Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında etimadın qurulması üçün seminar keçirilb
Azərbaycanla Ermənistan arasında etimad qurulması üçün qruplar yaradılıb
Gürcüstanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında etimadın qurulması mövzusunda seminar keçirilib. Avropa İttifaqının dəstəyi ilə baş tutan müzakirələrdə azərbaycanlı və erməni alimlər, siyasi ekspertlər və analitik mərkəzlərin nümayəndələri iştirak ediblər.
İştirakçılar hazırkı Azərbaycan-Ermənistan münasibətləri, 44 günlük müharibədən sonra sülh və münaqişə məsələləri, həmçinin Cənubi Qafqazda sülh perspektivləri mövzusunda fikir mübadiləsi aparıblar. Seminarda hazırda müzakirə və təklif olunan müxtəlif sülh təşəbbüsləri müsbət qiymətləndirilib, sülh proseslərinə iştiraka hazırlıq ifadə olunub.
Müzakirələrdə etimadın möhkəmləndirilməsi üzrə bir neçə praktiki ideya müəyyən edilib və onların üzərində işlərin davam etdirilməsinə dair razılıq əldə olunub. Bunun üçün üç işçi qrupu və üç təmas qrupu yaradılıb. İşçi qruplarının diqqət mərkəzində etimadın möhkəmləndirilməsi tədbirləri və humanitar, mədəni və təhsil məsələləri, iqtisadi fəaliyyət, əlaqəlilik və müxtəliflik olacaq. Təmas qrupları isə media, gənclər, qadın və gender məsələləri ilə məşğul olacaqlar.
Seminar “LINKS Europe” tərəfindən təşkil olunub. Tədbirə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin ofisinin təmsilçiləri də qatılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Virtualaz.org xəbər vermişdi ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında müharibədən sonra ilk görüş Tbilisidə olacaq.