Bakı 3˚C Mostly cloudy

Azərbaycan və Ermənistan XİN başçıları Antalyada görüşə bilər

Siyasət 22:04 12 mar, 2022

Bu gün Azərbaycan və Ermənistan arasında gündəlikdə kifayət qədər müzakirə olunası məsələlər var

Azərbaycan və Ermənistan XİN başçıları Antalyada görüşə bilər

“Belə bir təkliflər var idi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşü keçirilsin. Azərbaycan hər zaman görüşlərə hazırdır. Lakin bu görüşlər sadəcə görüş naminə deyil, real hədəflər uğrunda olmalıdır”.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Bu gün Azərbaycan və Ermənistan arasında gündəlikdə kifayət qədər müzakirə olunası məsələlər var. Azərbaycanın da regional sülhü gücləndirmək, təhlükəsizliyi təmin etmək üçün bir sıra təklifləri var. Bu təkliflərdən biri də Azərbaycanla Ermənistanın sülh müqaviləsi ətrafında danışıqlara başlamasından ibarətdir. Amma Ermənistan tərəfi buna hələlik cavab verməyib.

Eyni zamanda kommunikasiya xətlərinin açılması da gündəlikdədir. Ermənistanın burada hansı qərarı verməsindən asılı olmayaraq biz artıq Zəngəzur dəhlizinin başqa platformada açılması prosesindəyik. Burada xüsusilə dünən Azərbaycanla İran arasında əldə olunan razılaşmanı qeyd etmək istərdim. Artıq Zəngilandakı Ağbənd kəndindən Araz çayı üzərindən iki körpü çəkməklə burada İran ərazisini tranzit yol kimi istifadə edərək Naxçıvana daxil olmaq, orada isə Türkiyə, Azərbaycan və İranı birləşdirəcək həm dəmir yolu, həm avtomobil yolu daxil olmaqla yeni bir dəhlizin əsasını qoymuş oluruq. Eyni zamanda elektrik xətlərinin də çəkilməsi nəzərdə tutulur, hətta rəqəmsal fiber-optik xətlərinin çəkilməsi gələcəkdə nəzərdən keçirilə bilər. Ona görə də biz regionda və regiondan kənarda işlərimizi görməyə davam edirik və əgər Ermənistan regiondakı proseslərdən kənarda qalmaq istəmirsə, bu kimi məsələlərə münasibət bildirməlidir. Bugünkü Antalya Diplomatiya Forumunda Azərbaycan Ermənistanla görüşə hazırdır. Ermənistan tərəfindən xoşniyyət göstərildiyi təqdirdə bu görüş baş tuta bilər”.

mənbə