Bakı 5˚C Showers

Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər

Gündəm 11:56 16 noy, 2022
Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər

Azərbaycanda dövlət büdcəsi ilə bağlı təqvim ilinin aprelin 1-də başlaması və martın 31-də başa çatması təklif edilir.

Qazet.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

"Uzun illərdir ki, büdcənin gəlir və xərclərinin icrası, xərclərin böyük hissəsinin ilin IV rübünə təsadüf etməsi, ilin sonuna layihələrin maliyyələşməsinin başa çatması zərurəti, bəzi dövlət orqanlarında, məsələn, təhsil sektorunda fəaliyyətin sentyabr ayında başlaması, ilin I rübündə iqtisadi aktivliyin aşağı olması, bunun obyektiv yoxsa subyektiv səbəblərdən qaynaqlandığı daim müzakirə mövzusudur", - o deyib.

"Bu problemlərin həlli üçün müxtəlif mexanizmlərin olduğunu qəbul etməklə yanaşı, məsələnin makro səviyyədə həlli üçün ölkəmizdə büdcə ilinin dəyişdirilməsini, yanvarın 1-də deyil, aprelin 1-də başlamasını, dekabrın 31-də deyil, martın 31-də başa çatmasını təklif edirik. Hazırda bir çox ölkələrdə - Böyük Britaniya, Sinqapur, Yaponiya və Küveytdə büdcə ili 1 apreldə başlayır, 31 martda başa çatır. Buna keçməyin mürəkkəb bir proses olduğunu anlayır, amma keçidin bir çox problemlərin həllinə də birdəfəlik rəvac verəcəyinə inanırıq. Hesab edirik ki, belə bir dəyişiklik layihələrin, tədbirlərin maliyyələşməsinə, büdcə planlaşdırmasının və parlament müzakirələrinin daha səmərəli keçməsinə imkan yarada bilər", - T.Mirkişili əlavə edib.