və media orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən müsahibə almaqdadırlar. Bu dəfə İspaniyanın tanınmış EFE informasiya agentliyi bölgədə baş verənlərlə bağlı Azərbaycan prezidenti ilə baş tutan müsahibəni təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bundan əvvəl dünyanın tanınmış media orqanlarına verdiyi müsahibədə olduğu kimi bu dəfə də dövlətimizin maraqlarını və bölgədəki reallıqları dünyanın diqqətinə çatdırıb.

Azərbaycanın regionda yaratdığı reallıq

İspan jurnalistin ilk sualı Paşinyanla mümkün görüş haqqında olub. Qalib dövlətin və ordunun Ali Baş Komandanı bildirib ki, o, şəxsən Ermənistan Baş naziri Nikol Paşinyanla görüşməyə hazırdır. Eyni zamanda Prezident qeyd edib ki, Bakının bu kimi müsbət səpkili təkliflərinə baxmayaraq Ermənistan hələ də yeni reallıqla bağlı Azərbaycanın təklifinə müsbət cavab verməyib.

Məlumdur ki, bu yaxınlarda müharibədən sonra ilk dəfə Nyu – Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüş baş tutub. İstisna deyil ki, həmin görüşdə sərhədlərin delimitasiyası və sülh sazişinə hazırlıq işlərinin başlanmasına Azərbaycanın tərəfdar olduğu vurğulanıb.

Sirr deyil ki, 10 noyabr sazişinin imzalanmasından sonra iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası həllini tapmalı olan ilk məqsədlərdən hesab edilir. SSRİ –nin dağılmasından sonra az qala bütün keçmiş sovet respublikaları arasında sərhədlərlə bağlı müəyyən insidentlərin müntəzəm olaraq baş verməsi, ələkxüsus aralarında son 30 ildə iki dəfə müharibə baş vermiş Azərbaycan və Ermənistan üçün xüsusi aktuallıq təşkil edir. Təəssüflər olsun ki, bu məsələdə də, İrəvan vaxt aparmağa, özünü qeyri – konstruktiv aparmağa davam etməkdədir. Məhz Azərbaycanın müharibədən sonra davam edən qətiyyəti nəticəsində biz bəzi bölgələrdə lazım olan strateji yüksəkliklərdə dayanaraq İrəvanı çıxılmaz vəziyyətə salmağa müvəffəq olduq.

Prezident İlham Əliyev bu dəfəki çıxışında da, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa, müharibə səhifəsini bağlamağa çağırıb və əlavə edib ki, “bu Ermənistanın yeganə xilası yoludur”.

Əlbəttə ki, ağlı başında olan hər kəsə məlumdur ki, Ermənistan üçün bu gün ən optimal yol saxta hay ideologiyasını unutmaq, miasum və sair kimi şüarları tarixin keçmiş səhifələrinə qərq etməkdir. Əks halda Bakı reallıqda ermənilərlə heç bir əlaqəsi olmayan Göyçə, Qərbi Zəngəzur və digər Azərbaycan torpaqlarına iddianı rəsmiləşdirə, bununla bağlı hüquqi sənədləri beynəlxalq aləmdə qabarda bilər. Sovet dönəmində qanunsuz olaraq bir xalqın torpaqlarının digər xalqa verilməsi praktikası hamının məlumudur və son illər Rusiyanın özü tərəfindən bəzi qonşu dövlətlərə qarşı qaldırdığı ərazi mövzusu, Bakının da bu mövzuda manevr imkanlarını genişləndirir.

Statusla bağlı absurd fikirlərə cavab

Müsahibə zamanı ən vacib məqamlardan biri müxbirin “status”la bağlı sualına cavab olub. Prezident İlham Əliyev bir daha bu mövzuya toxunaraq ermənilər və Minsk qrupu üçün Azərbaycanın baxış bucağını xatırladıb. Dövlət başçısı qeyd edib ki, “demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. Biz deyirdik ki, - Minsk qrupunun həmsədrləri bunu çox yaxşı bilirlər, - Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur”.

