Bakı 31˚C Sunny

Azərbaycanda daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı artıb

Gündəm 16:20 19 dek, 2022
Azərbaycanda daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı  artıb

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti 332 343 daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatını aparıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 % çoxdur.

Qazet.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 11 aylıq göstəricinin 77 733-ü (23,4 %) ilkin, 254 610-u (76,6 %) təkrar qeydiyyatın payına düşüb.

Əmlaklardan 45 033 fərdi yaşayış və bağ evi, 84 273-ü mənzil, 192 156-sı torpaq sahəsi, 3 231-i qeyri-yaşayış binası, 6 857-si qeyri-yaşayış sahəsi, 732-si əmlak kompleksi, 60-ı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 11 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 25,8 %-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşüb.

Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 36 835 olub.

Bu ilin 11 ayı ərzində 262 647 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % artım deməkdir. 2022-ci ilin yanvar-noyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38 % artaraq 64 963 olub.