Bakı 14˚C Mostly cloudy

Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının VI iclası keçirilib

Siyasət 12:45 30 noy, 2022
Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının VI iclası keçirilib

Bakıda Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın VI iclası keçirilib.

Qazet.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclas Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Batır Atdayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutub.

iclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkənin əlaqələrinin inkişaf etdiyini, Türkmənistanla tərəfdaşlığın genişlənməsinə önəm verildiyini vurğulayıb. O, diqqətə çatdırıb ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 dəfədən çox artıb. Bununla belə, ticarəti daha da artırmaq üçün böyük imkanlar var və iki ölkənin enerji, nəqliyyat-tranzit və digər sahələr üzrə geniş potensialı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır.

Tədbirdə ölkəmizin biznes və sərmayə cəlbediciliyi barədə ətraflı məlumat verilib, Türkmənistan investorları fəal əməkdaşlığa dəvət olunub. B.Atdayev ölkələr arasında uğurlu əlaqələri vurğulayıb, tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafı, işgüzar münasibətlərin genişlənməsi və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.

İclasda qarşılıqlı ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığın inkişafı barədə müzakirələr aparılıb.

İclasın sonunda yekun Protokol imzalanıb. Sənədi M.Cabbarov və B.Atdayev imzalayıblar. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Rəsmilərin ayrıca görüşü də keçirilib. Tərəflər iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətlərini müzakirə ediblər.