Bununla da bir daha Ermənistana, Rusiyaya, Fransaya və ABŞ –a, o cümlədən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb ki, Minsk qrupunun münaqişəni həll etmədiyinə, Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyinə görə baş tutan müharibədən sonra Azərbaycan öz ərazisində nəinki kiməsə müstəqillik, heç muxtariyyət və status vermək haqqında belə düşünmür. Bu gün Ermənistandakı bəzi qüvvələrin statusdan, xalqların müqqədaratından danışması gülünc və özlərini növbəti dəfə aldatmaq cəhdidir. Qarabağın dağlıq ərazisində yaşayan sadə ermənilərdən tutmuş siyasətbazlarına qədər, hər biri Bakının 30 il ərzində onlara verdiyi şansdan istifadə etmədi, əksinə, daha da quduraraq yeni ərazilərin işğalı məsələsi qarşıya hədəf kimi qoydular. Bəlli məsələdir ki, qan yolu ilə işğaldan azad edilən ərazilərdə Azərbaycana qarşı ərazi iddiası irəli sürən, torpaqlarımızı viran edən xalqa heç bir xüsusi status verilməyəcək.

Status mövzusu Ermənistan və Minsk qrupu tərəfindən nə qədər tez unudularsa, bir o qədər tez onların özləri üçün yaxşı olar. Əks təqdirdə 30 il ərzində etdikləri böyük səhvlər bundan sonrakı yeni mərhələdə də təkrarlanacaq, nəticəsi isə, onların özləri üçün yaxşı heç nə vəd etməyəcək.

Bu günə qədər dünyanın hər hansı nöqtəsində kompakt halda yaşayan 25 minlik əhali üçün statusun verilməsi halına təsadüf edilməyib. Bu mövzuda maraqlı cəhətlərdən biri həm də odur ki, bu gün Kaliforniyada, Marseldə, Krasnodar vilayətində yaşayan ermənilərin sayı Qarabağda yaşayanlardan dəfələrlə çoxdur. Əslində bu faktor həmsədr dövlətlər tərəfindən ciddi şəkildə nəzərə alınmalıdırlar ki, onların bəzi diplomatları absurd status məsələsində çıxış edərkən məsuliyyətli olsunlar.

“Əsirlər” – terrorçular mövzusu

Sirr deyil ki, hazırda Ermənistanın xaricdəki lobbi təşkilatları vasitəsilə müxtəlif siyasətbazlar tərəfindən Azərbaycana təzyiq kimi müxtəlif parlamentlərdə bilərəkdən əsirlər mövzusu qabardılmaqdadır. İspan jurnalistin “hərbi əsirlər” ifadəsinə Azərbaycanın dövlət başçısı aşağıdakı kimi cavab verdi: Dırnaqarası müharibə əsirlərinə gəldikdə, mən sizin tamaşaçılarınız üçün bu məsələyə aydınlıq gətirmək istəyirəm. Mən dəfələrlə beynəlxalq hüququn normalarına və beynəlxalq konvensiyalara istinad edərək, hansı şəxslərin müharibə əsirləri hesab oluna biləcəyi ilə bağlı danışmışam. Beynəlxalq konvensiyalara əsasən, belə şəxslər müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlardır. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi tərəfimizdən dərhal qaytarılıb. Əslində, biz onları Ermənistan bizim əsirləri qaytarmamış geri vermişik. Ermənistan və bəziləri tərəfindən “müharibə əsirləri” adlandırılan sonra saxlanılmış və artıq həbsdə olanlar bu kateqoriyaya daxil deyillər. Bu adamlar işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərilənlərdir. Onlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar bizim hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir. Buna baxmayaraq, biz bu müddət ərzində onların bəzilərini geri qaytardıq ki, bu da xoş məramın göstəricisi idi”.

Bununla da Azərbaycan Prezidenti bir daha Avropa auditoriyasının diqqətinə çatdırıb ki, hazırda Ermənistanın informasiya müharibəsində Azərbaycana qarşı elan etdiyi “hərbi əsirlər” heç bir hüquqi sənədə görə bu kateqoriyaya aid edilə bilinməzlər, bu şəxslər müharibədən sonra Azərbaycan ərazisinə keçmiş cinayətkarlar kateqoriyasına aiddirlər.

Əslində bu gün yuxarıdakı mövzunu trendə çevirmək istəyən qüvvələr həqiqəti çox yaxşı bilirlər. Onlar bilirlər ki, “əsir” 12 avqust 1949 –cu ildə qəbul edilən Cenevrə Konvensiyasına əsasən - döyüş əməliyyatlarında iştirak edən hərbçinin və qeyri-hərbçinin sonrakı əməliyyatlarda iştirakına yol verməmək məqsədilə azadlığı məhdudlaşdırılan şəxsə deyilir. Sadə dillə desək, hərbi əsir müharibə zamanı ələ keçirilən silahlı qüvvələrdə qulluq edən şəxsdir. Bu gün Azərbaycanda olan cinayətkarlar isə, müharibə vaxtı deyil, 10 noyabr sülh bəyanatından sonra Azərbaycana keçərək ordumuza hücum edən terrorçu qruplardır.

