Azərbaycan və Tatarıstanın sənaye zonaları əməkdaşlıq edə bilər
Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları ilə Tatarıstanda (Rusiya) yerləşən “Alabuqa” Xüsusi İqtisadi Zonası və Ximqrad Texnopolisi ilə arasında əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib.
Qazet.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Məlumata görə, qurumun İdarə Heyətinin sədri Elşad Nuriyev Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirib. 40-a yaxın şirkətin rəhbər şəxslərinin iştirak etdiyi görüşdə Tatarıstanlı iş adamları sənaye zonalarında yaradılmış imkanlardan yararlanmağa, birgə layihələr həyata keçirməyə dəvət edilib.
E.Nuriyev ölkədəki sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonaları və aqroparkların təqdimatı keçirilib.
Sonda qonaqlar Agentliyin Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə, həmçinin “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) tərkibində fəaliyyət göstərən “SOCAR-STP” MMC-nin Ağır maşınqayırma və dəqiq mexaniki emal zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.