Bakı 2˚C Mostly cloudy

Azərbaycanda bu il 7 növ pambıq əkilib

Cəmiyyət 14:15 19 sen, 2022
Azərbaycanda bu il 7 növ pambıq əkilib

Bu il Azərbaycanda 7 pambıq növünün əkini həyata keçirilib.

Qazet.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev Bərdədə keçirilmiş “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda yekun regional müşavirədə deyib.

O bildirib ki, 2022-ci il üzrə pambıqçılıqla bağlı işlərin həyata keçirilməsi məqsədilə nazirliyin hazırladığı və bütün istehsal prosesini əhatə edən kompleks Tədbirlər Planı realizə olunub: “Plana əsasən, nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib, icra prosesinin monitorinqi həyata keçirilib. Bu il pambıqçılıqda keyfiyyətli toxumdan istifadə məsələsi xüsusi diqqətdə saxlanıb. Təkrar səpin də daxil olmaqla, sahələrə 31 874 ton toxum səpilib, bunun 2 829 tonu lifsiz, 355 tonu lifli toxumlardır”.

Bundan başqa, tədbirdə qeyd olunub ki, bu il pambıq əkini üçün sahələrin şumlanması, səpini, becərilməsi və aqrotexniki qulluq işlərinin aparılması üçün texnika ilə təminatda çətinlik yaşanmayıb: "Bu işlərin həyata keçirilməsində pambıqçılıq şirkətlərində və “Aqroservis” ASC-də işlək vəziyyətdə 9,5 min ədədə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən 1 878 ədəd traktor, 1 320 ədəd çiyidsəpən, 1140 ədəd kultivator, 650 ədəd çiləyici, 255 ədəd gübrəsəpən və digər texnikalardan istifadə edilib. Normativə əsasən, 100 min ha pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması, məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1 050 ədəd traktor yedəyi tələb olunur. Hazırda respublikada 447 pambıqyığan kombayn və 3 085 traktor yedəyi mövcuddur. Bu isə pambığın kombaynlar vasitəsilə vaxtın və itkisiz yığımını təşkil etməyə tam imkan verir”.