Minalanmış ərazilərin xəritəsi problemi

“Əsirlərlə” bağlı saxta mövzunu Azərbaycana qarşı beynəlxalq arenada istifadə etməyə çalışan Ermənistan yaxşı olardı ki, bu aylar ərzində minalanan ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi məsələsinə aydınlıq gətirsin, insanlığa qarşı bu cinayətin tarixi kitablara yazılacağını unutmasın.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib.

Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq, minalanmış ərazilərin yeri barədə məlumatı təqdim etməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərimizdə mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir.

Prezident İlham Əliyev minalanmış ərazilər mövzusunda danışarkən bir daha xəritənin verilməsi tələbini bəyan edib, minalanmış ərazilərə görə insanların hələ də öz doğma yurd – yuvalarına qayıda bilməməsini qeyd edib.

Azərbaycan – regiona və Avropaya açılan iqtisadi imkanlar

Sonda Prezident regiondakı iqtisadi məsələlər və Azərbaycanın oynadığı rola toxunub. O Türkiyə prezidentinin “3+ 3” regional əməkdaşlıq platformasına toxunaraq, bu mövzuda da Ermənistanın qeyri – konstruktivlik nümayiş etdirdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, “təkcə Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik”. Doğrudan da, 44 günlük müharibənin yekunları nəticəsində Azərbaycanın bəyan etdiyi regional iqtisadi əməkdaşlıq hazırda sanksiyalardan, iqtisadi böhrandan əziyyət çəkən qonşularımız üçün münbit təkliflərdir. Lakin, etiraf edilməlidir ki, bəzi dövlətlərdəki müəyyən qüvvələr hələ də 30 il, daha geniş götürsək 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyanın yenisi ilə əvəzlənməsini hə qəbul edə bilmirlər. Hərçənd, bir çoxlarından fərqli olaraq Azərbaycan hər kəsin marağının nəzərə alınmasının, Qafqazda yeni xalqlar dostluğu evinin yaradılmasını təklif edir. Avropanın və Asiyanın inkişaf etmiş müxtəlif regionlarının da təcrübəsinə nəzər yetirsək dövlətlərin yeni modern dünyaya cavab verməsi üçün konfrantasiyanın, imperiya iddialarının deyil, əməkdaşlığın milli inkişafın əsas hərəkətverici qüvvəsi olmasını görmuş olarıq.

Bu gün Azərbaycan Avrasiyada şimalla – cənubun, şərqlə - qərbin qapısını rolunu oynayaraq sabitlik və əməkdaşlıq məntəqəsinə çevrilib. Hind okeanından İran vasitəsilə Rusiya və Avropaya, Çindən Britaniyaya qədər nəhəng coğrafiyada mühüm strateji xətt üzərində yerləşən Azərbaycanın son illər ərzində qlobal hərbi və ticarət kommunikasiyasında oynadığı rol artmaqdadır.

Eyni zamanda Avropa İttifaqının enerji təhlükəsizliyində ölkəmiz vacib yerlərdən birini tutur. Müxbirin Avropaya maye qazın ixracı ilə bağlı sualına cavabında dövlət başçısı bu sahədə ölkəmizin böyük potensiala malik olduğunu bildirib: “Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2.6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər... Gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik”.

Prezident İlham Əliyevin EFE informasiya agentliyinə müsahibəsi xarici medianın diqqətində

Azərbaycan dövlət başçısının EFE informasiya agentliyinə müsahibəsi müxtəlif başlıqlar altında dünyanın ayrı – ayrı nəşrləri tərəfindən tirajlanmaqda davam etməkdədir. Agentliyin özü də İlham Əliyevin müsahibəsindən çoxsaylı çıxarışlar edib. Eyni zamanda, İsveçrənin “Swissinfo”, Argentinanın “İnfobea”, Paraqvayın “abc.com.py” , İspaniyanın “Eldiario.es” , “Expansion.com” , “Efs.efeservicios.com” və bir çox digər nəşrlər Azərbaycan prezidentinin prezidentinin müsahibəsində toxunduğu ayrı – ayrı məqamlara xüsusi yer veriblər.

Beləliklə, müharibədə qalib gələn Azərbaycan hazırki informasiya dünyasında uğurla çıxış etməkdədir. Sözsüz ki, Azərbaycan Prezidentinin dünyanın tanınmış media resurslarına verdiyi hər müsahibə informasiya və diplomatiya sahəsindəki qələbəmizdir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri – Zaur Məmmədov.