Bakı 6˚C Mostly cloudy w/ showers

Azərbaycan XİN: "Ermənistan təxribatlardan çəkinməlidir"

Gündəm 14:25 15 okt, 2022
Azərbaycan XİN: "Ermənistan təxribatlardan çəkinməlidir"

"Ordusunun səriştəsizliyini ört-basdır etmək istəyən, ölkədaxili gündəmi eybəcər üsullarla dəyişməyə çalışan Ermənistan rəsmiləri nəhayət anlamalıdır ki, birinci növbədə öz ölkələrində sabitliyi təmin etmək üçün təxribatlardan çəkinməli, qonşu ölkələrlə normallaşma və sülh istiqamətində konkret addımlar atmalıdırlar".

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva "Ermənistan rəsmiləri tərəfindən son günlərdə guya cari ilin 12-14 sentyabr tarixlərində baş vermiş hərbi təxribat zamanı Azərbaycan Ordusunun 400 nəfərdən çox itkisinin olması ilə bağlı məlumatlar səsləndirilir. Buna münasibətinizi öyrənmək istərdik" sualını cavablandırarkən deyib.

"Bildiyiniz kimi, 12-14 sentyabr tarixli toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin itkiləri ilə bağlı rəsmi məlumat Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilib. Ermənistan silahlı qüvvələrinin genşmiqyaslı hərbi təxribatının qarşısının alınması zamanı 80 hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Müdafiə Nazirliyi, Ermənistan Müdafiə Nazirliyindən fərqli olaraq hərbi toqquşmalar zamanı həlak olan hərbi qulluqçularımız barədə məlumatı tam açıq və adbaad siyahının göstərilməsi ilə təqdim edir və bu siyahı Müdafiə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Şəhidlərimiz bizim qürur mənbəyimizdir, onların dəfn mərasimləri böyük izdihamın, ictimaiyyət nümayəndələrinin, o cümlədən dövlət rəsmilərinin iştirakı ilə keçirilir, KİV tərəfindən geniş işıqlandırılır. Bir daha vurğulamaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin hərbi qulluqçularının itkiləri ilə bağlı təqdim etdiyi məlumatlar heç bir şübhə doğura bilməz.

Görünən odur ki, Ermənistan rəsmiləri yalan məlumatlar yaymaqla, manipulyasiyalar yolu ilə cəmiyyətdə mövcud olan narazılıqlara, xüsusilə də övladlarını itirən qəzəbli valideynlərə təsir etmək istəyir. Ordusunun səriştəsizliyini ört-basdır etmək istəyən, ölkədaxili gündəmi eybəcər üsullarla dəyişməyə çalışan Ermənistan rəsmiləri nəhayət anlamalıdır ki, birinci növbədə öz ölkələrində sabitliyi təmin etmək üçün təxribatlardan çəkinməli, qonşu ölkələrlə normallaşma və sülh istiqamətində konkret addımlar atmalıdırlar. Bunun başqa yolu mövcud deyil", - o, bildirib.